
Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı İliyana Yotova qalib gəlib. O, yekun nəticələr təsdiqlənəcəyi təqdirdə ümumxalq səsverməsi ilə prezident seçilən ölkənin ilk qadın lideri olacaq. Yotova Ukraynaya əlavə hərbi yardımın göstərilməsinə qarşı çıxır və Rusiya ilə münasibətlərin normallaşdırılmasını müdafiə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Bülletenlərin 98,43 faizinin hesablanmasından sonra Yotova 57,64 faiz səs toplayıb. Onun rəqibi, keçmiş müvəqqəti baş nazir Andrey Gürov isə 39,40 faiz səs əldə edib. Seçicilərin 2,96 faizi namizədlərdən heç birini dəstəkləməyib. Seçkinin yekun nəticələri hələ açıqlanmayıb.
Gürov məğlubiyyətini etiraf edərək rəqibini qələbə münasibətilə təbrik edib. O, seçkilərin nəticələrini qəbul etdiklərini bildirib və prezidentlik kampaniyasının başa çatmasının müxalifətin ölkədə baş verənlərə görə məsuliyyətini aradan qaldırmadığını vurğulayıb.
Yotova isə seçicilərə və onun namizədliyini dəstəkləyən Bolqarıstanın Baş naziri Rumen Radevə təşəkkür edib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də onu təbrik edənlər arasında olub.

Yotova prezident postuna necə gəlib?
İliyana Yotova 2017-ci ildən Rumen Radevin vitse-prezidenti olub. Radev 2026-cı ilin yanvarında prezidentlik səlahiyyətlərini vaxtından əvvəl dayandıraraq partiya siyasətinə qoşulub. Konstitusiyaya uyğun olaraq dövlət başçısının vəzifəsini Yotova icra etməyə başlayıb və bununla da Bolqarıstan tarixində ilk qadın prezident olub.
O, bundan əvvəl jurnalist kimi çalışıb, Bolqarıstan Sosialist Partiyasında siyasi fəaliyyətlə məşğul olub və Avropa Parlamentində ölkəsini təmsil edib.
Apreldə keçirilən növbədənkənar parlament seçkilərində Radevin yaratdığı “Proqressiv Bolqarıstan” hərəkatı parlamentdə mütləq çoxluq əldə edib. May ayında isə keçmiş prezident hökumətə rəhbərlik etməyə başlayıb. Yotova prezident seçkilərində həmin siyasi qüvvənin, sosialistlərin və bir sıra digər birliklərin dəstəyini qazanıb.
Rusiya və Ukrayna ilə bağlı mövqelər fərqlənirdi
Seçki kampaniyasının əsas mübahisə mövzularından biri Rusiya ilə münasibətlər və Ukraynadakı müharibə olub.
Yotova Moskva və Kiyevin iştirakı ilə münaqişənin diplomatik yolla həllini dəstəkləyir. O, Ukraynaya hərbi tədarükün genişləndirilməsinin döyüşlərin başa çatmasına kömək etmədiyini düşünür. Bununla yanaşı, Bolqarıstanın Avropa istiqamətini qorumasının və Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasının tərəfdarıdır.
Andrey Gürov isə Ukraynaya dəstəyin davam etdirilməsini, NATO və Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsini müdafiə edib. Baş nazir olduğu dövrdə Kiyevlə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Qara dənizdə ticarət gəmilərinə dəniz dronları ilə hücumlar da namizədlərin mövqeləri arasındakı fərqi üzə çıxarıb. Yotova Rusiya və Ukraynanın da daxil olduğu altı Qara dəniz ölkəsi arasında danışıqların keçirilməsini təklif edib. Gürov isə diplomatik təşəbbüslərin müdafiə strategiyasını əvəz edə bilməyəcəyini bildirərək NATO mexanizmlərindən daha fəal istifadəni vacib sayıb.
Yotovanın qələbəsi Baş nazir Rumen Radevin siyasi müttəfiqlərinin hakimiyyətdəki mövqelərini möhkəmləndirir. Müxalifət seçki kampaniyası zamanı prezidentlik və parlament çoxluğunun eyni siyasi düşərgənin nəzarətində cəmləşməsinin riskləri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Bolqarıstan parlament respublikasıdır və prezidentin səlahiyyətləri məhduddur. Daxili və xarici siyasətlə bağlı əsas qərarları hökumət qəbul edir.
Aydın