
Turist bələdçiliyi yalnız tarixi məkanları tanıtmaq, marşrut qurmaq və qonaqlara ölkənin görməli yerlərini göstərməkdən ibarət deyil. Bu iş həm də insanları tanımaq, onların fərdi xüsusiyyətlərini nəzərə almaq, maraqlarına uyğun proqram hazırlamaq və ölkə haqqında xoş təəssürat yaratmaq bacarığı tələb edir. Xüsusilə fərqli mədəniyyətlərdən gələn turistlərlə işləyərkən onların qidalanma vərdişlərini, sağlamlıq vəziyyətini və şəxsi istəklərini nəzərə almaq vacibdir.
Turist bələdçisi Vüqar Məmmədov əsasən İsraildən gələn qonaqlarla işləyir. Onun sözlərinə görə, bəzən bir turistlə gün ərzində 15-16 saat vaxt keçirməli olur. Bələdçinin işi hava limanında qonağı qarşılamaqla başlayır, lakin bununla bitmir: oteldə yaranan problemlərin həllindən tutmuş, uyğun restoran seçiminə və fərdi tur proqramının hazırlanmasına qədər bir çox məsuliyyət onun üzərinə düşür.
Vüqar Məmmədov hesab edir ki, yaxşı bələdçinin əsas xüsusiyyəti vətənini sevməsi və öz işinə hörmətlə yanaşmasıdır. O, turistlərin Azərbaycan haqqında təəssüratlarının çox vaxt məhz bələdçinin davranışından formalaşdığını, xarici qonaqlarla işlədikcə ölkəmizi daha yaxından tanıdığını və sevdiyini deyir.
Qaynarinfo üçün bələdçi Vüqar Məmmədovla söhbətimizdə turistlərin Azərbaycanda ən çox maraq göstərdiyi məkanlardan, İsraildən gələn qonaqların seçimlərindən, bələdçilik peşəsinin çətinliklərindən və bu sahədə uğur qazanmağın yollarından danışdıq.

– Vüqar bəy, turist sizinlə əlaqə saxlayanda onun üçün tur proqramı hazırlamazdan əvvəl hansı məqamları dəqiqləşdirirsiniz?
– İlk növbədə, turistin neçə yaşında olduğunu və turda kimlərin iştirak edəcəyini öyrənirəm. Sonra onların qidalanma vərdişləri ilə maraqlanıram. Məsələn, vegetariandırlar, yoxsa ət yeyirlər? Kaşer qidalanmaya riayət edirlər, yoxsa adi yeməklərə üstünlük verirlər? Əgər İsraildən gəlirlərsə, bu məsələni xüsusilə dəqiqləşdirirəm. Çünki kaşer qidalanma qaydalarına əməl edən yəhudilər ət və süd məhsullarını qarışdırmırlar.
Bundan başqa, şəkərli diabetlərinin olub-olmadığını, hər hansı qidaya allergiyalarının olub-olmadığını, nəyi yeyib-yemədiklərini soruşuram. İnsanla danışdıqca onun xarakterini də müəyyən qədər anlayırsan. Bundan sonra hansı turu təklif edəcəyinə qərar verirsən.
Elə insanlar var ki, onlarla səkkiz saat fasiləsiz tur keçə bilərsən. Amma elə turist də var ki, onunla dörd saatdan artıq gəzmək mümkün olmur.
Şəxsi təcrübəmdə elə hadisə olub ki, gecə saat 4-də hava limanından götürdüyüm turisti növbəti gün gecə saat 11-də otelə aparıb düşürmüşəm. Təsəvvür edin, nə qədər saat birlikdə olmuşuq.
– Deməli, turistlərin yaş amili də tur proqramının hazırlanmasında mühüm rol oynayır. Əsasən hansı yaş qrupundan olan qonaqlarla işləyirsiniz?
– Hazırda əsasən İsrail bazarı ilə işləyirəm və daha çox yaşlı nəslin nümayəndələri gəlir. Onların əksəriyyətinin yaşı 65-dən yuxarıdır. Bu insanlar ömürləri boyu işləyiblər, indi isə dövlətin təmin etdiyi pensiyadan istifadə edərək səyahət edirlər.
Bu işdə əsas diqqət yetirilməli məqamlardan biri odur ki, turizm bələdçisi ölkənin üzüdür, onun təmsilçisidir. Azərbaycana gələn insan ilk növbədə səni görəndə Azərbaycanı görür. Ona görə də turistin yanında danışığına, oturuşuna, duruşuna, reaksiyalarına, ümumiyyətlə, davranışına maksimum dərəcədə fikir verməlisən.
– Vüqar bəy, turistlərin görmək istədikləri yerlər həmişə sizin hazırladığınız marşrutla üst-üstə düşürmü? Məsələn, elə olubmu ki, turist xüsusi olaraq hansısa məkanı görmək istəsin?
– Əlbəttə, belə hallar çox olur. Mən əvvəlcədən onlardan mütləq görmək istədikləri yerlərin olub-olmadığını soruşuram. Əgər konkret bir məkanı görmək istəyirlərsə, onu tur proqramına daxil edirəm.
Məsələn, turist deyə bilər ki, Masazırdakı Duzlu gölü görmək istəyir. Bəzən həmin marşrut əvəzinə ona daha maraqlı başqa bir yer də təklif etmək mümkündür. Hətta alternativ məkan daha uzaqda ola bilər, mənə daha çox əziyyət verə bilər. Amma istəyirəm ki, turist Azərbaycanda arzuladığı təcrübəni yaşasın.
Əgər turist Duzlu gölü görmək istəyibsə və sən onu ora aparmamısansa, turun sonunda onda təəssüf hissi qala bilər. Düşünər ki, Azərbaycana bu gölü görmək üçün gəlmişdim, amma görə bilmədim. Ona görə də turistin istəyini nəzərə almaq çox vacibdir.
– Bəs Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi üç məkan hansıdır?
– İlk növbədə, İçərişəhərdir. Qız qalası və Şirvanşahlar sarayı turistlərin xüsusi maraq göstərdiyi tarixi abidələrdir. Bu ərazi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.
Ən çox ziyarət edilən məkanlardan biri də Qobustan Dövlət Tarix-Bədii Qoruğudur. Buradakı qayaüstü təsvirlərin, yəni petroqliflərin bəzilərinin yaşı eramızdan əvvəl 10-12 min il əvvələ gedib çıxır. Bu, turistlər üçün olduqca maraqlıdır.
Üçüncü istiqamət isə Şəkidir. Mənim müşahidəmə görə, Bakıdan sonra turistlərin ən çox üz tutduğu istiqamətlərdən biridir.
İsraildən gələn turistlər üçün isə Qubadakı Qırmızı Qəsəbə xüsusi maraq doğurur. Onlar bura gəlməyə çalışırlar. Qəsəbədə Dağ Yəhudilərinin Muzeyi və yerli sinaqoqlar var.
Qırmızı Qəsəbədəki sinaqoqların bəzi xüsusiyyətləri İsraildəki sinaqoqlardan fərqlənir. Məsələn, burada sinaqoqa daxil olarkən ayaqqabıları çıxarmaq lazımdır. Çünki içəridə əl ilə toxunmuş xalçalar sərilib.
Dağ yəhudiləri uzun müddət yerli müsəlman əhali ilə birgə yaşadıqlarından, mədəniyyətlər arasında qarşılıqlı təsir də olub. Onların məişətində və dini məkanlarında bu təsirlərin müəyyən izlərini görmək mümkündür. Məhz belə fərqli xüsusiyyətlər də turistlərin marağına səbəb olur.
– Bəs heç aparmaq istəmədiyiniz, yaxud turistlərə göstərməyi məsləhət bilmədiyiniz məkanlar olubmu?
– Elə bir yer yoxdur ki, ora turist aparmaq istəməyim. İlk növbədə, işimə hörmətlə yanaşıram. Mənim üçün bu işdə əsas məsələ pul deyil, addır, qazandığın nüfuzdur.
Yəhudilərin bir atalar sözü var: “Tov şem tov, mi şemen tov”. Mən bunu belə ifadə edərdim: yaxşı ad yaxşı yağdan daha yaxşıdır.
Şirkətlərlə işləmirəm. Turistlər əsasən bir-birlərinin tövsiyəsi ilə mənə müraciət edirlər. Bir nəfər dostunu göndərir, o da öz dostunu. Beləcə, əlaqələr genişlənir.
İndiyədək işlədiyim müddətdə heç bir restorandan, mağazadan və ya başqa biznesdən bir qəpik də qazanc götürməmişəm. Bunu özümə yaraşdırmamışam. Amma müştərilərdən xidmətimin dəyərinə uyğun, kifayət qədər yüksək məbləğ alıram. Onlar da bilirlər ki, gördüyüm işin öz qiyməti var.
– Vüqar bəy, neçə ildir bələdçi kimi çalışırsınız?
– 2017-ci ildən 2020-ci ilə qədər çalışmışam, sonra fasilə vermişəm. Son iki ildir yenidən bu sahədəyəm.
– Bu peşənin sizin üçün ən maraqlı tərəfi nədir?
– Bu iş çox maraqlıdır. Burada əsas fəaliyyətin gəzmək, danışmaq, zarafat etmək, yemək və təbiətdə vaxt keçirməklə bağlıdır. Ən üstün cəhətlərindən biri də hər dəfə yeni insanlarla qarşılaşmağındır.
Hətta bir zarafat öyrənsən, onu müxtəlif turistlərə danışa bilərsən. Hər dəfə fərqli insanlar eyni zarafata gülürlər, çünki qarşılaşdığın insanlar dəyişir.
Digər tərəfdən, bu, gəlirli peşədir. Əgər işini vicdanla görürsənsə, sonda sənə səmimi qəlbdən təşəkkür edirlər. Maaşla işləyəndə insan sadəcə gördüyün işin qarşılığını alır. Amma bu sahədə qonağın sənə təşəkkürünü, münasibətini də hiss edirsən. Bəzən xidmət haqqından əlavə, ən azı həmin məbləğin 10 faizi qədər bəxşiş də verirlər.
Ən xoş məqam isə budur ki, turist gələndə səninlə əl sıxışır, gedəndə isə səni qucaqlayır.
– Turistlərlə səfər bitdikdən sonra da əlaqə saxlayırsınız?
– Əlbəttə, 100 faiz. Əlaqələrimiz davam edir. Onlar sonradan öz dostlarını, tanışlarını göndərirlər. Hətta bəzən gələn turistə onun kimlərin tövsiyəsi ilə mənə müraciət etdiyini də izah edirəm. Beləliklə, həmin əlaqələrin necə yarandığını özün də görürsən.
Təkrar gələn turistlər də var. Çünki Azərbaycanı dörd-beş günə tam tanımaq mümkün deyil. Bir günü Qobustana və palçıq vulkanlarına ayırırıq, başqa bir gün Abşeron istiqamətində gəzirik, bir gün Bakı mərkəzini tanıyırıq, digər gün isə şimala gedirik.
Bu istiqamətlərin hər biri bir-birindən çox fərqlidir. Ölkənin təbiəti, tarixi və mədəniyyəti arasında böyük kontrast var. Turist bir məkandan digərinə keçdikcə yeni təəssüratlar yaşayır və marağı azalmır.
– Bəzən belə fikir səslənir ki, xarici turistlər Azərbaycanı öz vətəndaşlarımızdan daha yaxşı tanıyırlar. Siz bu fikirlə razısınızmı?
– Məncə, bizim vətəndaşlarımız da xaricilər kimi ölkəni gəzsələr, Azərbaycana bir daha vurularlar. Bunu tam səmimi deyirəm.
Mən bələdçi olmazdan əvvəl Azərbaycanı indiki qədər tanımırdım. Ölkəni tanıdıqca daha çox sevirəm. Hər yeni məkan, hər yeni tarixi məlumat məndə əlavə maraq yaradır.
Öz ölkəmi daha yaxından tanımaqda mənə ən çox kömək edənlər də elə turistlər olub. Onların sualları, maraqları və görmək istədikləri yerlər məni də araşdırmağa, öyrənməyə vadar edir.
– Sizcə, yaxşı bələdçini digərlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
– Mənə görə, ilk növbədə, bələdçi öz vətənini sevməlidir. İkinci vacib məsələ isə işinə hörmətlə yanaşmasıdır. İnsan vətənini və gördüyü işi sevirsə, bu, onun fəaliyyətində özünü göstərir.
Hətta xarici dil bilməyən bələdçilər də var. Bu, onların fəaliyyətinə mütləq maneə yaratmır. Yanlarında tərcüməçi olur və onun vasitəsilə turistlərə bələdçilik edirlər.
Əsas məsələ öz ölkəni tanıtmaq istəyin və işinə münasibətindir.
– Hazırda turizm mövsümünün hansı dövründəyik? Bələdçilər üçün ilin ən işlək ayları hansılardır?
– Bu, işlədiyin bazardan asılıdır. Mənim üçün əsas mövsüm mart ayından oktyabrın sonuna qədər davam edir. Ümumilikdə, Azərbaycanda oktyabr turizm sektorunun ən yüksək mövsümü sayılmasa da, mənim üçün fərqli vəziyyət yaranır. Çünki İsraildən gələn turistlərin səfərləri həmin dövrə düşən bayramlarla əlaqəlidir.
Məsələn, artıq oktyabr ayının 26 gününü işlə bağlı bağlamışam. Cəmi dörd boş günüm qalıb. Üstəlik, həmin günlər yüksək qiymətlərlə rezervasiya olunub.
Noyabrda, demək olar ki, işim olmur. Dekabrın 15-nə qədər də vəziyyət belə davam edir. Dekabrın 15-dən yanvarın 15-nə qədər müəyyən canlanma olur. Yanvarın 15-dən fevralın sonuna qədər isə yenidən iş azalır.
Amma bu, bütün bələdçilərə aid deyil. Fərqli ölkələrdən turist qəbul edən bələdçilərin mövsümü də fərqli olur. Mənim oktyabrda çox işləməyimin əsas səbəbi İsrail bazarının xüsusiyyətləri və bayram təqvimidir.
– İsraildən gələn turistlər Azərbaycan mətbəxinin ən çox hansı yeməklərini sevirlər?
– Açığı, sevmədikləri yeməyi bilmirəm. Mənim bir xüsusiyyətim var: yemək sifarişini özüm verməyə üstünlük verirəm. Məni elə böyüdüblər ki, süfrədə yeməyin qalmasını xoşlamıram.
Bəzi turistlər menyunu götürüb hərəsi ayrıca yemək seçmək istəyir. Mən isə əvvəlcə onların nəyə allergiyası olduğunu, hansı qidaları yemədiklərini və nəyə üstünlük verdiklərini öyrənirəm. Sonra menyunu özüm tərtib edirəm.
Bu, həm vaxta qənaət etməyə, həm də sifarişləri düzgün planlaşdırmağa kömək edir. Xüsusilə kaşer qidalanmaya riayət edən turistlərin ehtiyaclarını əvvəlcədən bilmək vacibdir.
Mən yeməkləri də günlər üzrə fərqləndirməyə çalışıram. Məsələn, bir gün şah plov yeyirik, növbəti gün üç fərqli dolma sifariş edirik, başqa gün xəngəl dadırıq. Bir gün də balıq yeməklərinə üstünlük veririk. İstəyirəm ki, turist hər gün Azərbaycan mətbəxinin fərqli nümunəsini tanısın.
– Vüqar bəy, yemək seçərkən turistlərin büdcəsini də nəzərə alırsınız?
– Əlbəttə. Mən onların büdcəsinə maksimum qənaət etməyə çalışıram. Məsələn, dörd nəfər — üç turist və mən — yaxşı bir türk restoranına gedirik və kabab seti sifariş edirik. Setə dörd içki, iki salat, üç növ qəlyanaltı, humus, süzmə, manqal salatı, dörd lahmacun, çörək, toyuq döşü, ət, quzu tikə, ciyər, toyuq qanadı və digər yeməklər, həmçinin kartof qızartması daxildir.
Belə bir dörd nəfərlik setin qiyməti 65 manat olur. İnsan təəccüblənir ki, bu qədər bol süfrə bu qiymətə necə təqdim edilir.
Mən öz ailəmi, həyat yoldaşımı və övladımı hansı restorana aparıramsa, turistləri də həmin meyarlarla seçdiyim yerlərə aparıram. İlk növbədə, restoranın sanitar vəziyyətinə, xüsusilə də ayaqyolunun təmizliyinə fikir verirəm. Məncə, mədəniyyət elə buradan başlayır.
Sonra yeməyin keyfiyyəti, mətbəxin təmizliyi və dadı gəlir. Qiymətin münasib olması da vacibdir, amma təmizlik mənim üçün hər şeydən öndədir. Çünki turistə həmin məkanı mən təqdim edirəm və bu seçim həm də mənim nüfuzumdur.
– Belə çıxır ki, bələdçi turistin təkcə gəzməyinə deyil, səfər boyu qarşılaşdığı problemlərin həllinə də cavabdeh olur.
– Bəli. Turistin oteldə, hava limanında və ya başqa yerdə problemi yarananda çox vaxt birbaşa mənə müraciət edir. Məsələn, hava limanında çamadanı itib və ya başqa yerdə qalıbsa, mənə zəng edir ki, bunu necə həll etmək olar.
Oteldə duşun başlığı xarab olur, yaxud otaqda başqa problem yaranır, yenə mənə müraciət edirlər. Bəzən resepsiyona və ya otel rəhbərliyinə demək əvəzinə, birbaşa mənə zəng vururlar.
Sanki mən həmin ölkənin sahibiyəm və bütün məsələləri həll etməliyəm. Təbii ki, əlimdən gələn köməyi göstərirəm. Xüsusilə yaşlı insanlarla işləyəndə daha səbirli olmalısan. Onların özlərini rahat və təhlükəsiz hiss etmələri vacibdir.
– Yəni bələdçi bir növ turistlərin burada anası-atası rolunu oynayır...
– Bəli, müəyyən mənada elədir. Mənim turistlərimin əksəriyyəti yaşlı insanlardır və onlarla işləmək böyük səbir tələb edir.
Əslində, turistlərlə bağlı o qədər maraqlı və gülməli hadisələr yaşayıram ki, danışmağa vaxt çatmaz. Hər səfərin öz hekayəsi var. Həmin hadisələr də bu peşəni maraqlı edən əsas cəhətlərdəndir.
Günay İlqarqızı