Xəbər lenti

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan yanğınsöndürənin ailəsi ziyarət edildi (FOTO)
Ölkə12:08 27.10.2026

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan yanğınsöndürənin ailəsi ziyarət edildi (FOTO)

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri xidməti vəzifəsini yerinə yetirərkən həlak olan yanğınsöndürən Hakim Piriyevin ailəsini ziyarət ediblər.

Qaynarinfo xəbər verir ki, ziyarətdə Xidmətin rəhbərliyi və regionda yerləşən bir sıra yanğınsöndürmə hissə və bölmələrinin rəis heyəti iştirak edib.

Əvvəlcə mərhumun Salyan rayonunun Şorkənd kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. Daha sonra ailə üzvlərinə başsağlığı verilib, Hakim Piriyevin uzun illər ərzində qüsursuz xidməti və peşəkarlığı ehtiramla yad edilib.

Tədbir çərçivəsində Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Mircavad Seyidov mərhumun təltif olunduğu “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” yubiley medalını onun valideynlərinə təqdim edib.

Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni olan daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyev 21 fevral 2026-cı ildə Bakı–Astara magistral yolunda yanğının söndürülməsi zamanı avtomobilin vurması nəticəsində həlak olub.