
Sumqayıt Şəhər Məhkəməsi vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək məqsədilə pul almaqda təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, məsələ Sumqayıtda yaşayış binasının arxasındakı boş torpaq sahəsinin özəlləşdirilməsi və həmin ərazidə mağaza tikintisi üçün müvafiq sənədlərin alınması ilə bağlı olub. Təqsirləndirilən şəxsin bu məsələlərin həllinə kömək etmək vədi ilə ümumilikdə 11 min 70 manat aldığı göstərilir.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. O, pulu aldığını etiraf etsə də, vəsaiti borclarını ödəmək üçün istifadə etdiyini və sonradan geri qaytarmaq niyyətində olduğunu bildirib.
Bununla belə, məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə (nüfuz alveri – şəxsin özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək məqsədilə özü və ya başqaları üçün maddi nemət istəməsi və ya alması) təqsirli bilib. Hökmə əsasən o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Seyid