Xəbər lenti

ABŞ ordusu üçün "uçan xalça" hazırlandı (FOTO)
Texnologiya18:20 31.10.2026

ABŞ ordusu üçün "uçan xalça" hazırlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da hərbi texnikanı və piyadaları pilotsuz uçuş aparatları ilə peyk kəşfiyyatından gizlətmək üçün qeyri-adi kamuflyaj sistemi hazırlanıb. “Air Cover” adlanan qurğu havada saxlanılan xüsusi örtük vasitəsilə hərbi obyektlərin görünməsini çətinləşdirməyi hədəfləyir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Defence Express” nəşri məlumat yayıb.

Amerikanın “Vigil Autonomy” şirkətinin təqdim etdiyi sistem zahirən uçan xalçanı xatırladır. Qurğu dörd küncündə yerləşdirilmiş dronların köməyi ilə kamuflyaj örtüyünü gizlədilən obyektin üzərində havada saxlayır.

“Air Cover”in əsas məqsədi texnikanı və hərbçiləri yalnız adi optik müşahidədən deyil, həm də infraqırmızı və radar aşkarlamasından qorumaqdır. Sistem termal kameraların, eləcə də sintetik aperturlu radarların (SAR) müşahidəsinə qarşı maskalanma imkanı təqdim etməlidir.

Adi kamuflyaj vasitələrindən fərqli olaraq, bu örtük təkcə sabit obyektləri deyil, hərəkətdə olan hərbi texnikanı da gizlətmək üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, sistem iki saatadək işləyə bilər. Onu bir neçə dayağa bərkitməklə stasionar formada da istifadə etmək mümkündür. Bununla belə, qurğunun digər texniki göstəriciləri açıqlanmayıb və layihənin hələ ilkin inkişaf mərhələsində olduğu ehtimal edilir.

“Defence Express” analitikləri isə texnologiyanın döyüş meydanında nə dərəcədə səmərəli olacağına şübhə ilə yanaşırlar. Əsas çatışmazlıq örtüyün obyekti yalnız yuxarıdan qorumasıdır. Buna görə də yan tərəfdən müşahidə aparan termal kameralar hərbi texnikanı yenə aşkar edə bilər.

Nəşr SAR radarlarından qorunmağın praktik əhəmiyyətini də sual altına alır. Çünki bu tip radarlar əsasən ərazilərin xəritələşdirilməsi üçün istifadə olunur və hərbi bölmələrin hərəkətini izləməkdə əsas vasitə hesab edilmir.

Sistemin iki saatlıq avtonom işləmə müddəti də müzakirə mövzusudur. Batareyalar boşaldıqdan sonra qurğunu hərbi texnika ilə daşımaq və ya piyadaların üzərinə götürməsi lazım gələcək. Bu isə əsgərlər üçün əlavə yük yarada bilər.

Analitiklərin fikrincə, texnikanın birbaşa xüsusi kamuflyaj materialı ilə örtülməsi və ya hərbçilər üçün oxşar maskalanma geyimlərindən istifadə daha praktik həll ola bilər.

Bununla belə, “Air Cover” müəyyən xüsusi əməliyyatlarda hava kəşfiyyatından qorunmaq üçün əlavə vasitə kimi tətbiq edilə bilər. Onun real döyüş şəraitində effektivliyi isə hələ sınaqdan keçirilməlidir.

Aydın