
Şəki Şəhər İcra Hakimiyyəti Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının və su tənzimləyici bəndlərin bərpası, təmiri, eləcə də çay yatağının təmizlənməsi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Elşən” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 868 751,87 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, şirkət 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Şəki şəhəri, Natavan küçəsi, ev 15-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abdul-Vahabov Dursun Camam oğludur.
“Elşən” şirkəti və Dursun Abdul-Vahabov haqqında açıq mənbələrdə əlavə məlumat yoxdur. Bu baxımdan, şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğunu söyləmək mümkün deyil.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Elşən” şirkəti əsasən Şəki Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərdə qalib seçilir. Yeri gəlmişkən, Şəki Şəhər İcra Hakimiyyəti ötən il də Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının və su tənzimləyici bəndlərin bərpası, təmiri, çay yatağının təmizlənməsi və yeni sahilbərkitmə işləri ilə bağlı tender keçirib. Satınalma müqaviləsinin maliyyə dəyəri 709 880,09 manat olan həmin tenderin qalibi də “Elşən” MMC seçilib.
Maraqlıdır ki, 2025-ci ildə görülən sahilbərkitmə işlərinin ömrü bir il belə çəkməyib. Hər halda, yeni tenderin satınalma predmetində sahil divarlarının qəzalı vəziyyətdə olduğu qeyd edilib. Nəzərə alsaq ki, bu layihəni “Elşən” MMC icra edib, görülən işlərin keyfiyyəti ilə bağlı suallar yaranır. Bununla belə, şirkətin yenidən eyni satınalma predmeti üzrə qalib seçilməsi də müəyyən şübhələrə yol açır.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur. O, 2011-ci ildən şəhərə rəhbərlik edir. Elxan Usubov Şəkiyə təyin olunmazdan əvvəl Ağstafanın icra başçısı vəzifəsində çalışıb. Həmin vəzifəyə isə 2007-ci ildə təyin olunub. Beləliklə, Elxan Usubov 18 ildir icra başçısıdır.
Seyid