Xəbər lenti

Baloğlan Əşrəfovun 75 illiyi qeyd olunmadı: "Bunun səbəbini bilmək istəyirik"
Ölkə16:10 27.10.2026

Baloğlan Əşrəfovun 75 illiyi qeyd olunmadı: "Bunun səbəbini bilmək istəyirik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist, mərhum Baloğlan Əşrəfovun 75 yaşı tamam olub. Lakin sənətkarın yubileyinin qeyd edilməməsi ailəsinin narazılığına səbəb olub.

Müğənninin oğlu Peyman Əşrəfov Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyinin atasının yubileyinə biganə yanaşdığını bildirib.

“Atamın 75 yaşı tamam oldu, amma yubileyi keçirilmədi. Biz həmişə olduğu kimi, atamın məzarını ziyarət etdik. Gözləyirdik ki, Mədəniyyət Nazirliyi onun 75 illik yubileyini qeyd edəcək, amma belə olmadı. Baloğlan müəllim xalqın sənətkarıdır, Azərbaycan mədəniyyətinə xidmət edib. Onun adına bir yubiley tədbiri keçirmək nə idi ki? Bundan sonra buna da ehtiyac yoxdur. Baloğlan müəllimə xalqın sevgisi var. Bu sevgi ilə aidiyyəti qurumların münasibəti üst-üstə düşməyəndə insan sual qarşısında qalır ki, niyə onun yubileyi qeyd olunmasın? Bizi narahat edən də budur”, deyə Peyman Əşrəfov bildirib.

O, atasının sağlığında fəxri adının təqdim olunmasına münasibətindən də danışıb:

“Atamın sağlığında xoşlamadığı, onu qıcıqlandıran məqamlardan biri tədbirlərdə Əməkdar artist kimi təqdim edilməsi idi. Toylara, tədbirlərə gedəndə deyirdi ki, məni Əməkdar artist kimi təqdim etməyin. Deyirdi ki, mənim öz adım “Əməkdar artist” sözündən qat-qat üstündür”.

Peyman Əşrəfov mərhum sənətkarın məzar daşına da Əməkdar artist adının yazıldığını xatırladıb. Onun sözlərinə görə, atası sağ olsaydı, buna da etiraz edərdi:

“Bilirəm ki, atam bu gün sağ olsaydı, deyərdi ki, “Bu adı məzar daşıma yazdırmağı sizə kim deyib”. O, Əməkdar artist adının ona qarşı ədalətsizlik olduğunu düşünürdü. Bu adı verməsəydilər, daha yaxşı olardı. Bunları deməyə də bilərdim, amma atama qarşı edilən ədalətsizliyin səbəbini bilmək istəyərdik”.

Bahar Rüstəmli