Xəbər lenti

"Bugatti" rəhbərinin 3 milyon avroluq avtomobili oğurlandı - "Porsche" ilə arxasınca düşdü
Dünya00:30 31.10.2026

"Bugatti" rəhbərinin 3 milyon avroluq avtomobili oğurlandı - "Porsche" ilə arxasınca düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyaca məşhur "Bugatti" markasının rəhbəri Mate Rimac qeyri-adi hadisə ilə üzləşib. Təxminən 3 milyon avro dəyərində olan “Bugatti Chiron Sport” avtomobili oğurlanan CEO avtomobilin izinə öz “Porsche 911”i ilə düşüb. Təqib Xorvatiyadan başlayaraq Sloveniyadan keçib və Avstriyaya qədər uzanıb.

Qaynarinfo xəbər verir ki, hadisə Xorvatiyanın Zaqreb şəhəri yaxınlığında yerləşən Rimac şirkətinin istehsalat kompleksində baş verib.

Məlumata görə, işə düzəlmək üçün müəssisəyə gələn bir şəxs avtomobillərdən birinin açarının salonda olduğunu görərək “Bugatti Chiron Sport”u götürüb və Almaniya istiqamətində hərəkət etməyə başlayıb. Mate Rimac sosial şəbəkədə paylaşdığı videoda oğurluq faktını təsdiqləyərək avtomobilinin həqiqətən aparıldığını bildirib.

Hadisənin diqqətçəkən tərəfi isə CEO-nun avtomobillərinin açarlarını uzun müddət salonlarda saxlaması olub. O, Xorvatiyada təhlükəsizliyə güvəndiyi üçün bu vərdişindən imtina etmədiyini, hətta “Rimac Nevera” da daxil olmaqla bir neçə avtomobilinin açarlarını maşınların içərisində qoyduğunu deyib. Şirkət əməkdaşlarının da həmin avtomobillərdən istifadə etməsi səbəbindən “Bugatti”nin yoxa çıxması ilk anda hiss edilməyib.

Oğurluq faktı naməlum sürücünün avtomobili idarə etdiyini görən şəxsin məlumat verməsindən sonra üzə çıxıb. Şirkət əməkdaşları dərhal polisə müraciət edib, avtomobilin telemetriya sistemi vasitəsilə onun sürətini, yanacaq səviyyəsini və yerini izləməyə başlayıblar. Məlumatlar avtomobilin Sloveniya istiqamətində hərəkət etdiyini göstərib.

Rimac yanacağı tam doldurulmuş “Porsche 911”lə təqibə qoşulub. Lakin oğru təxminən bir saatlıq üstünlüyə malik olduğundan Sloveniyadan keçərək Avstriyaya daxil ola bilib. Yolboyu yanacaqdoldurma məntəqəsində dayanmasına baxmayaraq, şübhəli şəxsin yanacağın pulunu ödəmədən yola davam etdiyi bildirilir.

Nəticədə Avstriya polisi ilə şirkət əməkdaşlarının koordinasiyalı fəaliyyəti sayəsində avtomobilin yeri müəyyənləşdirilib və şübhəli saxlanılıb. Onun Xorvatiya vətəndaşı olduğu, Almaniyaya getmək istədiyini söylədiyi qeyd olunur.

Mate Rimac avtomobilin hadisə zamanı müəyyən qədər zədələndiyini, lakin bunun ciddi problem olmadığını bildirib. O, əsas məqsədin heç kimin, o cümlədən avtomobili oğurlayan şəxsin xəsarət almaması olduğunu vurğulayıb. CEO bundan sonra zavod ərazisindəki avtomobillərin açarlarının salonda saxlanılmayacağını da zarafatla qeyd edib.

Qeyd edək ki, “Bugatti Chiron Sport” 8 litrlik, dörd turbokompressorlu W16 mühərriklə təchiz olunub. Avtomobil 1600 Nm fırlanma anı və 1103 kVt güc hasil edir. O, yerindən 100 km/saat sürətə cəmi 2,4 saniyəyə çatır, maksimal sürəti isə elektron məhdudlaşdırıcı ilə 420 km/saatdır.

Aydın