
ABŞ, Rusiya və Çin arasında dərinləşən rəqabət yeni dünya nizamının konturlarını müəyyənləşdirir. Bu geosiyasi mübarizədə Türkiyə və İran hansı mövqedə dayanacaq? Ankara ilə Tehran dəyişən güc balansına uyğunlaşmaq üçün strateji kurslarını dəyişə bilərlərmi? Yoxsa tarixi dövlətçilik ənənələri, coğrafi mövqeləri və regional ambisiyaları onları öz siyasi xəttini qorumağa sövq edəcək?
Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, dünya nizamı siyasi iddialarla deyil, dövlətlərin real imkanları və beynəlxalq münasibətlər sistemində tutduqları mövqe ilə müəyyənləşir.
Onun fikrincə, Türkiyə və İran malik olduqları potensiala və tarixi-siyasi ənənələrə görə qlobal dəyişikliklər fonunda mövqelərindən asanlıqla imtina edəcək ölkələr deyil.
“Yeni dünya nizamı istəklərlə deyil, gerçəkliklə uzlaşmalıdır. Türkiyənin ərazisi, coğrafi mövqeyi, əhalisi, iqtisadi gücü, hərbi potensialı, sənayesi və ordusu bəllidir. Eyni sözləri İran haqqında da demək olar. Türkiyənin 80 milyondan çox, İranın isə 90 milyona yaxın əhalisi var. Bu dövlətlər dünyadakı mövqelərindən asanlıqla imtina etməzlər”.
Zərdüşt Əlizadə hesab edir ki, Türkiyənin xarici siyasət istiqaməti kifayət qədər aydındır:
"Ankara Qərbə meyillidir, Avropa ilə sıx iqtisadi əməkdaşlıq edir və Avropa onun əsas ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Rusiya ilə münasibətləri qorumağa, türkdilli dövlətlər arasında siyasi-iqtisadi yaxınlaşmanı gücləndirməyə çalışır. Türkiyə həm də tarixən nüfuz sahibi olduğu ərazilərdə təsir imkanlarını bərpa etməyə, müsəlman dünyasında mövqeyini gücləndirməyə çalışır. Bununla yanaşı, Qərblə əlaqələrini də davam etdirir. Dünyada hansı dəyişikliklər baş verməsindən asılı olmayaraq, Türkiyənin bu istiqaməti kəskin şəkildə dəyişəcəyini düşünmürəm. İran üçün də eyni fikirdəyəm”.

Politoloqun qənaətinə görə, İranın da siyasi kursunu qısa müddətdə köklü şəkildə dəyişməsi real görünmür:
"1979-cu il İslam inqilabından sonra formalaşmış siyasi sistem, xarici təzyiqlər və Tehranın milli maraqlarını qorumaq cəhdi ölkənin beynəlxalq siyasətdəki mövqeyinin davamlılığını şərtləndirən amillərdəndir. İran uzun illərdir xarici təzyiqlərlə üzləşir. Bununla belə, dünyada ABŞ-ın siyasətinə tabe olmayan və öz milli maraqlarını müdafiə etməyə çalışan dövlətlərdən biridir. İranın siyasi istiqamətinin qısa müddətdə dəyişəcəyini düşünmürəm”.
Zərdüşt Əlizadə vurğulayıb ki, kiçik dövlətlərlə böyük və orta gücə malik ölkələrin xarici siyasət kursunu dəyişmək imkanları arasında fərq olduğunu da qeyd edib. Onun fikrincə, Azərbaycan və Ermənistan kimi dövlətlər müəyyən şəraitdə istiqamətlərini dəyişə bilərlər. Lakin uzunmüddətli dövlətçilik ənənələrinə, geniş resurslara və regional təsir imkanlarına malik ölkələrin strateji xəttini köklü şəkildə dəyişməsi daha mürəkkəb prosesdir:
“Azərbaycan kimi dövlətlər dəyişən geosiyasi şəraitə uyğun olaraq xarici siyasət prioritetlərinə müəyyən düzəlişlər edə bilərlər. Vaxtilə Rusiya ilə daha yaxın münasibətlərimiz vardı, indi isə Qərblə yaxınlaşmağa çalışırıq. Ermənistanın da mövqeyi dəyişə bilər. Ancaq böyük və orta gücə malik, tarixən oturuşmuş dövlətlərin inkişaf istiqamətini asanlıqla dəyişməsi mümkün deyil. İndiki Türkiyəni tanıyanlar on il sonra da onun əsas siyasi istiqamətinin qorunacağını görə bilərlər. İran da öz mövqeyini saxlamağa çalışacaq. Hesab edirəm ki, hər iki dövlət dünyadakı yerlərini qoruyub saxlaya biləcək”.
Həmsöhbətimiz dünya siyasətinin aparıcı güclərinin də ciddi daxili problemlərlə üzləşdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Çinin qlobal çəkisi və imkanları artsa da, demoqrafik problemlər və borc yükü ölkənin qarşısında müəyyən çətinliklər yaradır:
"ABŞ isə iqtisadi problemlərlə yanaşı, idarəetmənin keyfiyyəti ilə bağlı tənqid və suallarla üzləşir. Çinin dünya miqyasında çəkisi və imkanları artır, amma onun da ciddi problemləri var. Demoqrafik vəziyyət və borc yükü bu problemlər sırasındadır. ABŞ güclü dövlətdir, lakin onun da borc problemi var. Eyni zamanda, idarəetmənin keyfiyyətinin aşağı düşməsi müşahidə olunur. Hakim zümrənin tənəzzülü vaxtilə SSRİ-nin süqutuna gətirib çıxaran mühüm amillərdən biri idi. Mən ABŞ-da da hakim elitanın tənəzzül əlamətlərini görürəm. Bu prosesin hansı nəticələrə gətirib çıxaracağını əvvəlcədən dəqiq demək mümkün deyil. Lakin böyük və gözlənilməz hadisələrin baş verməsi ehtimalını nəzərə almaq lazımdır”.
Günay İlqarqızı