
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Store Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
Qaynarinfo Finlandiya Prezidentinin rəsmi saytında yayımlanan press-relizə istinadən xəbər verir ki, Ukrayna bu telefon danışığının hazırlanması barədə məlumatlandırılıb. Stubb və Store Rusiya-Ukrayna müharibəsini, müharibənin dayandırılması üçün diplomatik səyləri, eləcə də Avropada sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə etmək məqsədilə danışığa təşəbbüs göstəriblər.
Bu kontekstdə qeyd olunub ki, Finlandiya və Norveç Rusiyanın qonşuları və Ukraynanın ardıcıl dəstəkçiləridir. Danışığın məqsədi gələcəkdə Əbu-Dabidə keçirilməsi planlaşdırılan sülh danışıqları ilə bağlı Ukraynanın mövqeyini birbaşa Putinə çatdırmaq olub.
Danışıqların detalları
Stubb və Store telefon danışığında öz ölkələrinin liderləri kimi iştirak ediblər və Avropanın nümayəndələri qismində çıxış etməyiblər. Bildirilib ki, Finlandiya və Norveç regionda sülh və təhlükəsizliyi daim müdafiə edirlər. Stubb və Store ölkələrinin Baltik dənizində və şimal regionunda sabit və proqnozlaşdırıla bilən siyasət yürütdüklərini vurğulayıblar.
Onlar hər iki ölkənin Ukraynaya uzunmüddətli dəstəyini davam etdirəcəyini bildiriblər. Stubb və Store müharibənin başa çatmalı, danışıqların isə davam etməli olduğunu qeyd ediblər.
“Danışıq birbaşa və konkret məsələlərə həsr olunmuşdu. Biz Rusiyanın qonşularıyıq. Müharibənin necə başa çatacağı Finlandiyaya və Norveçə, daha geniş mənada isə bütün Avropaya təsir edəcək. Müharibənin başa çatması birbaşa danışıqlar tələb edir”, deyə Stubb vurğulayıb.
Norveçin Baş naziri isə müharibənin böyük insan iztirablarına və itkilərə səbəb olduğunu əlavə edib.
“Müharibə bir neçə nəslin yaddaşında iz buraxır. Danışıq zamanı gərginliyin azaldılmasının vacibliyini vurğuladıq”, deyə Store bildirib.
Telefon danışığı Helsinkidən həyata keçirilib. Bununla yanaşı, Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitro Litvin jurnalistlərə bildirib ki, hazırda Volodimir Zelenski Finlandiya və Norveç liderləri ilə danışıq aparır.
Kreml Putinin Finlandiya Stubb və Store ilə telefon danışığının Finlandiya və Norveç liderlərinin xahişi ilə baş tutduğunu açıqlayıb. Qeyd olunub ki, liderlər Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Putin Ukraynadakı münaqişə zonasındakı mövcud vəziyyəti qiymətləndirib və onun köklü səbəblərini xatırladıb. Rusiya prezidenti qeyd edib ki, Ukraynada ədalətli, uzunmüddətli sülh yalnız Rusiyanın maraqları nəzərə alındıqda mümkündür.
Putin Ukraynadakı münaqişəni uzadan NATO və Avropa İttifaqı ölkələrinin qarşıdurma siyasətinə diqqət çəkib. O, Finlandiya və Norveç liderlərini ABŞ-ın vasitəçiliyi ilə Aleşki şəhəri ərazisində aparılan humanitar əməliyyat barədə məlumatlandırıb.
Putin və Finlandiya və Norveç liderləri birbaşa telefon əlaqəsini davam etdirmək barədə razılığa gəliblər. Putin Stubb və Store ilə söhbəti zamanı Baltik dənizində və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə edib. Liderlər beynəlxalq dəniz hüququna və naviqasiya azadlığı prinsipinə riayət etməyin vacibliyini bir daha təsdiqləyiblər.
Aydın