XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Beş amil kişilərin ömrünü 11 ilədək uzada bilər
Sağlamlıq08:45 14.09.2026

Beş amil kişilərin ömrünü 11 ilədək uzada bilər

Siqaretdən imtina etmək, normal çəkiyə sahib olmaq, qan təzyiqi, xolesterin və qan şəkərinin sağlam səviyyədə saxlanılması orta yaş dövründə ömür uzunluğunun orta hesabla təxminən 11 il artması ilə əlaqələndirilir. Finlandiyalı alimlər bu qənaətə gəliblər.

Qaynarinfo xəbər verir ki, tədqiqat “European Journal of Preventive Cardiology” jurnalında dərc olunub.

Alimlər 1919-1934-cü illərdə anadan olmuş və Helsinki iş adamları araşdırması çərçivəsində tibbi müayinədən keçmiş 2690 kişinin məlumatlarını təhlil ediblər. İştirakçılar orta hesabla 40 il ərzində, 2025-ci ilin yanvarına qədər müşahidə olunublar.

Tədqiqatçılar sağlamlığa müsbət təsir edən amillər kimi siqaretdən imtinanı, bədən kütləsi indeksinin 25-dən aşağı olmasını, sistolik qan təzyiqinin 140 mm civə sütunundan aşağı olmasını, ümumi xolesterinin 6,0 mmol/l-dən aşağı səviyyədə saxlanılmasını və xüsusi məhlul qəbulundan sonra qanda qlükoza səviyyəsinin kəskin yüksəlməməsini müəyyənləşdiriblər.

Beş amilin heç birinə uyğun gəlməyən kişilər ilk müayinədən sonra orta hesabla 31,8 il yaşayıblar. Beş müsbət göstəricinin hamısına sahib olan iştirakçılar isə orta hesabla 42,7 il yaşayıblar. Bu, təxminən 11 il fərq deməkdir.

“90 yaşa qədər yaşamaq ehtimalı da əhəmiyyətli dərəcədə fərqlənib: əlverişli amillərdən heç birinə sahib olmayan kişilərin 6,8 faizi, beş göstəricinin hamısına sahib olan iştirakçıların isə 41,9 faizi bu yaş həddinə çatıb”, – alimlər qeyd ediblər.

Tədqiqatçılar həmçinin qocalıq dövrünə qədər yaşayan iştirakçıların sağlamlıq vəziyyətini qiymətləndiriblər. Əlverişli amillərdən heç birinə və ya yalnız birinə sahib olan kişilərin 24,5 faizində yaşlılıq zəifliyinin – fiziki güc və dözümlülüyün azalmasının əlamətləri aşkarlanıb. Beş göstəricinin hamısına sahib olan qrupda isə bu göstərici cəmi 2,2 faiz olub.

Bundan əlavə, ürək-damar sistemi baxımından əlverişli göstəricilərə malik kişilər fiziki vəziyyətlərini, enerji səviyyələrini, ağrıların mövcudluğunu, sosial aktivliklərini və ümumi sağlamlıqlarını orta hesabla daha yaxşı qiymətləndiriblər.

Bununla belə, tədqiqat məhz bu beş amilin bütün yaş və cins qruplarında ömrü birbaşa uzatdığını sübut etmir. Müəlliflərin sözlərinə görə, araşdırmada əsasən eyni sosial təbəqəyə və etnik qrupa mənsub kişilər iştirak edib. Buna görə də nəticələri avtomatik olaraq bütün insanlara şamil etmək olmaz.

Aydın