Xəbər lenti

Bakıda mağazadan 58 min manatlıq oğurluq
Ölkə15:36 27.10.2026

Bakıda mağazadan 58 min manatlıq oğurluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “Ucuzdan-ucuz” mağazasından 58 153 manat 69 qəpik dəyərində oğurluq olub.

Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı mağazanın fəhləsi saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla oğurluq) ilə ittiham irəli sürülüb.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs 2024-cü ildən 2025-ci ilədək “Ucuzdan-ucuz” mağazasında və mağazaya məxsus anbarda müxtəlif vaxtlarda məhsullar oğurlamaqda ittiham olunub. İttihamda onun əvvəlcədən razılaşdığı başqa şəxslə əlbir olaraq hərəkət etdiyi qeyd edilib.

İstintaqın versiyasına əsasən, ayrı-ayrı vaxtlarda törədilən oğurluqlar nəticəsində mağazaya ümumilikdə 58 153 manat 69 qəpik məbləğində maddi ziyan dəyib.

İttihama görə, 2025-ci ildə baş verən sonuncu hadisə zamanı təqsirləndirilən şəxs mağazadan ümumi dəyəri 715 manat 20 qəpik olan məhsulları götürərək çıxarıb. Daha sonra həmin məhsulları əvvəlcədən əlbir olduğu şəxsin mağazanın yaxınlığında saxladığı “Chevrolet Cobalt” markalı avtomobilin yük yerinə yerləşdirib. Lakin mağaza əməkdaşları hadisəni aşkar edərək məhsulları geri götürüblər. Beləliklə, həmin epizod üzrə oğurluq başa çatmayıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs mağazadan bir neçə dəfə ümumilikdə 2 000–3 000 manat dəyərində məhsul oğurladığını etiraf etsə də, ittihamda göstərilən 58 min manatlıq məhsulun hamısını oğurlaması ilə razılaşmayıb. O, mağazada qeydə alınan bütün əskik məhsulların onun əməlləri ilə əlaqələndirilməsinin doğru olmadığını deyib.

Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq müttəhimi verilmiş ittiham üzrə təqsirli bilib və onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Seyid