Xəbər lenti

İsraildə siyasi düyün: Yeni hökuməti kimin quracağı bilinmir (ŞƏRH)
Dünya17:05 28.10.2026

İsraildə siyasi düyün: Yeni hökuməti kimin quracağı bilinmir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsraildə keçirilən parlament seçkilərində heç bir siyasi qüvvə Knessetdə çoxluq qazana bilməyib. Bu səbəbdən ölkədə yeni hökumətin necə formalaşacağı hələ də bəlli deyil. Baş nazir Binyamin Netanyahu sağçı hökumət qurmağa çalışsa da, onun rəqibləri də hakimiyyətə gəlmək üçün hələlik yetərli mandat toplaya bilməyiblər.

Politoloq İlqar Vəlizadə seçkilərin nəticələrini Qaynarinfo-ya şərh edərkən bildirib ki, hazırkı mərhələdə İsraildə yeni hökuməti kimin formalaşdıracağını dəqiq söyləmək mümkün deyil. Onun sözlərinə görə, Netanyahu parlamentdə çoxluğu təmin edə bilməsə də, rəhbərlik etdiyi Likud Partiyası ən böyük siyasi qüvvə olaraq qalır:

"Seçkilərin yekun nəticələri hələ məlum deyil. İlkin məlumatlara görə, Netanyahu Likud Partiyası ilə parlamentdə səs çoxluğu qazana bilməyib. Bununla belə, onun partiyası Knessetdə ən böyük siyasi qüvvədir. Eyni zamanda, rəqibləri də koalisiya hökuməti formalaşdırmaq üçün hələlik kifayət qədər səs toplaya bilməyiblər".

İlqar Vəlizadə qeyd edib ki, səslərin hesablanması prosesi başa çatmadığından, indiki nəticələr əsasında qəti qənaətə gəlmək tezdir. Onun fikrincə, tərəflər arasında razılıq əldə olunmasa və yeni hökumət formalaşdırılmasa, növbədənkənar seçkilər gündəmə gələ bilər.

"Netanyahuya qarşı çıxan qüvvələrin daha çox səs topladığı görünür. Lakin bu, onların mütləq yeni hökumət qura biləcəkləri demək deyil. Əgər hökumətin formalaşdırılması mümkün olmasa, növbədənkənar seçkilərin keçirilməsi də istisna edilmir. Buna görə də hazırda gözləmək və yekun nəticələrin açıqlanmasını görmək lazımdır”, deyə politoloq vurğulayıb.

Ekspert hesab edir ki, seçkilərin nəticələri Türkiyə-İsrail və İsrail-İran münasibətlərində, eləcə də Yaxın Şərqdəki geosiyasi proseslərdə köklü dəyişikliklərə səbəb olmayacaq.

"Yeni hökumət formalaşacağı təqdirdə Türkiyə ilə dialoqun qurulması və İranla müharibənin gedişində müəyyən dəyişikliklər edilməsi istiqamətində cəhdlər ola bilər. Lakin bu dəyişikliklərin məhdud xarakter daşıyacağı, prinsipial dönüşə gətirib çıxarmayacağı gözlənilir. Bu da onu göstərir ki, seçkilərin nəticələri son illərdə formalaşmış geosiyasi tendensiyalara və Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərməyə bilər", deyə İlqar Vəlizadə fikrini yekunlaşdırıb.

Günay İlqarqızı