Xəbər lenti

Aİ ölkələri arasında standart fərqləri sursat istehsalını ləngidir
Dünya21:53 30.10.2026

Aİ ölkələri arasında standart fərqləri sursat istehsalını ləngidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İttifaqı ölkələrində sursat istehsal edən zavodlar müxtəlif dövlətlərin tətbiq etdiyi standartlar səbəbindən tam gücü ilə işləyə bilmir. Bu barədə Bolqarıstanın “Arsenal” silah şirkətinin baş direktoru Hristo İbuçev Brüsseldə keçirilən müdafiə və təhlükəsizlik konfransı çərçivəsində “Rapporteur” nəşrinə müsahibəsində danışıb.

Qaynarinfo xəbər verir ki, İbuçev 2022-ci ildən, Ukraynada müharibənin başlamasından sonra sursata tələbatın xeyli artdığını bildirib. Onun sözlərinə görə, şirkətlər daha çox sifariş yerinə yetirmək imkanına malik olsalar da, mövcud texniki və sertifikatlaşdırma tələbləri istehsalın genişləndirilməsini çətinləşdirir.

İş adamı Avropa Müdafiə Agentliyinin oktyabr hesabatına da diqqət çəkib. Həmin sənəddə Avropa İttifaqında sursat istehsalının mövcud ehtiyacı qarşılamaq üçün kifayət etmədiyi qeyd olunur.

İbuçevin fikrincə, əsas problemlərdən biri NATO-nun ümumi standartlarına baxmayaraq, hər bir Aİ ölkəsinin əlavə milli tələblər müəyyən etməsidir. Bu fərqlər sursatların konkret artilleriya sistemlərinə uyğunluğunun ayrıca sınaqdan keçirilməsini tələb edir və nəticədə dövlətlər arasında satınalma imkanlarını məhdudlaşdırır.

“Bu problemi həll etməyin yaxşı üsulunu hələ heç kim tapa bilməyib”, – deyə şirkət rəhbəri vurğulayıb.

İbuçev müxtəlif Avropa ölkələrinin şirkətlərini bir araya gətirən Avropa Müdafiə Agentliyinin SAAT layihəsində də iştirak edir. O, bu cür təşəbbüslərin sursatlara dair tələblərin vahidləşdirilməsinə və Aİ ölkələrinin birgə satınalmalar həyata keçirməsinə şərait yaradacağına ümid etdiyini bildirib.

Məlumata görə, həcmi 1,5 milyard avro olan EDIP proqramı çərçivəsində sursatların birgə kvalifikasiyası mexanizminə (JAQ) təxminən 50 milyon avro ayrılması nəzərdə tutulur. Bu mexanizmin 155 millimetrlik artilleriya mərmilərinin sertifikatlaşdırılması prosesini sadələşdirməsi gözlənilir.

Aydın