Xəbər lenti

Qlobal iqtisadiyyatı böhrandan qoruyan 4 amil - 2027-ci il üçün risklər
Dünya12:34 27.10.2026

Qlobal iqtisadiyyatı böhrandan qoruyan 4 amil - 2027-ci il üçün risklər

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son iki ildə gömrük rüsumları, müharibələr və enerji böhranı ilə bağlı risklərə baxmayaraq, qlobal iqtisadiyyat gözləniləndən daha dayanıqlı olub.

Bəs iqtisadi geriləmənin qarşısını alan amillər hansılardır və qarşıdakı dövrdə hansı risklər gözlənilir?

Qaynarinfo xəbər verir ki, iqtisadçı və yazıçı Nuriel Roubininin “Project Syndicate” saytında dərc olunan məqaləsində qlobal iqtisadiyyatın dayanıqlılığının səbəbləri və 2027-ci il üçün mümkün risklər təhlil edilib.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, 2025-ci ildə qlobal iqtisadi artım 2024-cü ildəki 3,5 faiz səviyyəsində qalıb. Həmin dövrdə qlobal inflyasiya isə əvvəlki illə müqayisədə aşağı olub. 2026-cı ildə iqtisadi artımın 3 faizə qədər zəifləyəcəyi, 2027-ci ildə isə yenidən sürətlənərək 3,4 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, inflyasiyanın da 2027-ci ildə 2025-ci il səviyyəsinə qayıdacağı gözlənilir.

Roubini qlobal iqtisadiyyatın mənfi təsirlərə baxmayaraq, dayanıqlılığını qorumasını dörd əsas amillə izah edir.

Birinci amil bazar intizamıdır. Müəllifin fikrincə, maliyyə bazarlarının reaksiyası ABŞ prezidenti Donald Tramp administrasiyasını iqtisadiyyata ciddi zərər vura biləcək bəzi siyasi addımlardan geri çəkilməyə məcbur edib. 2025-ci ildə tətbiq olunan gömrük rüsumları və İranla müharibənin yaratdığı enerji şoku bazarlarda təzyiqi artırıb, neft qiymətlərinin və istiqraz gəlirliliyinin yüksəlməsinə səbəb olub.

İkinci amil ticarət əlaqələrinin və təchizat zəncirlərinin dəyişən şəraitə uyğunlaşmasıdır. Yeni istehsalçıların və enerji mənbələrinin meydana çıxması dünyanın neftdən asılılığını əvvəlki dövrlərlə müqayisədə azaldıb. Strateji neft ehtiyatlarından istifadə və tələbin müəyyən qədər azalması da enerji şokunun təsirlərini yumşaldıb.

Üçüncü amil hökumətlərin və mərkəzi bankların iqtisadi siyasətidir. Roubininin sözlərinə görə, 2025-ci ildə iqtisadi artımın zəifləməsi riskinə qarşı bir sıra inkişaf etmiş ölkələrdə fiskal və monetar genişlənmə siyasəti həyata keçirilib. Daha sonra inflyasiya gözləntilərini nəzarətdə saxlamaq məqsədilə pul siyasəti sərtləşdirilib.

Ən mühüm amil isə süni intellektə yatırımların sürətlə artmasıdır. Müəllif hesab edir ki, süni intellekt texnologiyalarına və müdafiə sektoruna yönəldilən kapital qoyuluşları məhsuldarlığı artırmaqla qlobal iqtisadiyyata müsbət təsir göstərir. ABŞ və Çin bu sahədə lider mövqedə olsa da, Asiya və Avropanın bir sıra ölkələri də investisiya artımından faydalanır.

Qlobal iqtisadiyyatı hansı risklər gözləyir?

Müəllif qarşıdakı dövr üçün əsas risklər sırasında geosiyasi gərginlikləri və enerji təchizatında mümkün fasilələri göstərir. Onun fikrincə, Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlərin davam etməsi, husilərin dəniz nəqliyyatı üçün əhəmiyyətli marşrutlara və Səudiyyə Ərəbistanının boru kəmərinə hücumları neft və qaz tədarükünü daha da çətinləşdirə bilər.

Enerji qiymətlərinin yüksək qalması iqtisadi artımın zəifləməsi ilə inflyasiyanın yüksəlməsinin eyni vaxtda baş verməsi — staqflyasiya riskini artırır.

Roubini Çin, Rusiya, İran və Şimali Koreya arasında əməkdaşlığın güclənməsi ehtimalına, eləcə də Çin-ABŞ münasibətlərində gərginliyin yenidən artmasına diqqət çəkir. Müəllif Tayvanda 2028-ci il seçkilərindən sonra vəziyyətin daha da gərginləşə biləcəyini istisna etmir. Rusiya-Ukrayna müharibəsinin genişlənməsi və enerji infrastrukturuna hücumlar da neft və qaz qiymətlərinə əlavə təzyiq yarada bilər.

Digər risk siyasi qeyri-sabitlik və dövlət borclarının artmasıdır. Müəllif ABŞ, Fransa, Almaniya, İtaliya və İspaniyada keçiriləcək seçkilərin iqtisadi siyasətə təsir göstərə biləcəyini bildirir. Onun fikrincə, bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə büdcə kəsirlərinin və dövlət borcunun yüksək olması istiqraz gəlirliliyini artırır. Bu isə özəl sektorun investisiyalarını və istehlakı məhdudlaşdıra, kredit böhranı riskini gücləndirə bilər.

Süni intellektə yatırımların artması da risksiz deyil. Roubini xəbərdarlıq edir ki, bu sahədə yaranan yüksəliş maliyyə köpüyünə çevrilərsə, onun partlaması istehlakın azalmasına, kredit problemlərinə və investorların yeni investisiyalara marağının zəifləməsinə gətirib çıxara bilər.

İnflyasiya ilə mübarizə də mərkəzi banklar üçün çətin seçim yaradır. Qiymət artımını cilovlamaq üçün faizlərin yenidən yüksəldilməsi zərurəti yaranarsa, bu, iqtisadi artımı zəiflədə və maliyyə sabitliyi ilə bağlı narahatlıqları artıra bilər. Xüsusilə dövlət və özəl sektorun yüksək borc yükü belə bir ssenarinin təsirlərini ağırlaşdıra bilər.

2027-ci ildə iqtisadi artım sürətlənə bilərmi?

Roubininin əsas ssenarisinə görə, mövcud risklər məhdud qalarsa, 2027-ci ildə qlobal iqtisadi artım sürətlənəcək, inflyasiya isə azalacaq. Məhsuldarlığı artıran texnoloji yeniliklər iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri olaraq qalacaq. Geosiyasi gərginliyin azalması enerji qiymətlərinin aşağı düşməsinə və maliyyə bazarlarında müsbət tendensiyaların davam etməsinə şərait yarada bilər.

Lakin mənfi ssenaridə enerji və xammal qiymətləri yüksək səviyyədə qala və ya daha da arta, ticarət və təchizat zəncirlərində ciddi fasilələr yarana bilər. Bu halda istiqraz gəlirliliyinin yüksəlməsi və səhmlərin ucuzlaşması ilə müşayiət olunan bazar korreksiyası riski artacaq.

Müəllif hesab edir ki, texnoloji investisiyaların yaratdığı müsbət imkanlar hələ də qalır. Bununla belə, qlobal iqtisadiyyatın dayanıqlılığının qorunması siyasi liderlərin kəskin qərarlardan yayınmasından, ABŞ və Çin arasındakı rəqabətin idarə olunmasından və süni intellekt sahəsindəki inkişafın maliyyə sabitliyini pozmamasından asılı olacaq.

Günay