
Nadir xəstəliklə mübarizə aparan dünya şöhrətli müğənni Selin Dion səhnəyə möhtəşəm qayıdışı ilə diqqət çəkib. Parisdə keçirdiyi konsertlərdən 125 milyon dollar gəlir əldə edən sənətçi həm musiqi karyerasını bərpa edib, həm də böyük kommersiya uğuruna imza atıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.
58 yaşlı müğənni 2022-ci ildə nadir rast gəlinən “Sərt insan sindromu” (Stiff Person Syndrome) xəstəliyinə tutulduğunu açıqlamışdı. Səhhətindəki problemlər səbəbindən 2023-cü ildə planlaşdırılan dünya turnesini ləğv etməyə məcbur olmuşdu.

Uzun müddət müalicə alan Dion 2024-cü ildə Paris Olimpiadasının açılış mərasimində Eyfel qülləsi qarşısında çıxış edərək səhnəyə qayıdıb. Bundan sonra o, ötən ay Parisdə tammiqyaslı konsert proqramına başlayıb. Sentyabrın 12-dən oktyabrın 17-dək Plenitude Arenada ümumilikdə 16 konsert verib.
“Billboard”un məlumatına görə, bu çıxışlar üçün ümumilikdə 539 min bilet satılıb. Konsertlərə ilkin olaraq 10 çıxış nəzərdə tutulsa da, yüksək tələbat səbəbindən proqrama əlavə altı konsert də daxil edilib. Sonuncu çıxışlardan birini isə 30 mindən çox tamaşaçı izləyib.

Dion konsertlərdə “My Heart Will Go On”, “The Power of Love” və digər məşhur mahnılarını ifa edib. O, pərəstişkarlarına gələn ilin may ayında yenidən Parisdə görüşəcəklərini də bildirib. Müğənninin növbəti mərhələdə daha 10 konsert verməsi planlaşdırılır.

Qeyd edək ki, sənətçi xəstəliyindən bəhs edən “I Am: Celine Dion” sənədli filmində yaşadığı çətinlikləri açıqlayıb. O, xəstəlik zamanı şiddətli fiziki ağrılar keçirdiyini və bədəninin hərəkətsizləşərək sərtləşdiyini bildirib. Dion bütün çətinliklərə baxmayaraq, yenidən oxumaq üçün uzun müddət müalicə və məşqlərini davam etdirib.
Aydın