

Adam ən çox demədiyi sözlərə heyfsilənir. Vaxtında açmadığı qapılara, sabaha saxladığı görüşlərə, zəng etməyə ərinib özünə verdiyi yalançı təsəlliyə: "Nə olsun, sabah danışarıq".
Bəlkə sabah gəlməyəcək. İnsan bunu bilir, amma yenə də hər şeyi sabaha saxlayır. Sevgisini, üzrünü, etirafını, bəzən də həyatını. Elə bilir ki, vaxt həmişə onun tərəfindədir. Halbuki vaxt heç kimin tərəfində deyil. O, sadəcə axmaqdadır.
Bir gün hansısa evdə sənin oturduğun yer boş qalır. Əvvəlcə hamı o boşluğu hiss edir. Sonra həyat öz axarına düşür. Süfrə açılır, söhbətlər edilir, pəncərələr bağlanır. Adın çəkilir, sonra daha az çəkilir. Bir müddət sonra səni xatırladan hadisələr də azalır. Ən dəhşətlisi budur - dünya sənsiz də davam edir.
Bəlkə insanın ən böyük qorxusu ölmək deyil, yoxluğunun bu qədər adi görünməsidir. Bir vaxtlar elə bilirsən ki, sən olmasan, hər şey dayanacaq. Sonra anlayırsan ki, heç kimin həyatı sənin yoxluğunla sona çatmır. İnsanlar ağlayır, darıxır, xatırlayır, amma yaşamağa davam edirlər.
Qəbiristanlıqda ən ağır şey torpaq deyil. Orada artıq heç nəyi düzəldə bilməyəcəyini bilməkdir.
Nə yarımçıq söhbəti bitirə, nə incitdiyin adamdan halallıq ala, nə də vaxtında deyə bilmədiyin "səni sevirəm" sözünü ünvanına çatdıra bilərsən. Ölüm insanın əlindən təkcə həyatı deyil, seçim imkanını da alır. Geriyə peşmanlıq, cavabsız suallar, birdəfəlik bağlanmış qapılar qalır. Evlər satılır. Kitablar rəflərdən düşür. Vəzifələrə başqaları gəlir. İnsan ömrünü bəzən elə şeylərə sərf edir ki, bir gün bunların başqasına qalacağını unudur. Ev tikir, ad-san qazanır, vəzifəyə yüksəlir, mübahisələrdə haqlı çıxmağa çalışır. Bu yolda kiminsə qəlbini qırır, kiminsə zənginə cavab vermir, doğmalarına vaxt ayırmır. Sonra anlayır ki, ən vacib şeylər nə qədər sadə imiş - yanında sevdiyin bir insanın olması, onun səsini eşitmək, əlini tutmaq, bir fincan çay içə-içə heç nədən danışmamaq.
İnsan faniliyini ağlı ilə anlayır, ruhu ilə isə əbədiyyətə can atır. Ağıl ona sonunun olduğunu deyir, insan isə növbənin nə vaxtsa ona da çatacağına inanmaq istəmir.
Başqalarının ölümünü anlayır, öz ölümünü isə daxilən qəbul edə bilmir.
İxlas surəsində Allahın "Saməd" olması - heç nəyə möhtac olmayan, hər şeyin Ona möhtac olduğu həqiqəti - insanın faniliyi qarşısında başqa məna qazanır. İnsan isə möhtacdır - nəfəsə, zamana, sevgiyə, bağışlanmağa.
Bəlkə də Nəsiminin "zənnə sığmazam" deməsi insanın öz daxilindəki sonsuzluğu duymaq cəhdidir. Bədən məhduddur, ömür ölçülüdür. Amma insan öz daxilində bu sərhədləri aşan bir məna axtarır. Bəlkə də ölüm haqqında düşünərkən ruhun əbədiyyətə can atması elə bu axtarışdan doğur.
Bulgakovun "Master və Marqarita" romanı da insanı faniliyi ilə üz-üzə qoyur. İnsan təkcə ölümlü deyil, ölümünün nə vaxt gələcəyini də bilmir. Ədəbiyyatda oxuduğun bu həqiqət həyatın özündə tamam başqa cür səslənir.
Bir gün həkim qarşında dayanır və sakitcə deyir - sarkomadır.
Bir söz…
… Sanki ömrün boyu qurduğun cümlənin ortasına kimsə nöqtə qoyur. O anadək sabaha saxladığın hər şey gözünün qabağından keçir: görüşmədiyin insanlar, demədiyin sözlər, etmədiyin səfərlər, qorxudan əl uzatmadığın arzular. Bir də görürsən ki, yaşamaq üçün həmişə vaxt axtarmısan, amma vaxtın özünü yaşamamısan.
Bəs insan öləndə nə baş verir? Bədəni gedir, xatirəsi qalır? Bəlkə insan onu sevənlərin yaddaşında, toxunduğu ürəklərdə, vaxtında dediyi bir təsəllidə, kiminsə həyatını dəyişən yaxşılıqda yaşayır. Amma insan yalnız başqalarının yaddaşındanmı ibarətdir? Bəs ruhu?
İnanca görə, bədən torpağa qayıdır, ruh isə ölümlə yox olmur. Bəlkə də ölüm yoxluğa deyil, başqa bir varlığa keçiddir. Ağıl bu sirrin qarşısında dayanır, ruh isə əbədiyyətə inanmaq istəyir.
Mən öləndən sonra nə olacaq? Bəlkə də insanın bütün ömrü boyu axtardığı həqiqət bu sualın içindədir. Biz özümüzü bədənimiz, adımız, qazandıqlarımızla tanıyırıq. Halbuki bəzən bircə xoş söz illərlə yaşayır, böyük bir uğur isə bir neçə ildən sonra unudulur. Deməli, insanın həyatda qoyduğu iz həmişə onun özünün böyük hesab etdiyi şeylərdə deyil.
Elə isə nəyə heyfsilənməliyik? Yaşanmamış sevgiyə, bağışlanmamış səhvlərə, qorxudan təxirə salınmış həyata. İnsan hər şeyi edə, hər kəsi xilas edə, hər fürsəti yaxalaya bilməz. Amma bu gün yanında olanı sevə, könül ala, bir zəng edə, bir qapını döyə bilər.
Bəlkə də yaşamağın mənası elə budur - sabaha saxlamamaq. Sevdiyinə sevgini demək, incitdiyindən üzr istəmək, ehtiyacı olana əl uzatmaq. Bəzən insanın yadında qalan ən qiymətli şey bir vaxtlar yanında kimin olduğu, kimin ona ürəkdən gülümsədiyi, kimin dar günündə əlindən tutduğudur.
Bir gün hamımız gedəcəyik. Dünya yenə davam edəcək. Adımız az çəkiləcək, səsimiz unudulacaq. Bunu dəyişə bilmərik. Amma bu gün kiminsə həyatına toxunmaq, bir insanın qəlbində yaxşı bir xatirə qoymaq hələ öz əlimizdədir.
Ömrün sonu var. Bunu dəyişə bilmərik. Amma sonun gələcəyini bilə-bilə yaşamağı unutmaya bilərik.
Həyat davam edir. Hələ ki, biz də buradayıq…
Azər Rəşidoğlu