
Bolqarıstanın müvəqqəti prezidenti İliyana Yotova prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,68 faizi hesablandıqdan sonra 57,58 faiz səslə qələbə qazanıb.
Qaynarinfo jurnalist və Avropa Parlamentinin deputatı olan İliyana Yotovanın Bolqarıstanın ilk qadın prezidenti vəzifəsinə qədər keçdiyi siyasi yol barədə məlumatı təqdim edir.

İliyana Yotova kimdir?
İliyana Malinova Yotova 1964-cü il oktyabrın 24-də Sofiyada anadan olub. Sofiya Universitetində bolqar filologiyası ixtisası üzrə ali təhsil alıb.
1990-1997-ci illərdə Bolqarıstan Milli Televiziyasında çalışıb. Karyerasına müxbir kimi başlayan Yotova sonradan “Xəbərlər və cari hadisələr” şöbəsinin direktoru vəzifəsinə qədər yüksəlib.
1997-2007-ci illərdə Bolqarıstan Sosialist Partiyasının Ali Şurasının mətbuat mərkəzinə rəhbərlik edib. 2000-ci ildən partiyanın rəhbərliyində təmsil olunub, 2006-2012-ci illərdə isə onun Sofiya bölməsinin sədr müavini vəzifəsini tutub.

Parlament və Avropa Parlamentində fəaliyyəti
2005-2007-ci illərdə Bolqarıstan parlamentinin (Xalq Məclisinin) deputatı olub.
Bolqarıstanın Frankofoniya Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edib, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) parlament nümayəndə heyətinin sədr müavini vəzifəsini tutub.
2007-2017-ci illərdə Avropa Parlamentinin deputatı olub. Sosialistləri təmsil edən Yotova daxili bazar və istehlakçı hüquqlarının müdafiəsi, balıqçılıq və petisiyalar üzrə komitələrdə çalışıb.
2013-cü ildə Mütəşəkkil Cinayətkarlıq, Korrupsiya və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə xüsusi komitənin sədr müavini olub. 2014-cü ildən isə Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsinin sədr müavini vəzifəsini icra edib.

Bolqarıstanın vitse-prezidenti və prezidenti
2016-cı ilin noyabrında İliyana Yotova Rumen Radevlə birlikdə keçirilən seçkilərdə Bolqarıstanın vitse-prezidenti seçilib.
2021-ci ilin noyabrında onlar ikinci beşillik müddətə yenidən bu vəzifələrə seçiliblər.
2026-cı il yanvarın 23-də Konstitusiya Məhkəməsinin istefa verdiyini açıqlayan Rumen Radevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verməsindən sonra İliyana Yotova ölkəyə rəhbərlik etməyə başlayıb.
Beləliklə, o, Bolqarıstan tarixində prezident postunu tutan ilk qadın olub.
Ukrayna məsələsində mövqeyi
Seçki kampaniyası zamanı İliyana Yotova Ukraynaya silah tədarükünün dayandırılması, Moskva ilə dialoqun davam etdirilməsi və münaqişənin diplomatik yollarla həll olunması tərəfdarı kimi çıxış edib.
Oktyabrın 25-də keçirilən birinci turda Yotova 34,76 faiz səs toplayıb. İkinci yeri tutan Andrey Gürov isə seçicilərin 31,94 faizinin dəstəyini qazanıb.
İkinci turda səslərin 99,68 faizinin hesablanmasından sonra 57,58 faiz nəticə ilə qalib gələn Yotova Bolqarıstanın ilk qadın prezidenti kimi siyasi tarixə düşüb.
Aydın