
Çin, ABŞ və Rusiya liderlərinin mümkün üçtərəfli görüşü dünya siyasətində yeni geosiyasi razılaşmaların əldə olunması ehtimalını yenidən gündəmə gətirib. Belə bir görüş dünyanın təsir dairələrinə bölünməsi, Ukraynanın gələcəyinin böyük dövlətlər arasında müzakirə mövzusuna çevrilməsi və yeni dünya düzəninin formalaşması ilə bağlı suallar doğurur.
Bəs Donald Tramp, Vladimir Putin və Si Szinpin dünyanı yenidən bölüşdürə bilərlərmi? Kiçik və orta dövlətlərin bu prosesdə söz haqqı nə dərəcədə olacaq?
Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, dünya nizamının yalnız ABŞ, Rusiya və Çinin iradəsi əsasında müəyyənləşməsi mümkün deyil.
Onun fikrincə, Ukraynanın iştirakı olmadan bu ölkənin gələcəyi ilə bağlı qərarların qəbul edilməsi nəzəri cəhətdən mümkün olsa da, belə razılaşmaların reallaşdırılması ciddi suallar doğurur.
Politoloq hesab edir ki, Ukraynanın mövqeyi nəzərə alınmadan verilən qərarlar münaqişəni daha da dərinləşdirə, beynəlxalq münasibətlərdə qütbləşməni gücləndirə bilər:
“Ukraynanın iştirakı olmadan ortaq qərarın qəbul edilməsi nəzəri olaraq mümkündür. Ancaq belə qərarların nə dərəcədə həyata keçirilə biləcəyi şübhəlidir. Bu, qarşıdurmanın şiddətlənməsinə, dünya dövlətləri arasında qütbləşmənin və parçalanmanın artmasına səbəb ola bilər”.

Natiq Miri vurğulayıb ki, Donald Trampın və ya Vladimir Putinin istəyi ilə dünya nizamı formalaşmır:
”Onların da müəyyən məhdudiyyətləri var. Xüsusilə Donald Trampın xarici siyasətinə ABŞ-də keçiriləcək Konqresə aralıq seçkilərin nəticələri ciddi təsir göstərə bilər. Buna görə də belə bir perspektivi real hesab etmirəm”.
Politoloq mümkün üçtərəfli görüşü İkinci Dünya müharibəsindən sonra keçirilən Yalta Konfransı ilə müqayisə etməyin düzgün olmadığını düşünür.
Onun qənaətinə görə, indiki geosiyasi şəraitdə dünyanın bir neçə böyük dövlət arasında yenidən bölüşdürülməsi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb prosesdir.
“İlk növbədə, zəifləmiş Rusiya və mövqeləri zəifləmiş Vladimir Putin nə Donald Trampla, nə də qlobal güc olan Si Szinpinlə eyni çəkidədir. Həm Tramp, həm də Si Szinpin Rusiyanın bərabərhüquqlu qlobal güc kimi qəbul edilməsində maraqlı deyil. Bu, açıq şəkildə ifadə olunmasa da, reallıqdır. Dünya xeyli dəyişib və transformasiya prosesindən keçir. Eyni zamanda, güclənən və daha böyük iddialarla çıxış edən dövlətlərin sayı artır. Buna görə də yalnız Tramp, Putin və ya Si Szinpinin istəyi ilə dünya nizamını yenidən formalaşdırmaq mümkün deyil”.

Ekspertin fikrincə, noyabrda keçirilməsi ehtimal olunan görüşdə əsas diqqət təsir dairələrinin bölüşdürülməsinə deyil, ABŞ-nin strateji maraqlarına yönələ bilər.
Politoloq mümkün müzakirələrdə nüvə silahlarının məhdudlaşdırılması məsələsinin ön plana çıxacağını istisna etmir:
“Düşünmürəm ki, təsir dairələri məsələsi məhz noyabrın 18–19-da müzakirə olunacaq və bu istiqamətdə konkret qərarlar qəbul ediləcək. Görüş daha çox ABŞ-nin maraqları kontekstində baş tuta bilər. Əsas müzakirə mövzularından biri nüvə silahlarının məhdudlaşdırılması olacaq. Çin nüvə silahlarının sayını artıraraq ABŞ və Rusiyaya çatmağa çalışır. ABŞ isə Çinin də daxil olduğu nüvə silahlarının məhdudlaşdırılması sazişinin imzalanmasında maraqlıdır və buna nail olmaq istəyir. Ona görə də dünyanın təsir dairələrinə bölünəcəyi və yeni nizamın dərhal formalaşacağı fikrini qəbul etmirəm”.
Müsahib dünya siyasətində Hindistan, Türkiyə və Türk dünyası kimi aktorların artan rolunun böyük dövlətlərin təsir dairələrini sərbəst şəkildə müəyyənləşdirməsini çətinləşdirdiyini də qeyd edib.
Onun sözlərinə görə, Avrasiya uğrunda rəqabət müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi mənzərə yaradıb:
“Dünyada bir milyarddan çox əhalisi olan Hindistan kimi böyük dövlət var. Türkiyə və Türk dünyasının da gələcəkdə dünyanın həlledici güc mərkəzlərindən birinə çevrilmək potensialı mövcuddur. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və Türk dünyasının inteqrasiyası bu baxımdan əhəmiyyətlidir. Belə bir birlik heç kimin kölgəsində və himayəsində olacaq birlik deyil. Bu gün Cənubi Qafqazda və Mərkəzi Asiyada hər kəs öz təsir imkanlarını artırmağa çalışır. Çin yumşaq güc vasitəsilə, Rusiya hərbi gücü ilə, ABŞ və Avropa İttifaqı isə müxtəlif siyasi və iqtisadi alətlərlə Avrasiyada mövqelərini gücləndirmək istəyirlər. Bu, Avrasiyanın geosiyasi baxımdan nə qədər əhəmiyyətli olduğunu göstərir. Ancaq bu geniş coğrafiyada vahid hegemon güc yoxdur. Türk dövlətləri bütün dünya gücləri ilə normal əməkdaşlığa üstünlük verir, hər hansı bir dövlətin dominant mövqeyə sahib olmasını istəmir”.
Politoloq kiçik və orta dövlətlərin müstəqilliklərini qoruması üçün regional əməkdaşlığın və birliyin əhəmiyyətinə də diqqət çəkib.
O hesab edir ki, Azərbaycan və digər türk dövlətləri iqtisadi, texnoloji, elmi və mədəni sahələrdə əlaqələri gücləndirməklə öz mövqelərini möhkəmləndirə bilərlər:
“Kiçik və orta dövlətlərin öz müstəqilliklərini qorumasının yolu birlikdən keçir. Çünki birlik gücdür, güc isə azadlıqdır. Bizim bir-birimizə ehtiyacımız var. Bu, başqa dövlətlərlə əməkdaşlıq etməmək demək deyil. İqtisadi, texnoloji, elmi və digər sahələrdə əməkdaşlıq, inteqrasiya vacibdir. Ancaq söhbət həm də şüurda, vicdanda, iqtisadiyyatda, dildə və mədəniyyətdə birlikdən gedir. Belə birlik Türk birliyidir. Qorunmağın və gələcəyi təmin etməyin yolu da buradan keçir”.
Günay İlqarqızı