
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi media nümayəndələrinin peşə fəaliyyətinə müdaxilə və onlara qarşı zorakılıq hallarını pisləyən bəyanat yayıb.
Qurumdan verilən bəyanatda bildirilib ki, son günlər REAL TV və APA İnformasiya Agentliyinin əməkdaşları jurnalist fəaliyyətlərini həyata keçirərkən qanunsuz müdaxilə, təzyiq və zorakı davranışlarla üzləşiblər. Bu cür hadisələrin söz və mətbuat azadlığına, eləcə də media nümayəndələrinin təhlükəsizliyinə ciddi təhdid yaratdığı vurğulanıb.
İctimai Birlik qeyd edib ki, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi cəmiyyətin obyektiv və dolğun informasiya əldə etmək hüququnun təmin olunmasında mühüm rol oynayır. Media əməkdaşlarının işinə mane olmaq, onlara qarşı fiziki güc və ya psixoloji təzyiq göstərmək yolverilməzdir.
Bəyanatda müvafiq dövlət qurumlarına baş verən insidentləri dərhal və obyektiv araşdırmaq, jurnalistlərin təhlükəsizliyini təmin etmək və qanunsuz hərəkətlərə yol verən şəxsləri məsuliyyətə cəlb etmək çağırışı edilib.
Qurum həmçinin jurnalistlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəyini və bu kimi halların qarşısının alınması üçün təsirli tədbirlərin görülməsini tələb edəcəyini açıqlayıb.