Xəbər lenti

Putin-Tramp görüşünə gedən yol və Moskvanın diplomatik gedişləri (ŞƏRH)
Dünya18:44 30.10.2026

Putin-Tramp görüşünə gedən yol və Moskvanın diplomatik gedişləri (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün ABŞ-yə səfəri sıradan diplomatik hadisə deyil. Bu səfərin əhəmiyyətini yalnız bir nazirin beynəlxalq toplantıya qatılması ilə ölçmək düzgün olmazdı. Burada daha böyük siyasi mənzərə canlanır: Ukrayna müharibəsi, ABŞ-Rusiya münasibətləri, İran ətrafında gərginlik, Çinlə rəqabət və dünya iqtisadiyyatının yeni geosiyasi reallıqlara uyğunlaşmaq məcburiyyəti.

Oktyabrın 30-31-də ABŞ-ın Atlanta şəhərində keçirilən toplantıya dövlət katibi Marko Rubio ev sahibliyi edir. Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinin Atlantaya gəlişi isə Moskva üçün ayrıca siyasi əhəmiyyət daşıyır. Rusiya diplomatiyasının rəhbəri 2022-ci ilin fevralından, Ukraynaya genişmiqyaslı hücumdan və Qərbin sanksiyalarından sonra NATO üzvü olan ölkələrə çox nadir hallarda səfər edib. Rusiyanın nümayəndə heyətinin ABŞ-yə uçuşunun dost olmayan ölkələrin hava məkanından yan keçməklə 20 saatdan çox davam etməsi də mövcud münasibətlərin mənzərəsini göstərir.

Əvvəlcə G20-nin mahiyyətinə baxaq. Bu qurum sadəcə dünyanın ən böyük iqtisadiyyatlarının təmsil olunduğu diplomatik klub deyil. G20-nin 19 dövləti və iki regional təşkilatı - Avropa İttifaqı və Afrika İttifaqı var. Üzvləri birlikdə dünya əhalisinin təxminən 79 faizini, qlobal ÜDM-in 89 faizindən çoxunu və dünya ticarətinin 79 faizdən artıq hissəsini təmsil edir. Deməli, bu platformada baş verənlər yalnız siyasi bəyanatlarla məhdudlaşmır, dünya iqtisadiyyatına da birbaşa təsir göstərir.

Bu dəfə müzakirə masasında dörd əsas problem mövcuddur: Rusiya-Ukrayna müharibəsi, ABŞ və İsrailin İrana qarşı siyasəti, Vaşinqtonun gömrük rüsumları və Çinin Cənubi Çin dənizindəki fəaliyyəti.

Göründüyü kimi, bunlar bir-birindən ayrı məsələlər deyil. Hamısının ortaq nöqtəsi qlobal güc balansıdır.

ABŞ üçün əsas məsələlərdən biri dəniz yollarının təhlükəsizliyidir. Hörmüz boğazı, Qırmızı dəniz, Qara dəniz və Cənubi Çin dənizi dünya ticarətinin və enerji təchizatının strateji arteriyalarıdır. Bu marşrutlarda yaranan hərbi-siyasi gərginlik neftin qiymətindən tutmuş ərzaq bazarına, daşınma xərclərindən sənaye istehsalına qədər geniş sahələrə təsir göstərir. Hörmüz boğazında mümkün böhran xüsusilə həssasdır. Çünki dünya neft tədarükünün mühüm hissəsi bu dar su yolundan keçir.

Başqa sözlə, Vaşinqton G20 toplantısını yalnız müharibələrin müzakirə edildiyi diplomatik platforma kimi deyil, qlobal iqtisadi təhlükəsizlik üzrə tərəfdaşları bir araya gətirmək vasitəsi kimi də görür. Lakin burada ciddi ziddiyyət mövcuddur. ABŞ bir tərəfdən Ukraynaya qarşı müharibəni dayandırmaq istədiyini bildirir, digər tərəfdən Rusiya ilə dialoq kanallarını açıq saxlayır. Lavrovun Atlantada iştirakı da bu siyasətin tərkib hissəsidir. Üstəlik, Ukrayna bu ilki toplantıya dəvət edilməyib. Cənubi Afrika da ABŞ administrasiyasının qərarı ilə iştirakçı siyahısında yoxdur. Bu detallar Vaşinqtonun G20 platformasının gündəliyini öz prioritetlərinə uyğun formalaşdırmaq niyyətini göstərir.

Moskva isə bu fürsətdən istifadə etməyə çalışır. Lavrovun əsas mesajlarından biri Rusiyanın beynəlxalq iqtisadi institutların islahatına və çoxqütblü dünya nizamına dair mövqeyini təqdim etməkdir. Kreml üçün mühüm olan yalnız ABŞ rəsmiləri ilə təmas deyil, həm də Qərbin Rusiyanı beynəlxalq münasibətlər sistemindən tamamilə kənarlaşdırmaq cəhdlərinin nəticəsiz qaldığını nümayiş etdirməkdir.

Əsl siyasi intriqa isə dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 liderlər sammiti ilə bağlıdır.

ABŞ prezidenti Donald Tramp Vladimir Putini sammitdə görmək istədiyini açıq şəkildə bildirib. Dövlət katibi Marko Rubio da Rusiyaya dəvət göndərildiyini təsdiqləyib. Kreml isə dəvəti müsbət qarşılasa da, Putinin şəxsən iştirak edib-etməyəcəyi barədə qərarın hələ verilmədiyini açıqlayıb. Dmitri Peskovun sentyabrın 24-dəki açıqlaması da bunu təsdiqləyir, Moskva dəvəti qiymətləndirəcək və qərar diplomatik kanallarla razılaşdırılacaq. Əsas məsələ Putinin Mayamiyə gedib-getməyəcəyindən daha genişdir. Əsas məsələ Tramp administrasiyasının Rusiya ilə münasibətləri hansı çərçivədə yenidən qurmaq istəməsidir. Ukrayna müharibəsi Vaşinqtonla Moskva arasında əsas maneə olaraq qalır. Tərəflərin müharibənin dayandırılması ilə bağlı yanaşmaları da hələlik üst-üstə düşmür. Kreml müvəqqəti atəşkəsdən deyil, öz şərtlərinə uyğun sülh razılaşmasından danışır.

Bununla belə, diplomatiyada qapıların açıq saxlanılması özü də siyasi alətdir. Tramp Putini Mayamiyə dəvət etməklə həm Moskva ilə birbaşa danışıq imkanını qoruyur, həm də Avropa müttəfiqlərinə ABŞ-ın xarici siyasətdə müstəqil qərarlar vermək niyyətini nümayiş etdirir.

Bəs bu prosesdən kim udacaq? İndidən qəti nəticə çıxarmaq tezdir. Çünki G20-də iştirak etmək, ortaq bəyanat imzalamaq və real geosiyasi razılaşmaya nail olmaq tamam fərqli məsələlərdir. Bu toplantıdan Ukrayna, İran və Çin məsələlərində ciddi konsensus gözləmək çətindir. Amma tərəflərin bir masa arxasında əyləşməsi belə, diplomatik kanalların işlək olduğunu göstərir.

Beləliklə, dünya artıq yalnız Vaşinqton və Moskvanın qərarları ilə idarə olunmur. Pekinin iqtisadi və hərbi çəkisi, Hindistanın artan rolu, Türkiyənin regional təsir imkanları, Körfəz ölkələrinin enerji siyasəti yeni güc mərkəzləri formalaşdırıb.

G20-nin əsl sınağı da məhz budur: bir-biri ilə rəqabət aparan gücləri ortaq maraqlar ətrafında bir araya gətirmək.

Lavrovun Atlantaya səfəri bu mənada Rusiyanın diplomatik təcridinin sona çatması deyil. Ancaq Moskvanın beynəlxalq danışıqlar masasında qalmaq və ABŞ ilə birbaşa təmas imkanlarını genişləndirmək cəhdidir.

Dekabrda Mayamidə Putinlə Trampın üz-üzə oturub-oturmayacağını zaman göstərəcək. Lakin bir həqiqət artıq görünür: Ukrayna müharibəsinin taleyi, İran ətrafındakı gərginlik və dünya iqtisadiyyatının gələcəyi barədə qərarlar bir-birindən ayrı müzakirə edilə bilməz…

Siyasət şöbəsi