
Ceffri Epşteynlə əlaqələri səbəbindən Britaniya kral ailəsinin gündəmindən düşməyən keçmiş şahzadə Endryu barəsində daha bir araşdırmaya başlanılıb. Bu dəfə diqqət mərkəzində onun 1999-cu ildə Epşteyn və Ghislaine Maxwelli Şotlandiyadakı Balmoral qəsrində qəbul etməsi ilə bağlı iddialar dayanır.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Şotlandiya polisi Kral III Çarlzın qardaşı olan keçmiş şahzadə haqqında səsləndirilən iddiaları araşdırdığını təsdiqləyib. Məlumata görə, Endryu həmin vaxt York hersoqu və şahzadə titulunu daşıyarkən Epşteyn və Maksveli Balmoral qəsrində qonaq edib. Həmin şəxslərin Epşteynin cinsi istismar şəbəkəsinin qurbanı olan bəzi qadınları da qəsrə gətirdiyi iddia olunur.
Polis araşdırmanın ilkin mərhələdə olduğunu, mövcud sübutlar əsasında aparıldığını və zərərçəkmişlərin prosesin mərkəzində dayandığını bildirib.

Endryu barəsində digər araşdırmalar da davam edir
Keçmiş şahzadə ilə bağlı İngiltərədə üç müxtəlif polis qurumunun apardığı araşdırmalar da davam edir. O, Epşteynlə əlaqələrinə görə 2025-ci ilin oktyabrında şahzadə titulu da daxil olmaqla bütün kral titullarından məhrum edilib. Həmçinin hərbi rütbələrini və Vindzor qəsrindəki yaşayış yerini itirib. Daha sonra Kral III Çarlzın şəxsi mülkü olan Sandrinqem sarayının ərazisindəki evə köçüb.
Endryunun adı başqa iddialarda da hallanıb. Belə ki, Britaniyanın ticarət elçisi olduğu 2010-cu ildə Epşteynlə məxfi kommersiya sənədlərini paylaşdığı irəli sürülüb. O, fevralın 19-da isə vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə evində saxlanılıb.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə də Endryu ilə Epşteyn arasındakı yaxın münasibətlərə dair məlumatlar yer alıb. Epşteynin qurbanlarından Virciniya Cuffre isə 17 yaşında olarkən keçmiş şahzadə ilə cinsi əlaqəyə məcbur edildiyini iddia etmişdi.
Beləliklə, Epşteyn işi ilə bağlı araşdırmalar Britaniyadan Şotlandiyadakı Balmoral qəsrinə qədər genişlənib.
Aydın