
Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirir.
Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Layihə çərçivəsində növbəti yazını təqdim edirik:
Yasa dönən toy Azərbaycan tarixini necə dəyişdirdi?
Elnur Astanbəyli
1256-cı ildə Çingiz xanın nəvəsi, Tuluy xanın oğlu Hülaku xan tərəfindən Elxanlı xanədanının əsası qoyuldu. Azərbaycan, eləcə də indiki İran, İraq və Şərqi Anadoluda uzun illər boyu hökm sürən bu dövlət böyük bir coğrafiyanın siyasi, iqtisadi və mədəni həyatında yeni səhifə açmışdı.
Öncə ismaililərin əsas qalalarını ələ keçirən, 1258-ci ildə isə Bağdadı tutaraq Abbasilər xilafətinin siyasi hakimiyyətinə son qoyan Hülaku xan 1259-cu ildə qurduğu dövlətin tam müstəqilliyinə nail oldu.
Elxanlıların əsas siyasi mərkəzi əvvəlcə Marağa və Təbriz, sonralar isə Sultaniyyə şəhəri sayılır. Hər bir halda bu dövlətin idarəçiliyində başlıca rolu Azərbaycan oynayıb.
İlk Elxanlı hökmdarları müxtəlif dini baxışlara sahib idilər. 1282–1284-cü illərdə hakimiyyətdə olmuş Əhməd Təkudar İslamı qəbul edən ilk Elxanlı hökmdarı kimi tarixə düşdü. Elxanlıda İslamın əsas dini-siyasi dayağa çevrilməsi isə Qazan xanın adı ilə bağlıdır. 1295-ci ildə hakimiyyətə gələn Qazan xan bundan sonra “Mahmud” adını qəbul etdi və idarəçilikdə mühüm islahatlar həyata keçirdi.
1335-ci ildə Elxanlı dövlətinin axırıncı böyük hökmdarı Sultan Əbu Səid Bahadur öldü, bəzi iddialara görə isə qısqanclıq zəminində həyat yoldaşı Bağdad Xatun tərəfindən öldürüldü. Bununla da Elxanlının süqutu başladı. Hakimiyyət Elxanlı dövlətinin əsas sütunları hesab olunan uyrat, cəlairi, çobanlı, sutay kimi böyük tayfa əmirlərinin istəklərinə uyğun hərəkət edən zəif xanların əlinə keçdi.
Həmin vaxt İraq-Ərəb bölgəsi cəlairilərin, Azərbaycan çobanilərin, Şərqi Anadolu isə uyrat və sutayların mülkiyyətində idi. Bölgənin digər köklü və güclü türk boyları ilə onların əmirləri isə pusquya yatmışdılar. Yuxarıda adları çəkilən tayfalardan çıxmış noyonların (monqol feodallarının), əmirlərin bütün şıltaqlıqlarına, qanunsuzluqlarına, özbaşınalıqlarına boyun əyərək növbənin özlərinə çatacağı günü gözləyirdilər.
Pir Məhəmməd tarix səhnəsinə çıxır
1335–1350-ci illər arasında Elxanlı tayfaları və əmirləri arasında ixtilaf getdikcə güclənirdi. Gün keçdikcə bir az da şiddətlənən bu mübarizəni kənardan izləyən türk tayfaları tədricən dirçəlməyə başladılar. Elxanlı taxtı uğrunda gedən mübarizə elə amansız hal aldı ki, 1340-cı ildə əmirlər çarəsiz vəziyyətdə qaldılar – indi onlar Elxanlı xanədanının banisi Hülaku xanın soyundan kimisə tapıb taxta çıxara bilmirdilər. Daha aydın desək, Elxanlı dövlətinin taxt-tacı uğrunda savaş, faktiki olaraq, Çingizin nəslini qurutmuşdu...

Elxanlı tayfalarını ətrafında birləşdirən müqəddəs soyun varlığı ortadan qalxınca, hər tayfa öz hesabına bu boşluğu doldurmaq fikrinə düşdü. Həmin vaxt başqa bir ciddi hadisə baş verdi – Şərqi və Cənub-Şərqi Anadoluya hakim olan sutayların böyük əmiri, iki ildir yatalaq xəstəsi olan İbrahim şah 1350-ci ildə öldü. Onun ölümündən sonra Sutaylar əmirliyinin başına Hacı Turqay oğlu Pir Məhəmməd keçdi.
Kimdir axı bu sutaylar?
Sutaylar əmirliyi XIV əsrin birinci yarısında Şərqi Anadolu, Diyarbəkir, Əl-Cəzirə və Şimali İraq ərazilərində fəaliyyət göstərən və mənşəcə monqol hərbi elitasına bağlı sülalə idi.
Sülalənin yüksəlişi Elxanlılar dövlətinin zəifləməsi, mərkəzi hakimiyyətin parçalanması və keçmiş monqol əyalətlərində yerli əmirlərin müstəqilləşməsi ilə əlaqədar idi.
Sülalənin banisi Əmir Sutay Noyan hələ Elxanlı hökmdarı Qazan xanın dövründə yüksəlmiş nüfuzlu sərkərdə idi. Sonralar Ulcaytu və Əbu Səid zamanında da hərbi-siyasi xidmətini davam etdirmiş, Diyarbəkir əyalətinin idarəçiliyində mühüm mövqe tutmuş, 1332-ci ildə ölmüşdür.
Sutayların etnik mənşəyi barədə tədqiqatçılar arasında fikir ayrılıqları mövcuddur. Bəziləri bu sülaləni monqolların qədim tayfalarından olan sünid (sünud) boyu ilə əlaqələndirirlər.
Əmir Sutaydan sonra onun nəslinin siyasi mövqeyi elə də güclü deyildi, lakin Elxanlılar dövlətində mərkəzi hakimiyyətin zəifləməsi sutaylara əvvəlki ərazilərində yenidən güclənmək imkanı verdi.
Sutay Noyanın oğlu Hacı Turqay 1330-cu illərdə sülalənin əsas nümayəndəsinə çevrildi. O, bölgədəki rəqiblərlə amansız mübarizə aparır, bu zaman cəlairilərlə ittifaq quraraq mövqeyini qorumağa çalışırdı. 1343-cü ildə Hacı Turqay öz qardaşı oğlu İbrahim şah tərəfindən öldürüldü. Həmin hadisədən sonra hakimiyyət elə İbrahim şahın əlinə keçdi. Onun dövründə sutaylılar çobanilərlə mübarizəyə girişdilər və əvvəlki siyasi birliklərini itirməyə başladılar.
İbrahim şahın hakimiyyəti dövründə Mosul uğrunda mübarizə xüsusi əhəmiyyət daşıyırdı. Bu şəhər həm ticarət yolları, həm də Şimali İraq üzərində nəzarət baxımından mühüm strateji mövqeyə malik idi. İbrahim şahın Mardin Artukluları ilə nikah əlaqəsi qurması da onun siyasi nüfuzunu möhkəmləndirmək cəhdi kimi şərh olunur. Lakin 1350-ci ildə onun vəfatından sonra sutaylıların İraqdakı mövqeləri zəiflədi.
Belə ki, İbrahim şahın ölümündən sonra hakimiyyətə onun bir vaxtlar qətlə yetirdiyi əmisinin – Hacı Turqayın oğlu Pir Məhəmməd gəldi. O, itirilmiş mövqeləri bərpa etməyə çalışaraq Mosul üzərində nəzarəti yenidən ələ keçirdi. Ancaq Pir Məhəmmədin hakimiyyəti uzun sürmədi.
Toya dönən yas
Pir Məhəmməd Mosulu tutub öz hakimiyyətini qanuniləşdirmək üçün İbrahim şahın Mardindəki dul qızı ilə evlənmək istədi. Bu məqsədlə Mardinə doğru yola çıxdı və Əhər kənarında ordugah qurdu.

Ardınca isə Mardin hakimi Məlik Salihdən İbrahim şahın qızını istədi. Qızı öz himayəsində saxlayan Məlik Salih etiraz etmədi. Hər iki tərəf dərhal toy hazırlıqlarına başladı.
Öncə bütün işlər yolunda gedirdi. Şəhər kənarındakı böyük ovalıqda çadırlar qurulmuşdu. Hamı sevinc əhvali-ruhiyyəsində idi.
Pir Məhəmməd isə çox həyəcanlı görünürdü. Onu həyəcanlandıran dul monqol əsilzadəsi ilə evlənməsi deyildi. Törəyə əsasən, bir çox qiymətli hədiyyələrlə yanaşı, Mardin də cehiz olaraq Pir Məhəmmədə veriləcəkdi.
İntəhası, hadisələrin axarı qəfildən dəyişdi: toya bir neçə gün qalmış bəyin öldürüldüyü xəbəri gəldi və aləm qarışdı.
Monqol çağının qürubu və Qaraqoyunlu səltənətinin doğuluşu
Pir Məhəmməd ən yaxın silahdaşı və ordu əmiri Pir Hüseyn tərəfindən boğazı kəsilərək qətlə yetirildi. Bu hadisədə qeyri-adi heç nə yox idi: həmin dövrdə müxtəlif maraqlar naminə belə qətllər adi hal almışdı. Pir Məhəmmədin öldürülməsini də onlardan biri kimi qiymətləndirmək olardı. Lakin bir önəmli nüans var idi ki, bu qətlin mahiyyətini tamamilə dəyişdirirdi. Belə ki, bir monqol əmirini, özü də elə onun toy çadırındaca adi bir türkmən bəyi öldürmüşdü! Bu, monqol çağının da sonu demək idi.

Türkiyənin tanınmış tarixçilərindən Faruk Sümer “Kara-Koyunlular” adlı tədqiqatında yazır ki, İbrahim şahın 1350-ci ildə ölümündən sonra hakimiyyətə Hacı Turqayın oğlu Pir Məhəmməd gəlib. Lakin o, öz əmirlərindən Ağca Saqal ləqəbli Buğa oğlu Hüseyn bəy tərəfindən öldürülüb. Bu hadisədən sonra Hüseyn bəy hakimiyyəti ələ keçirib, özü də az sonra Bayram Xoca tərəfindən öldürülüb.
Başqa bir araşdırmaçı – Hasan Geyikoğlunun yazdığına görə, Pir Məhəmməd bölgədəki türkmənlər tərəfindən əmir və Mosul hakimi kimi tanınıb. O, Pir Məhəmmədin Hüseyn bəy tərəfindən öldürülməsini 1350 və ya 1351-ci ilə aid edir. Müəllif bu hadisə ilə Şərqi Anadoluda sutaylar hakimiyyətinin zəiflədiyini, türkmən əmirlərinin siyasi üstünlüyünün artdığını vurğulayır.
Müasir Azərbaycan tarixçiliyinin görkəmli nümayəndəsi Əkbər N. Nəcəf isə diqqəti monqol hökmdarı və ya əmirlərindən heç birinin haqqında danışılan cinayətin haqq-hesabını çəkməməsinə yönəldir, üstəlik, bunu təsadüfi saymır. Onun fikrincə, nəticədə Anadoludakı yüz illik siyasi səhnə bir andaca dəyişdi. Orta Şərqdə türkmən çağı nakam bir toy hekayəsi ilə başladı! Bircə gecənin içində monqolların izi bütün Anadoludan silinmişdi. O vaxtadək səssiz şəkildə intiqam anını gözləyən türk tayfaları tarixdə tamamilə yeni səhifə açdılar. Türklər monqol əmirlərinə və soylarına elə toy tutdular ki, on il sonra böyük bir coğrafiyada monqollardan əsər-əlamət qalmadı. Tarix Çingiz xanın hesabını onun nəticələrindən amansızcasına almışdı!
Mardində əmirlik taxtına oturan Pir Hüseyn qısa vaxtda sutayların nəzarətindəki bütün ərazilərə sahibləndi. Bununla da Anadolu iki böyük tayfa ittifaqı tərəfindən bölüşdürüldü. İndi bölgənin sahibi olaraq bir tərəfdə qaraqoyunlular, digər tərəfdə isə ağqoyunlular var idi.
Pir Hüseynin qələbəsini bütün türk bəyləri alqışla qarşıladılar. Qaraqoyunluların əmiri Bayram Xoca ona öz dostluğunu və müttəfiqliyini təklif etdi. Hətta bəzi müharibələrdə düşmənə qarşı çiyin-çiyinə döyüşdülər. Ancaq bu dostluq qısa sürdü. Hicri təqvimlə 752-ci ildə (miladi təqvimlə 1351-ci il) Əyn əl-Kiyara deyilən yerdə Bayram Xoca öz müttəfiqini – Pir Hüseyni öldürdü. Beləliklə, Qaraqoyunluların səltənəti başlamış oldu.

Beləliklə, yaxın gələcəkdə Azərbaycanın da daxil olduğu böyük bir coğrafiyada monqol hegemoniyasına son qoyulması və bölgənin taleyində yeni səhifə açan Qaraqoyunlu dövlətinin ortaya çıxması ilə nəticələnən hadisələrin başlanğıc nöqtəsi baxımından Pir Məhəmmədin öldürülməsi həlledici amil oldu. Onun Mardin hakiminin qızı ilə izdivac öncəsində qətlə yetirilməsi səbəbindən baş tutmayan toy isə hər bir halda tarixə yasa dönən, ancaq tarixi dəyişdirən toy kimi düşdü.
İstifadə olunan ədəbiyyat
The Cambridge History of the Mongol Empire, pp. 181–242
Əkbər N. Nəcəf. Qara Yusif. “Altun kitab” nəşriyyatı, Bakı – 2022
Faruk Sümer. Kara-Koyunlular. Selçuklu Tarih ve Medeniyeti Enstitüsü, Selçuklu Araştırmaları Dergisi, I c., 1969
Hasan Geyikoğlu. Kara-Koyunlular’ın Van-Gölü Çevresindeki Faaliyetleri ve Günümüze Ulaşabilen Kültürel Mirasları, 2008, DergiPark
Erol Keleş. Vilâyet-i Ermen Vâlisi Emir Sutay Noyan ve Sutaylılar. Marmara Türkiyat Araştırmaları Dergisi, Cilt: 8, Sayı: 1, 9 Haziran 2021
Tarihin nabzı: Farklı dönemlerden akademik kesitler. İksad Yayınları-20