Xəbər lenti

9 ayda 1,5 milyon manat zərər: Kredit ittifaqlarının ziyanla işləmə səbəbləri
Ekonomiks17:51 27.10.2026

9 ayda 1,5 milyon manat zərər: Kredit ittifaqlarının ziyanla işləmə səbəbləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 1,5 milyon manat xalis zərərlə başa vurub. Halbuki, ötən ilin eyni dövründə sektor 0,1 milyon manat xalis mənfəət əldə etmişdi. Eyni zamanda, kredit ittifaqlarının aktivləri və kredit portfeli azalıb, balans kapitalında da ciddi geriləmə qeydə alınıb.

Bəs kredit ittifaqlarının zərərlə işləməsinin əsas səbəbi nədir? Aktivlərin və kredit portfelinin azalması sektorda kreditləşmənin zəiflədiyini, yoxsa daha dərin maliyyə problemlərinin yarandığını göstərir?

İqtisad elmləri üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, kredit ittifaqlarının zərərlə işləməsində xüsusi ehtiyatlara ayırmaların artması mühüm rol oynayıb:

“Doqquz ay ərzində xüsusi ehtiyatlara 2,2 milyon manat ayrılıb ki, bu da ötən ilin eyni dövründən 3,7 dəfə çoxdur. Məhz bu ayırmalar sektorun bütün əməliyyat mənfəətini "yeyib" və onu 1,5 milyon manat zərərə çevirib.

Gəlirlər 1,6 milyon manata enib (5,9% azalma), xərclər isə 0,9 milyon manata düşüb (10% azalma)”.

İqtisadçı kredit ittifaqlarının maliyyə vəziyyətində ən mühüm problemlərdən birinin balans kapitalının azalması olduğunu vurğulayıb:

“Ən mühüm siqnal — balans kapitalının 20,4% azalmasıdır. Kapital bazası daraldıqca kredit ittifaqları həm tənzimləyici tələbləri ödəmək, həm də yeni kreditlər vermək üçün maliyyə resursuna malik olmurlar. Bu, təklif tərəfindən kredit genişlənməsinin qarşısını alan struktur maneədir”.

İ.Məmmədovun sözlərinə görə, kredit ittifaqlarının aktivlərində və kredit portfelində azalma üçüncü rübdə daha da sürətlənib:

“1 iyul 2026-cı ilə aktivlər 11,9 mln. manat (−6,3%), kredit portfeli isə 10,1 mln. manat (−7,3%) idi. Üçüncü rübdə azalma tempi təxminən 2,5–3 dəfə sürətlənib — sektor ikinci rübdəki "məhdud daralma"dan üçüncü rübdə daha sürətli daralma trayektoriyasına keçib”.

İqtisadçı hesab edir ki, aktivlərin və kredit portfelinin 18–19 faiz azalmasını yalnız kredit tələbinin zəifləməsi ilə əlaqələndirmək olmaz. Onun fikrincə, bu proses bir neçə amilin eyni vaxtda təsiri ilə baş verir:

“18–19%-lik azalma sadəcə kredit tələbinin azalması deyil; kapital, maliyyələşmə və müştəri bazasının eyni vaxtda daralmasının yaratdığı sistemli sıxılmadır”.

İsmayıl Məmmədov kredit ittifaqlarının aktivlərini bank sektorunun göstəriciləri ilə müqayisə edərək onların maliyyə bazarındakı payının olduqca kiçik olduğunu da diqqətə çatdıraraq bildirib ki, 1 oktyabr 2026-cı il tarixinə bankların aktivləri illik müqayisədə 13,3 faiz artaraq 63 milyard 621,7 milyon manata, bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri isə 1 milyard 558,7 milyon manata çatıb. Kredit ittifaqlarının aktivləri cəmi 10,7 milyon manat təşkil edib:

“2026-cı il oktyabrın 1-nə Azərbaycanda bank sektorunun aktivləri illik müqayisədə 13,3 faiz artaraq 63 milyard 621,7 milyon manata, bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri isə 1 milyard 558,7 milyon manata çatıb. Kredit ittifaqlarının aktivləri 10,7 milyon manat təşkil edib ki, bu da bank sektorunun ümumi aktivlərinin təxminən 0,017 faizinə bərabərdir”.

İqtisadçı miqyas fərqinin kredit ittifaqlarının maliyyə vasitəçiliyindəki roluna təsirini isə belə izah edib:

“Sektorun aktivləri cəmi 10,7 milyon manat olduğu halda, bank sektorunun aktivləri 63,6 milyard manatdır — bu miqyas fərqi kredit ittifaqlarının maliyyə vasitəçiliyindəki rolunun getdikcə marjinallaşdığını göstərir”.

Günay İlqarqızı