Xəbər lenti

Vergi borcunu sildirmək istədi, dələduzluqla üzləşdi
Ekonomiks18:22 30.10.2026

Vergi borcunu sildirmək istədi, dələduzluqla üzləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bir nəfər tanışının vergi borcunu sildirmək və VÖEN-ini bağlatdırmaq vədindən istifadə edərək onun 1478 manat pulunu ələ keçirib.

Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, təqsirləndirilən şəxs tanışına icarə əsasında işlədiyi “Playstation” klubunun vergi məsələlərini həll edə biləcəyini, VÖEN-ini bağlatdıraraq vergi borcunu sildirəcəyini vəd edib. O, bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirərək qarşı tərəfdən müxtəlif vaxtlarda hissə-hissə ödənişlər alıb.

Beləliklə, bir neçə dəfə həyata keçirilən köçürmələrlə təqsirləndirilən şəxsin bank kartına ümumilikdə 1478 manat göndərilib. Lakin o, aldığı pulu vəd etdiyi işi görmək üçün deyil, şəxsi ehtiyaclarına xərcləyib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, zərərçəkmişə dəymiş ziyanın 300 manatını qaytardığını, qalan məbləği isə maddi imkanı olmadığı üçün birdəfəlik ödəyə bilmədiyini bildirib. Təqsirləndirilən şəxs əvvəllər də dələduzluq əməlinə görə məhkum olunduğunu qeyd edib.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, təqsirləndirilən şəxsi 4-5 ildir tanıyır və o, əvvəllər işlədiyi “Playstation” klubunun mühasibi olub. Klubun fəaliyyəti pandemiya dövründə dayandırıldıqdan sonra VÖEN-in bağlanması və vergi borcunun silinməsi məsələsi gündəmə gəlib. Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini deyərək ondan pul alıb. Sonradan vədin yerinə yetirilmədiyini görən zərərçəkmiş şəxs pulunu geri tələb edib. Təqsirləndirilən şəxs əvvəlcə 300 manat qaytarsa da, qalan məbləği ödəməyib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi (dələduzluq – etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin əvvəlki cinayət işi üzrə təyin olunmuş 2 il 2 aylıq həbs cəzası yeni cəza ilə qismən toplanılıb. Saxlanıldığı 2 gün də nəzərə alınmaqla, təqsirləndirilən şəxsin üzərində qəti olaraq 2 il 4 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid