Xəbər lenti

15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
Ölkə17:16 28.10.2026

15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada beşotaqlı ev tikən şəxs məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2011-ci ildən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yerləşən, təxminən 462 kvadratmetr sahəsi olan dövlət torpağına faktiki sahiblik etməyə başlayıb. O, torpaq sahəsini hasarlayaraq orada tikinti işləri aparıb.

İttihama əsasən, 2024-cü ilin fevralından etibarən həmin ərazinin təxminən 100 kvadratmetr hissəsində beşotaqlı fərdi yaşayış evinin tikintisi aparılıb. Tikinti qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həyata keçirilib.

Təqsirləndirilən şəxs məhkəmədə torpaq sahəsini təxminən 15 il əvvəl zəbt etdiyini etiraf edib. O bildirib ki, həmin dövrdə ətrafdakı şəxslərin də torpaq sahələrini zəbt edərək ev tikdiklərini gördüyü üçün özü də belə addım atıb.

Bənna olduğunu deyən şəxs evin və ətrafındakı hasarın tikintisini özü həyata keçirdiyini, təmir işləri başa çatmadığından hazırda orada yaşayış olmadığını bildirib. Onun sözlərinə görə, torpağın dövlətə, yoxsa bələdiyyəyə məxsus olduğunu bilməyib. Məqsədi tikintini başa çatdırdıqdan sonra torpağı və evi sənədləşdirmək olub. O, tikiliyə sonradan sənəd veriləcəyini güman etdiyini deyərək məhkəmədən yüngül cəza istəyib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi isə məhkəmədə bildirib ki, ərazidə aparılan monitorinq zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti faktı aşkarlanıb. Bununla bağlı akt tərtib edilib və fotoşəkillər çəkilib.

Məhkəmə təqsirləndirilən şəxsin etirafını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsini və iş materiallarındakı digər sübutları nəzərə alıb.

Məhkəmənin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 188.2-ci (özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Seyid