
“Accor” hotel qrupunun hazırladığı “2036-cı ilədək Avropanın turizm xəritəsinin dəyişməsi” (“The Changing Face of Europe's Tourism Map to 2036”) adlı hesabata əsasən, 2026–2036-cı illərdə Azərbaycanda xarici turistlərin gecələmələrinin 116 faiz artacağı gözlənilir.
Qeyd edək ki, Fransada yaradılan “Accor” dünyanın aparıcı beynəlxalq hotel qruplarından biridir. Şirkətin Fairmont, Raffles, Sofitel, Pullman, Novotel, Mercure və ibis kimi tanınmış hotel brendləri var.
Bəs Azərbaycanın turizm imkanları bu artımı təmin etməyə nə dərəcədə imkan verir? Mövcud infrastruktur qarşıdakı onillikdə gözlənilən tələbatı qarşılaya biləcəkmi?
Mövzu ilə bağlı Qaynarinfo-nun suallarını “Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi cavablandırıb.
– Samir bəy, “Accor”un hesabatında Azərbaycanda xarici turistlərin gecələmələrinin 116 faiz artacağı proqnozlaşdırılır. Sizcə, bu proqnoz hansı amillərə əsaslanır və Azərbaycanın turizm potensialı belə bir artımı təmin etməyə imkan verirmi?
– “Accor”un sifarişi ilə “Tourism Economics” tərəfindən hazırlanmış proqnoza əsasən, 2026–2036-cı illərdə Avropada xarici turistlərin gecələmələri 42 faiz, Azərbaycanda isə 116 faiz arta bilər. Bu, ölkəmizin inkişaf potensialının beynəlxalq turizm bazarında yüksək qiymətləndirildiyini göstərir.
Azərbaycanın zəngin təbiəti, tarixi-mədəni irsi, Xəzər sahilləri, milli mətbəxi, sağlamlıq və kurort-sanatoriya, dağ, kənd və ekoturizm imkanları belə artım üçün əlverişli zəmin yaradır. Xüsusilə tibbi və sağlamlıq turizmi, eləcə də ekoloji və elmi turizm kimi ixtisaslaşmış istiqamətlərin inkişafı mövsümiliyin azaldılmasına və turistlərin ölkədə qalma müddətinin uzadılmasına kömək edə bilər.
Bununla belə, potensialın mövcudluğu onun avtomatik reallaşması demək deyil. Qarşıdakı illərdə turizm bazarında rəqabət daha da güclənəcək. Ona görə də turistlərin Azərbaycana gəlməsini asanlaşdırmaq, nəqliyyat əlaqələrini genişləndirmək, xidmətlərin qiymət və keyfiyyət baxımından rəqabət qabiliyyətini yüksəltmək vacibdir.
– Regional turizmin inkişafı və xarici turistlərin ölkədə daha çox qalması üçün hansı addımlar atılmalıdır? Beynəlxalq nəqliyyat və turizm marşrutları baxımından hansı imkanlardan istifadə edə bilərik?
– Müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab etdiyim məsələlərdən biri xarici turistlər üçün xüsusi təşkil olunmuş sərhəd turizm dəhlizlərinin yaradılması imkanının araşdırılmasıdır. Belə bir mexanizm təhlükəsizlik, miqrasiya və sərhəd nəzarəti tələbləri qorunmaqla, ilkin mərhələdə Rusiya və Gürcüstan istiqamətində əvvəlcədən qeydiyyatdan keçmiş turist qrupları və akkreditə olunmuş turoperatorlar üçün pilot qaydada nəzərdən keçirilə bilər.
Eyni zamanda Xəzər dənizi vasitəsilə Qazaxıstanla sərnişin əlaqələrinin bərpası, gələcəkdə isə digər Xəzəryanı ölkələrlə turizm marşrutlarının inkişafı üçün imkanların qiymətləndirilməsi əhəmiyyətlidir. Bu təşəbbüslər müvafiq dövlət qurumlarının razılığı, beynəlxalq nəqliyyat və sərhəd prosedurlarının uyğunlaşdırılması, həmçinin kommersiya baxımından əsaslandırılmış tələbat olduqda həyata keçirilə bilər.
Azərbaycanın coğrafi mövqeyi ölkəmizə təkcə ayrıca turizm istiqaməti kimi deyil, həm də Qafqaz və Xəzər hövzəsini birləşdirən regional səyahət marşrutlarının mühüm hissəsi kimi inkişaf etmək imkanı verir.
Digər mühüm istiqamət Qafqaz ölkələrini əhatə edən birgə turizm marşrutlarında Azərbaycanın payının artırılmasıdır. Çoxölkəli səyahət proqramlarında məqsəd turistin Azərbaycana sadəcə qısa müddətlik gəlməsi deyil, ölkəmizdə daha çox gecələməsi və daha çox turizm xidmətindən istifadə etməsi olmalıdır. Bunun üçün Bakı ilə yanaşı, Şəki, Qəbələ, Qusar, Quba, Lənkəran, Naftalan və digər destinasiya imkanlarını birləşdirən rəqabətqabiliyyətli marşrutlar hazırlanmalıdır. Qonşu ölkələrin turoperatorları ilə əməkdaşlıq, nəqliyyat bağlantıları və ortaq marketinq bu istiqamətdə mühüm rol oynaya bilər.

– Samir bəy, hotel infrastrukturu və regional turizm imkanlarının inkişafı üçün hansı dəyişikliklərə ehtiyac var? Mövcud hotellərdən istifadənin səmərəliliyini artırmaq və Xəzər hövzəsində dayanıqlı turizmi inkişaf etdirmək üçün hansı təklifləriniz var?
– İlk növbədə mövcud turizm infrastrukturundan istifadənin səmərəliliyini artırmaq lazımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında hotel və hotel tipli obyektlərin birdəfəlik yerləşdirmə tutumundan istifadə səviyyəsi ölkə üzrə 23 faiz, Bakıda isə 33,2 faiz təşkil edib. Xarici qonaqların hotel gecələmələrinin 81,4 faizi paytaxtın payına düşüb.
Bu göstəricilər regional turizmin inkişafı üçün hələ geniş imkanların olduğunu göstərir. Lakin regionların vəziyyətini yalnız yerləşdirmə tutumundan istifadə faizi ilə müqayisə etmək düzgün deyil. Çünki hər bir şəhər və rayonda hotellərin sayı, otaq fondu, yerləşdirmə tutumu və mövsümi fəaliyyət müddəti fərqlidir.
Məsələn, 2025-ci ildə birdəfəlik yerləşdirmə tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz, Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda isə 36,9 faiz olub. Bu rəqəmlər həmin ərazilərdə eyni həcmdə turizm fəaliyyəti həyata keçirildiyini göstərmir. Ona görə də yeni hotel investisiyaları barədə qərarlar real otaq və yer fondu, turist gecələmələri, mövsümilik və iqtisadi səmərəlilik əsasında qəbul edilməlidir.
Yalnız yeni hotellərin tikintisinə deyil, mövcud obyektlərin modernləşdirilməsinə, kiçik və orta yerləşmə müəssisələrinin inkişafına, regionlarda nəqliyyat və kommunal infrastrukturun yaxşılaşdırılmasına da diqqət yetirilməlidir.
Xəzər sahillərində turizmin inkişafına isə ayrıca regional yanaşma lazımdır. Hesab edirəm ki, Xəzəryanı ölkələrlə birlikdə dayanıqlı turizm inkişafı üzrə vahid regional standart və ya könüllü sertifikatlaşdırma çərçivəsinin hazırlanması təşəbbüsü irəli sürülə bilər. Bu çərçivə sahilyanı ekosistemlərin qorunmasını, su və enerji resurslarından səmərəli istifadəni, tullantıların idarə edilməsini, sahillərin təmizliyini, turizm obyektlərinin ekoloji məsuliyyətini və yerli icmaların iqtisadi iştirakını əhatə edə bilər.
Belə yanaşma Xəzər hövzəsində turizmin yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan məsuliyyətli inkişafına xidmət edər. Standartın hazırlanması zamanı mövcud beynəlxalq dayanıqlı turizm meyarlarından və Xəzərin ətraf mühitinin mühafizəsi üzrə qüvvədə olan regional öhdəliklərdən istifadə olunmalıdır.
– Turizm sektorunda idarəetmə, xidmət keyfiyyəti və kadr hazırlığı baxımından hansı problemlər həll edilməlidir? Hotel sektorunun səmərəliliyini qiymətləndirmək üçün hansı göstəricilərə diqqət yetirilməlidir?
– Bütün bu təşəbbüslərin uğuru insan kapitalından asılıdır. Peşə təhsili müəssisələri ilə turizm biznesi arasında əməkdaşlıq gücləndirilməli, praktiki və dual təlim imkanları genişləndirilməli, xarici dil, rəqəmsal bacarıqlar və beynəlxalq xidmət standartları üzrə hazırlıq daha sistemli xarakter almalıdır.
Turizmin inkişafını yalnız ölkəyə gələn turistlərin və gecələmələrin sayının artması ilə ölçmək kifayət deyil. Mövcud infrastrukturun nə dərəcədə səmərəli istifadə olunması da əsas göstəricilərdən biridir. Bunun üçün beynəlxalq hotel praktikasında tətbiq edilən otaqların doluluq səviyyəsi (OCC), qonaqların orta qalma müddəti (ALOS) və hər mövcud otağa düşən yerləşdirmə gəliri (RevPAR) kimi göstəricilərin regionlar üzrə sistemli təhlili vacibdir.
Bu yanaşma hansı ərazilərdə yeni hotellərə ehtiyac olduğunu, harada mövcud obyektlərin modernləşdirilməsinin, harada isə turist tələbinin artırılmasının daha məqsədəuyğun olduğunu müəyyənləşdirməyə imkan verər.
Bu məqsədlə ölkənin bütün şəhər və rayonları üzrə hotel və hotel tipli obyektlərin fəaliyyətini əks etdirən məlumatların mövcud dövlət monitorinq mexanizmləri ilə əlaqələndirilərək daha ətraflı təhlil olunmasını məqsədəuyğun hesab edirəm. Yerləşdirmə tutumu, otaq fondu, gecələmələr, orta qalma müddəti, mövsümilik və gəlirlilik göstəricilərinin sistemli təhlili həm investisiya qərarlarının əsaslandırılmasına, həm də Dövlət Proqramının nəticələrinin qiymətləndirilməsinə kömək edə bilər.
– Samir bəy, ümumilikdə, 116 faizlik artım proqnozunu necə qiymətləndirirsiniz? Dövlətin turizm siyasəti və qarşıdakı illərdə həyata keçiriləcək tədbirlər bu hədəfə çatmaq üçün hansı imkanları yaradır?
– Proqnozu müsbət, lakin kifayət qədər iddialı qiymətləndirirəm. On il ərzində 116 faizlik artım xarici turistlərin gecələmələrinin 2,16 dəfə çoxalması, başqa sözlə, hər il orta hesabla təxminən 8 faiz artması deməkdir.
Mövcud statistika daha ehtiyatlı yanaşma tələb edir. Belə ki, 2026-cı ilin ilk doqquz ayında hotellərdə xarici qonaqların gecələmələri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalıb. Bu, uzunmüddətli artım imkanlarını istisna etməsə də, proqnozun reallaşması üçün ardıcıl və sistemli tədbirlərə ehtiyac olduğunu göstərir.
Dövlətin turizmə strateji yanaşmasının isə kifayət qədər uzun tarixi var. Hələ 2002-ci ildə Heydər Əliyevin müvafiq Sərəncamı ilə 2002–2005-ci illər üçün turizmin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuşdu. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamında turizm qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi göstərilmiş, həmin il dekabrın 6-da isə ixtisaslaşmış turizm sənayesinin inkişafına dair ayrıca Strateji Yol Xəritəsi təsdiq edilmişdi.
Bu ardıcıllığın növbəti mühüm mərhələsi Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”dır. Yeni proqram turizm məhsullarının rəqabət qabiliyyətinin artırılması, idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafı, brendinq və marketinq sahələrində mühüm vəzifələr müəyyən edir.
Düşünürəm ki, artıq Azərbaycan turizminin inkişafında növbəti keyfiyyət mərhələsinə keçməyin vaxtıdır. İndi əsas məsələ yalnız infrastruktur yaratmaq deyil, yaradılmış imkanlardan daha səmərəli istifadə etmək, turizmin iqtisadi nəticələrini yüksəltmək, turistlərin qalma müddətini artırmaq və ölkəmizin regional turizm bazarındakı mövqeyini gücləndirməkdir.
Burada Azərbaycanın beynəlxalq turizm brendi olan “Take another look” – “Azərbaycana yenidən bax” çağırışına da daha geniş məna vermək olar. Bu mesaj yalnız xarici turistlərə deyil, turizm sahəsində çalışan dövlət qurumlarına, sahibkarlara, investorlara, turoperatorlara, hotel rəhbərlərinə və peşəkar birliklərə də ünvanlana bilər.
Başqa sözlə, biz öz turizm imkanlarımıza da yenidən baxmalıyıq: mövcud resurslarımızdan nə dərəcədə səmərəli istifadə etdiyimizi, hansı imkanları hələ reallaşdırmadığımızı, hansı yanaşmaları dəyişməli olduğumuzu və turistə daha keyfiyyətli təcrübəni necə təqdim edə biləcəyimizi yenidən qiymətləndirməliyik.
Nəticə etibarilə, “Accor”un proqnozu Azərbaycanın turizm potensialına beynəlxalq səviyyədə verilən müsbət qiymətdir və gələcəyə nikbin baxmağa əsas verir. Prezident İlham Əliyevin turizmin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti və yeni Dövlət Proqramı növbəti inkişaf mərhələsi üçün mühüm zəmin yaradır.
İnanıram ki, dövlət qurumlarının, özəl sektorun və peşəkar birliklərin birgə səyləri ilə qarşıya qoyulan məqsədlərə nail olmaq, Azərbaycanın turizm imkanlarından daha dolğun istifadə etmək və ölkəmizi beynəlxalq turizm bazarında daha güclü, dayanıqlı və rəqabətqabiliyyətli istiqamətə çevirmək mümkündür.
Günay İlqarqızı