Xəbər lenti

Turizm şirkəti rəhbərinin qardaşı qəza törətdi - 6 min manat cərimələndi
Ölkə11:43 31.10.2026

Turizm şirkəti rəhbərinin qardaşı qəza törətdi - 6 min manat cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda fəaliyyət göstərən “Kaul Travel & Turizm” şirkətinin rəhbərinin qardaşı İsmayıllıda yol-nəqliyyat hadisəsi törədərək piyadanı vurub.

Qaynarinfo-nun məlumatına görə, 1999-cu il təvəllüdlü Pakistan vətəndaşı Muhammad Bashir Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, Muhammad Bashir 2025-ci ildə Azərbaycana gəlib və müvəqqəti yaşamaq icazəsi alıb. Lakin xarici ölkədə verilmiş sürücülük vəsiqəsini qanunla müəyyən edilmiş müddətdə Azərbaycan sürücülük vəsiqəsinə dəyişməyib.

Hadisə 2026-cı ildə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində baş verib. Muhammad Bashir “Mercedes-Benz Vito” markalı avtomobillə Qəbələ istiqamətində hərəkət edərkən buzlu yolda sürət həddini aşıb və idarəetməni itirib. Nəticədə yol kənarında dayanan piyadanı vurub. Piyada aldığı xəsarətlərə görə məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, az ağır dərəcəli bədən xəsarətləri alıb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. O, ifadəsində qarşısında hərəkət edən “Chevrolet Malibu” markalı avtomobilin qəfil dönməsi səbəbindən əyləci basdığını, lakin buzlu yolda avtomobili saxlaya bilmədiyini bildirib.

Məhkəmə iclasında məlum olub ki, Muhammad Bashirin qardaşı Waqas Bashir uzun müddətdir Azərbaycanda yaşayır və “Kaul Travel & Turizm” şirkətinin rəhbəridir. Təqsirləndirilən şəxs hadisə zamanı dörd xarici vətəndaşı Qəbələyə apardığını da bildirib.

Zərərçəkmiş şəxslə barışıq əldə olunub və ona dəymiş ziyan tam ödənilib. Zərərçəkmişin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmayıb.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Muhammad Bashir sürücülük hüququndan 1 il 6 ay müddətinə məhrum edilib və 6 min manat cərimələnib.

Qeyd edək ki, “Kaul Travel & Turizm” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Waqas Bashirdir. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı küçəsi, ev 18, mənzil 35-dir.

Aydın