
2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü ilə qədər dünyanın istənilən nöqtəsində bundan daha uzun tam tutulma baş verməyəcək. Lakin bu tutulmanın əsas özəlliyi onun coğrafi mövqeyidir.
Qaynarinfo xəbər verir ki, “Space.com” nəşrinin yazdığına görə, tutulmanın ən yüksək həddə çatacağı nöqtə Fiv şəhərindən cəmi bir neçə kilometr aralıda yerləşir. Fiv Orta və Yeni padşahlıqlar dövründə Qədim Misirin mühüm dini və siyasi paytaxtı olub.
Möhtəşəm Nil çayının şərq sahilində Luksor yerləşir. Bu, nəhəng Karnak və Luksor məbəd komplekslərinin olduğu böyük “dirilər şəhəri”dir. Qərb sahilində isə “ölülər şəhəri” yerləşir.
Buraya Çarlar vadisi və Hatşepsut məbədi daxildir. Hazırda 285 min nəfərin yaşadığı Luksor 2027-ci il avqustun 2-də Günəş tutulmasını izləmək həvəskarları üçün əsl ziyarət məkanına çevriləcək. Şəhərə dünyanın müxtəlif ölkələrindən minlərlə turistin gələcəyi gözlənilir.
Onlar tutulmanın tam mərhələsinin 6 dəqiqə 23 saniyə davam edəcəyini görmək, eləcə də buludlu hava ehtimalının sıfıra yaxın olması proqnozundan yararlanmaq üçün buraya gələcəklər. Eyni zamanda, turistlər Qədim Misirin məbədlərini və tarixi abidələrini ziyarət etmək imkanı da əldə edəcəklər.
Tam tutulmanı məhz böyük məbədlərdən birində izləmək ehtimalı, yəqin ki, o qədər də yüksək deyil. Bununla belə, Luksora gələn tutulma həvəskarlarının demək olar ki, hamısı hadisədən əvvəl və ya sonra bu məbədləri görmək istəyəcək. Ziyarətçilər avqust ayına xas olan həddindən artıq isti hava şəraitinə hazır olmalıdırlar.
Bundan əlavə, hər hansı arxeoloji ərazidə tutulmanı izləməyi planlaşdırmazdan əvvəl rəsmi iş saatlarını və əraziyə giriş şərtlərini mütləq yoxlamaq lazımdır.
Tutulmanın qismən mərhələlərində müşahidə üçün sertifikatlaşdırılmış xüsusi eynəklərdən istifadə etmək vacibdir. Yalnız tam tutulma mərhələsində, Günəş tamamilə örtüldükdə, ona qoruyucu eynəksiz baxmaq olar.
Tam tutulma zolağında yerləşən qədim abidələr
Qədim Misirin bütün ərazilərində tutulmanın tam mərhələsi müşahidə olunmayacaq. Misirin əsas görməli yerlərindən biri olan, Qahirə yaxınlığındakı Giza piramidaları tam tutulma zolağının şimalında yerləşir. Orada Günəşin yalnız 95 faizinin örtüləcəyi qismən tutulma baş verəcək. Asvan şəhərindən cənubda, Nasir gölünün sahilində yerləşən Əbu-Simbel məbədlərində isə 92 faizlik qismən tutulma müşahidə olunacaq.
Lakin bu, ciddi problem deyil. Luksor dünyanın ən möhtəşəm və ən yaxşı qorunub saxlanmış qədim abidələrindən bəzilərinin yerləşdiyi şəhərdir. Onun məbədləri, nekropolları və sarayları, eləcə də yaxınlıqdakı digər tarixi məkanlar eni 257 kilometr olan tam tutulma zolağına düşür. 2027-ci il avqustun 2-də Ayın kölgəsi bu ərazilərin üzərinə düşəcək.
1. Karnak məbədi
2. Luksor məbədi
3. Çarlar vadisi
4. Hatşepsut məbədi
5. Memnon kolossları
6. Medinet-Abu kompleksi
7. Ramesseum məbədi
8. Xnum məbədi
9. Dendera məbədi
10. Hor məbədi
Aydın