
Honq Konqda son 17 ilin ən böyük yanğınlarından biri ilə bağlı aparılan araşdırmanın nəticələri Mənzil Tikintisi naziri Vini Honun istefası ilə nəticələnib.
Qaynarinfo xəbər verir ki, bu barədə HK01 nəşri məlumat yayıb.
Məlumata görə, 2025-ci il noyabrın 26-da Tay Po rayonunda yerləşən Wang Fuk Court yaşayış kompleksində baş verən yanğınla bağlı hesabat oktyabrın 29-da açıqlanıb. Müstəqil komissiyanın araşdırması nəticəsində hadisəyə görə təkcə Mənzil Tikintisi İdarəsinin deyil, həmçinin Tikililər İdarəsinin, yanğınsöndürmə xidmətinin və Əmək İdarəsinin də məsuliyyət daşıdığı müəyyən edilib.
Honq Konq administrasiyasının rəhbəri Con Li Vini Honun vəzifədən getməsinin şəxsi siyasi qərarı olduğunu bildirib. O, qərarın bütün amillər nəzərə alınaraq qəbul edildiyini vurğulayıb.
Mətbuat konfransında jurnalistlər digər aidiyyəti qurumların rəhbərlərinin niyə istefaya göndərilmədiyini də soruşublar. Con Li bildirib ki, hadisə Mənzil Tikintisi İdarəsinin müstəqil yoxlama qrupunun məsuliyyət dairəsinə aid olub, digər nazirlər isə tutduqları vəzifələrdə islahatları davam etdirməlidirlər. O, yalnız bir nazirin istefasının ictimaiyyət üçün kifayət edib-etmədiyi barədə suala isə konkret cavab verməyib.
Araşdırma göstərib ki, faciəyə bir sıra insan amilləri səbəb olub. Yaşayış kompleksinin sakinləri əvvəllər də təhlükəli materiallardan istifadə və yanğın siqnalizasiya sistemindəki nasazlıqlarla bağlı şikayətlər ediblər. Lakin aşkar edilmiş problemlər vaxtında aradan qaldırılmayıb.
Aydın