Xəbər lenti

İtaliyada peyklərin kütləvi istehsalı üçün zavod açıldı
Dünya16:14 28.10.2026

İtaliyada peyklərin kütləvi istehsalı üçün zavod açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın Settimo Torinese şəhərində peyk istehsalı üzrə “Stellar Hub” zavodu açılıb. Sahəsi 8 min kvadratmetr olan müəssisədə çəkisi 600 kiloqramadək olan peyklərin yığılması, inteqrasiyası və sınaqları həyata keçiriləcək. Zavodun 2 min kvadratmetrlik təmiz otağı Avropanın ən böyük belə sahələrindən biridir.

Qaynarinfo xəbər verir ki, müəssisə oktyabrın 28-də Turin şəhərinin yaxınlığında fəaliyyətə başlayıb.

“Space Industries” şirkətinə məxsus zavodda peyk istehsalının bütün əsas mərhələləri bir məkanda birləşdirilib. Müəssisədə termovakuum kamerası və vibrasiya sınaqları üçün xüsusi sahələr yaradılıb. Bu imkanlar peyklərin müxtəlif mühit şəraitinə davamlılığını və sistemlərinin işləkliyini yoxlamağa şərait yaradacaq.

Zavodda eyni vaxtda bir neçə layihə üzrə iş aparmaq mümkün olacaq. Müəssisə kommersiya, dövlət və elmi layihələr, eləcə də kiçik və orta həcmli peyk seriyalarının və orbital qrupların istehsalı üçün nəzərdə tutulub.

Layihənin əsas məqsədi kosmik sənayedə kütləvi istehsal modelini tətbiq etmək və istehsal prosesini daha səmərəli təşkil etməkdir.

2025-ci ildə Turində yaradılan “Space Industries” şirkətinin hazırda təxminən 40 əməkdaşı və üç müqaviləsi var. Şirkət 2030-cu ilədək işçilərinin sayını 200 nəfərdən çoxa çatdırmağı və illik gəlirini 30 milyon avroya yüksəltməyi planlaşdırır.

Şirkət “Comat” qrupu və aerokosmik sənayedə beynəlxalq təcrübəyə malik italyan-amerikalı sahibkar Cüzeppe Santancelo tərəfindən təsis edilib.

Günay