
Antarktida ətrafında dəniz buzlarının sahəsinin sürətlə azalması Cənub okeanında ciddi dəyişikliklərə səbəb olur. Alimlərin fikrincə, bu proses min illərdir okeanlar arasında istilik, karbon, oksigen və qida maddələrini daşıyan mühüm su kütləsinin fəaliyyətini zəiflədə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Gizmodo” nəşri “Nature” jurnalında dərc olunan yeni elmi araşdırmaya istinadən yazıb.
Tədqiqatda Antarktida aralıq suyu (AAIW) adlanan su kütləsində baş verən dəyişikliklər araşdırılıb. Antarktida ətrafında, təxminən 700-1200 metr dərinlikdə yerləşən bu soyuq və oksigenlə zəngin su kütləsi okeanın üst və dərin qatları arasında mühüm tarazlıq yaradır. O, Hind, Sakit və Atlantik okeanlarına doğru hərəkət edərək istilik, karbon, oksigen və qida maddələrinin tropik bölgələrə daşınmasında iştirak edir.
Araşdırmaya görə, son illərdə bu su kütləsi getdikcə daha duzlu, sıx və dərin hala gəlir. Bunun əsas səbəblərindən biri Antarktida ətrafında dəniz buzlarının azalmasıdır. Əvvəllər yay aylarında buzların əriməsi nəticəsində okeana böyük miqdarda şirin su qarışır, bu da suyun duzluluğunu aşağı salaraq onun mövcud xüsusiyyətlərini qoruyurdu. Lakin 2016-cı ildən etibarən Antarktida dəniz buzlarının sahəsində kəskin azalma müşahidə olunur.
Məlumata görə, AAIW-nin duzluluğu hər onillikdə hər kiloqram suya təxminən 0,005 qram artır. İlk baxışdan cüzi görünən bu dəyişiklik zamanla su kütləsinin sıxlığına, dərinliyinə və okeandakı hərəkətinə ciddi təsir göstərə bilər.
Alimlər bildirirlər ki, oxşar dəyişikliklər sonuncu dəfə təxminən 130 min il əvvəl, son buzlaqlararası dövrün sonunda baş verib. Lakin həmin vaxt bu proses minilliklər ərzində inkişaf etdiyi halda, hazırkı dəyişikliklər cəmi iki onillikdə qeydə alınıb.
Mütəxəssislərin fikrincə, prosesin nəticələri Antarktida ilə məhdudlaşmayacaq. Okeanın istiliyi və karbonu udmaq, eləcə də müxtəlif bölgələr arasında bölüşdürmək qabiliyyətinin dəyişməsi qlobal iqlimə təsir edə bilər. Bu, dəniz səviyyəsinin yüksəlməsi, okean sularının isinməsi, atmosfer dövranı, fırtınaların istiqaməti və yağıntıların paylanmasında dəyişikliklərə yol aça bilər.
Tədqiqatçılar həmçinin xəbərdarlıq edirlər ki, okeanda istiliyin toplanması və yenidən bölüşdürülməsindəki dəyişikliklər buzların əriməsini daha da sürətləndirə bilər.
Aydın