XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Turqut Özal, Mosul və Naxçıvan: 1991-ci ildə Ankarada hansı xəritə çəkilirdi? - Azər Rəşidoğlu yazır
Azər Rəşidoğlu
Siyasət11:54 14.09.2026

Turqut Özal, Mosul və Naxçıvan: 1991-ci ildə Ankarada hansı xəritə çəkilirdi? - Azər Rəşidoğlu yazır

Bəzən tarixdə elə bir cümlə peyda olur ki, o, arxasınca bütöv bir dövrün qapısını açır. Türkiyənin mərhum prezidenti Turqut Özal haqqında professor, onun və digər dörd prezidentin müşaviri olmuş Mim Kemal Ökenin TRT-yə danışdığı bir xatirə də məhz belə cümlələrdəndir. Bu söhbət 1991-ci ildə, Körfəz müharibəsinin ən qızğın vaxtında baş verir.

Gecə edilən zəng

Sovet İttifaqı dağılır. Qafqazda yeni dövlətlər meydana çıxır. Azərbaycan müstəqilliyə doğru gedir. İraqın ərazi bütövlüyü sual altına düşür. Türkiyənin qarşısında isə yüz ildən bəri görünməmiş bir geosiyasi imkan yaranır.

Və həmin vaxt Turqut Özal gecə saat 2-də Antalyada istirahət edən müşaviri Mim Kemal Ökeyə zəng edir. Sual sadədir, amma arxasında nəhəng bir xəritə dayanır:

“Mosul və Osmanlı ilə bağlı yazdığın kitab qarşımda. Oxumağa vaxtım yoxdur. Sualıma konkret cavab ver: sabah səhər Mosula girsək, hansı tarixi və hüquqi arqumentlərimiz olar?”

Öke çaşır. Özal isə tələsmir. Öke anlayır – məsələ sadəcə Mosula girmək deyil. Söhbət Türkiyənin qarşıdakı onilliklərdə hansı dövlətə çevriləcəyindən gedir.

Mim Kemal iki həftə ərzində bu barədə geniş hesabat hazırlayacağını deyir. Telefonun dəstəyindən Özalın bir qədər sərt səsi gəlir: “Mim, iki saat vaxtın var”.

Mim Kemal Öke materialı hazırlayır, faksla Turqut Özala göndərir və dərhal Ankaraya uçur.

Turqut Özal

Turqut Özalın kabinetində cızılan plan

Səhər tezdən prezidentin kabinetində “Mosul məsələsi” müzakirə edilir. Ökenin sözlərinə görə, o, Özaldan Mosula müdaxilə etmək qərarının nə qədər ciddi olub-olmadığını soruşur.

Özal cavab verir: “Bəli, qərarlıyam”.

Osmanlı və Yaxın Şərq tarixinin ən mahir bilicilərindən olan Öke daha bir sual verir: “Mosula girsək, çıxmağı da düşünürük?”

Özal gülümsəyir: “Xeyr”.

Öke bu dəfə daha mühüm sual verir: “Amerikanın razılığı varmı?”

Cavab: “Vizanı aldım”.

Daha sonra Öke bir daha soruşur: “Bu müdaxilə müvəqqətidir, yoxsa daimi?”

Cavab daha da sensasiyalıdır: “Daimi”.

Burada söhbət artıq bir hərbi əməliyyatdan yox, dünya xəritəsinin dəyişdirilməsindən gedir. Lakin Özal bunun nəticələrini də hesablayır. Mosul Türkiyəyə qoşulsa, Türkiyənin daxilində kürd əhalinin xüsusi çəkisi ciddi şəkildə artacaq. Bunun siyasi nəticəsi nə olacaq?

Öke də anlayır ki, Özal Türkiyənin federativ sistemə keçməsi ideyası barədə düşünür. Və bundan sonra söhbətin ən maraqlı hissəsi başlayır.

Öke deyir ki, iki vahidli federasiya problem yarada bilər. Çünki bu, ərazi və əhali balansını pozacaq.

Özal isə “İkidən artıq düşünürəm, Mim. Sən tap”, deyir.

Öke birinci variantı səsləndirir: “KKTC” (Şimali Kipr Türk Respublikası).

Özalın cavabı: “Beləliklə, Kıbrıs məsələsini də həll edərəm”.

Və sonra Öke bir cümlə ilə söhbətin istiqamətini dəyişir: “Bir dənə daha var”.

Öke düşünür və cavabı verir: “Naxçıvan?”

Mim Kemal Öke

Klassik ilhaq, yoxsa dördlü federasiya?

Söhbət Naxçıvanın da daxil olduğu dördlü federasiya modelinə keçir. Özalın buna “bəli” dediyi və bununla yanaşı, Türkiyədə prezidentlik sisteminə keçidi nəzərdə tutduğu nəql edilir. Bu, adi bir siyasi fantaziya kimi də düşünülə bilər. Amma bir problem var – bu sözləri söyləyən adam təsadüfi şahid deyil. Mim Kemal Öke Özalın prezidentliyi dövründə onunla çalışmış akademik və məsləhətçi idi. Öke ölkənin ən ləyaqətli ziyalılarından biri hesab edilir. O, bu söhbəti illər sonra mətbuata danışıb. Deməli, qarşımızda ən azı Özalın ətrafında dolaşan real geosiyasi düşüncənin şahid ifadəsi var.

Amma burada bir mühüm düzəliş etmək lazımdır. Özal Naxçıvanı Türkiyəyə birləşdirməyi düşünürdü, yoxsa daha böyük məqsəd var idi? Bu sualın cavabı “bəli” deyib keçiləcək qədər sadə deyil. Çünki Ökenin danışdığı model klassik ilhaq modeli deyil. Yəni söhbət “Naxçıvanı Türkiyənin bir vilayətinə çevirək” formulasından getmir. Söhbət Naxçıvanın da daxil olduğu federativ siyasi quruluşdan gedir. Bu fərq çox böyükdür. Çünki birincisi dövlət sərhədinin dəyişdirilməsi deməkdir. İkincisi isə müxtəlif siyasi ərazilərin vahid federativ strukturda birləşdirilməsi ideyasıdır. Lakin istənilən halda nəticə son dərəcə radikal olardı. Çünki Naxçıvan Azərbaycan ərazisidir. Deməli, belə bir federasiya ideyası avtomatik olaraq Ankara-Bakı münasibətlərinin də kökündən dəyişməsini tələb edirdi.

Bakı bu xəritəyə necə baxardı?

Əsl sual budur. Tutaq ki, Özalın planı həyata keçdi. Naxçıvan Türkiyənin daxil olduğu federativ quruluşa daxil olur. Bəs Azərbaycan? Bakı buna razı olacaqdımı? Azərbaycan öz ərazisinin bir hissəsinin Türkiyənin siyasi sisteminə daxil olmasına necə yanaşacaqdı?

Bu sualların cavabı Özalın planının ən zəif yerini göstərir. Çünki Türkiyə-Azərbaycan münasibətləri nə qədər yaxın olsa da, Azərbaycan öz ərazi bütövlüyü məsələsində prinsipial mövqedə dayanmalı idi. Naxçıvanın statusu isə beynəlxalq hüquq baxımından ayrıca məsələdir. 1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanın statusunun formalaşmasında mühüm rol oynayıb. Bu səbəbdən Naxçıvan məsələsinə yalnız “türk dünyasının coğrafiyası” prizmasından baxmaq kifayət deyil. Burada beynəlxalq hüquq var. Azərbaycanın suverenliyi var. Türkiyənin təhlükəsizlik maraqları var. Rusiya faktoru var. İran faktoru var. Və ən əsası, Cənubi Qafqazın mürəkkəb sərhəd sistemi var.

Özal nəyi görürdü?

Məsələnin ən maraqlı tərəfi məhz buradadır. Özal Naxçıvana yalnız kiçik bir muxtar respublika kimi baxmırdı. Naxçıvan onun üçün Türkiyənin Qafqaza açılan qapısı idi. Azərbaycanla Türkiyə arasında coğrafi bağlantının ən mühüm nöqtəsi idi. Türkiyədən Azərbaycana, oradan isə Mərkəzi Asiyaya uzanan böyük xəritənin başlanğıcı idi.

Bu gün “Türk dünyası”, “Orta Dəhliz”, “Zəngəzur bağlantısı”, “Türkiyə-Azərbaycan quru əlaqəsi” deyəndə müzakirə etdiyimiz geosiyasi xəttin ilkin təsəvvürlərini Özalın düşüncələrində görmək mümkündür. Əlbəttə, 1990-1991-ci ilin dünyası ilə bugünkü dünyanı eyniləşdirmək olmaz. Amma xəritənin məntiqi dəyişməyib. Naxçıvan yenə də Türkiyə ilə Azərbaycan arasındakı ən mühüm geosiyasi körpüdür.

Zəngəzur məsələsi burada niyə önəmlidir?

Bu gün Zəngəzur haqqında danışanda məsələ çox vaxt yalnız nəqliyyat layihəsi kimi təqdim olunur. Əslində isə məsələ daha dərindir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantının yaranması Türkiyə ilə Azərbaycanın da birbaşa quru əlaqəsini gücləndirəcək. Bu isə Türkiyənin Orta Asiyaya çıxışını asanlaşdıracaq. Başqa sözlə, Naxçıvanın coğrafi mövqeyi bir anda regional əhəmiyyət qazanır. 90-cı illərdə Özalın gördüyü məsələ də məhz bu idi – Naxçıvanın ölçüsü kiçik ola bilər, amma geosiyasi çəkisi ölçüsündən qat-qat böyükdür.

Özalın siyasi düşüncəsini yalnız “yeni torpaqlar əldə etmək” kimi izah etmək yanlışdır. Onun daha böyük bir layihəsi vardı – Türkiyənin ətraf coğrafiyaya təsir imkanlarını artırmaq. Mosul bunun bir hissəsi idi. Kərkük başqa hissə. Azərbaycan-Naxçıvan başqa. KKTC isə daha bir istiqamət. Özal klassik sərhədlərin içində qapalı Türkiyə təsəvvür etmirdi. O, Türkiyəni regional gücə çevirmək istəyirdi. Bəlkə də daha dəqiq desək, Türkiyənin sərhədlərindən kənarda Türkiyənin siyasi çəkisini artırmaq istəyirdi. Bu baxımdan Naxçıvan ideyası ayrıca hadisə deyil, böyük bir geosiyasi düşüncənin parçasıdır.

90-cı illərin gerçəkliyi: sərhəddə hərbi təlimlər

Mim Kemal Ökenin nəql etdiyi xəritə müzakirələrindən cəmi bir il sonra, 1992-ci ilin mayında erməni silahlı birləşmələri Naxçıvanın Sədərək rayonuna hücum edəndə, Özalın zehni xəritəsi real poliqona köçdü. Bu, sadəcə iki respublika arasında sərhəd davası deyil, Ankara üçün Qars müqaviləsinin verdiyi qarantorluq hüququnun sınağı idi. Məhz həmin gərgin günlərdə Turqut Özal Türkiyə dövlətinin mövqeyini diplomatik ritorikadan hərbi təhdid dilinə keçirdi. Türk Quru Qoşunlarının 3-cü Ordusu təlim adı altında dərhal Ermənistan sərhədinə yeridildi və döyüşə hazır vəziyyətə gətirildi. Rusiya və Qərbin reaksiyalarına baxmayaraq, Özalın ətrafına verdiyi o məşhur tapşırıq hələ də tarixin yaddaşındadır:

“Ermənistan sərhədində ciddi bir hərbi manevr edin. Təlim zamanı üç mərmi o tərəfə düşsə, nə olar? Bu, onlara “həddini aşsan, mən buradayam” deməkdir. Bunu lafla deyil, əməldə etmək lazımdır”.

Özal beynəlxalq münasibətlərdə risk almağın tərəfdarı idi. O, “Bosniyada qətliam törədiləndə kim müdaxilə etdi? Risk almasaq, beynəlxalq siyasətdə yerimiz olmaz” deyərək, Naxçıvanı qorumaq üçün hərbi müdaxilə variantını masada saxlayırdı.

Özalın planı niyə həyata keçmədi?

Bu planın reallaşmamasının bir neçə fundamental səbəbi var idi:

Birinci səbəb – Özalın siyasi ömrü çox qısa oldu. 1993-cü ildə onun qəfil və şübhəli ölümü ilə bir sıra böyük geosiyasi layihələr yarımçıq qaldı.

İkinci səbəb – Türkiyənin öz daxilindəki müqavimət. Federasiya ideyası Türkiyə dövlət ağlı üçün olduqca ağır və riskli məsələ idi.

Necip Torumtay (Baş Qərargah rəisi) Özalın Mosula girmək planına ən böyük zərbəni vuran şəxs oldu. Ordunun belə bir müharibəyə hazır olmadığını, texniki təchizatın yetərsizliyini və regional müharibəyə girməyin risklərini əsas gətirərək vəzifəsindən istefa verdi.

Xarici işlər naziri Əli Bozer Turqut Özalın ABŞ ilə apardığı gizli danışıqlar və xarici siyasətdəki təkbaşına qərarları ilə razılaşmayaraq istefa verdi.

Yıldırım Akbulut (baş nazir). Həmin dövrdə baş nazir və iqtidarda olan ANAP sədri olmasına baxmayaraq, Turqut Özalın Mosula girmək və müharibəyə qoşulmaq istəyinə qarşı çox təmkinli və soyuq bir mövqe nümayiş etdirdi. Özalın aktiv siyasətini hökumət daxilində ləngidən əsas fiqurlardan biri oldu.

Süleyman Dəmirəl (DYP – Doğru Yol Partiyasının sədri): Dövrün əsas müxalifət liderlərindən olan Dəmirəl Özalın bu siyasətini çox sərt tənqid edirdi. O, Türkiyənin İraqın bataqlığına çəkilmək istəndiyini və bunun ölkə üçün fəlakət olacağını bəyan edirdi.

Erdal İnönü (SHP – Sosial-Demokrat Halkçı Partiyasının sədri): Digər güclü müxalifət lideri olan İnönü də Türkiyənin parlamentin (TBMM) qərarı olmadan müharibəyə daxil edilməsinə qarşı çıxır və sülh tərəfdarı siyasət yürüdülməsini tələb edirdi.

Nəticə etibarilə, həm ordunun (Necip Torumtay), həm xarici işlərin (Əli Bozer), həm də müxalifətin göstərdiyi bu güclü ortaq müqavimət Turqut Özalın Mosula girmək planının qarşısını aldı və Türkiyə Birinci Körfəz müharibəsinə birbaşa hərbi qüvvə ilə daxil olmadı.

Üçüncü səbəb – Azərbaycan faktoru: Azərbaycanın belə bir modelə razı olub-olmayacağı böyük sual idi.

Dördüncü səbəb – Rusiya: Sovet İttifaqının dağılmasına baxmayaraq, Moskvanın Qafqazdakı təsiri və hərbi gücü birdən-birə yox olmamışdı.

Beşinci səbəb – İran: Naxçıvan məsələsində və sərhədlərin dəyişməsində İranın da öz təhlükəsizlik maraqları var idi.

Altıncı səbəb – Qərb: 1991-ci ildə Qafqazın sərhədlərinin yenidən çəkilməsi Qərb üçün də arzuolunmaz geosiyasi böhran doğurardı. Belə bir layihənin həyata keçirilməsi üçün yalnız Ankara qərarı kifayət etmirdi.

Heydər Əliyevin rolu və “Ümid” körpüsü

Bu gərgin geosiyasi şəraitdə, 28 may 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev və Türkiyə rəhbərliyinin iştirakı ilə Araz çayı üzərində “Ümid” körpüsünün (Həsrət körpüsü) açılması regionun taleyini dəyişdi. Bu körpü sadəcə nəqliyyat infrastrukturu deyil, həm də Özalın xəyal etdiyi “Qafqaza açılan qapı”nın ilk real addımı idi.

Naxçıvanın blokadada olduğu, işığın və ərzağın tükəndiyi bir vaxtda Türkiyənin ayırdığı 100 milyon dollarlıq kredit və humanitar dəstək bu qapının canlı qalmasını təmin etdi. Heydər Əliyevin praqmatizmi, Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsini Azərbaycanın suverenliyi və təhlükəsizliyi ilə uzlaşdıran strategiyası sonrakı dövrdə Bakı-Ankara əlaqələrinin strateji tərəfdaşlığa çevrilməsi üçün mühüm siyasi zəmin yaratdı.

Özalın xəyal etdiyi hərbi varlıq, Qars müqaviləsinin hüquqi gücü və sərhədə yığılan türk ordusu Ermənistanın geri addım atmasına səbəb olan ən böyük çəkindirici gücə çevrildi.

Və bu gün...

İndi gəlib XXI əsrə çıxırıq. Və qəribə bir mənzərə yaranır: Özalın xəyal etdiyi federasiya yoxdur. Naxçıvan Türkiyənin tərkibinə daxil olmayıb. Azərbaycan öz dövlət müstəqilliyini və ərazi bütövlüyünü tamamilə qoruyub, bərpa edib. Türkiyə öz sərhədləri daxilində qalır.

Amma Özalın gördüyü başqa bir proses sürətlə inkişaf edir – Türkiyə ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, hərbi və nəqliyyat bağları getdikcə dərinləşir. Türk Dövlətləri Təşkilatı formalaşıb. Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Naxçıvanın geosiyasi əhəmiyyəti artıb. Zəngəzur bağlantısı regionun ən mühüm müzakirə mövzularından birinə çevrilib. Yəni Özalın xəritəsi formal olaraq həyata keçməyib, amma onun xəritədə gördüyü geosiyasi istiqamət bu gün yaşayır.

Bəzən dövlət adamları gələcəyi görür, amma onu özləri qura bilmirlər. Özal Naxçıvanı Türkiyənin siyasi gələcəyinin bir hissəsi kimi düşünmüş ola bilər. Bu ideyanın doğru və ya yanlış olması, yaxud həyata keçirilməsinin mümkün olub-olmaması ayrıca məsələdir. Amma Ökenin xatirəsi bir şeyi göstərir – 1991-ci ildə Ankarada ən yüksək səviyyədə adi diplomatik münasibətlərdən daha böyük xəritələr müzakirə edilirdi. Və həmin xəritədə Naxçıvan xüsusi yer tuturdu.

Əliyev-Ərdoğan modeli

Siyasi romantika ilə real geosiyasət arasında həmişə fərq olur. 1991-ci ildə federasiya ideyası cəlbedici görünə bilərdi. Lakin dövlətlərarası münasibətlərdə uzunömürlü olan model emosiyadan çox institusional maraqlara söykənir. Azərbaycanın seçdiyi yol məhz bunu göstərdi. Ölkə öz suverenliyini qorudu, eyni zamanda Türkiyə ilə strateji münasibətləri maksimum dərəcədə inkişaf etdirdi.

Tarixə son sözü Özal demədi. Tarix öz sözünü Azərbaycan dövlətçiliyinin qorunması və Türkiyə ilə strateji müttəfiqliyin dərinləşməsi ilə dedi. Bəlkə də ən uğurlu formula elə budur – Naxçıvan Azərbaycanın olaraq qaldı. Azərbaycan müstəqil dövlət kimi möhkəmləndi. Türkiyə isə onun ən yaxın strateji tərəfdaşına çevrildi.

Bəzən ən güclü geosiyasi nəticə iki dövlətin birləşməsi deyil, iki dövlətin öz sərhədlərini qoruyaraq bir-birinə maksimum yaxınlaşmasıdır. Özalın xəyal etdiyi xəritə tarixdə qaldı. İlham Əliyevin siyasəti ilə Rəcəb Tayyib Ərdoğanın regional baxışı isə burada uzlaşdı: sərhədləri dəyişmək əvəzinə, dövlətlər arasındakı məsafəni azaltmaq.

Naxçıvan məsələsində XXI əsrin ən mühüm siyasi formulunun mahiyyəti də budur – Azərbaycan torpağında Azərbaycan bayrağı, onun yanında isə Türkiyənin sarsılmaz strateji dəstəyi. Naxçıvan böyük xəritənin kiçik görünən, amma ən strateji parçasıdır. Bəlkə də Özalın gördüyü əsas həqiqət məhz bundan ibarət idi...

Azər Rəşidoğlu