
Türkiyəli iş adamı, “HZR Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbul edib.
Məhkəmə sənədinə əsasən, “HZR Group” MMC-nin dövlət büdcəsinə 235 355,70 manat, İcbari Tibbi Sığorta Fonduna isə 5 910,52 manat borcu var. Beləliklə, ümumi borc 241 266,22 manat təşkil edir.
Vergi orqanı tərəfindən borcun ödənilməsi üçün şirkətə bildirişlər göndərilsə də, müəyyən edilmiş beş günlük müddətdə ödəniş edilməyib.
Məhkəmə ərizəni təmin edərək Kalaycı Ceyhanın ölkədən getmək hüququnu vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırıb. Bundan əlavə, ondan 100 manat dövlət rüsumunun tutulmasına qərar verilib.
Qeyd edək ki, Kalaycı Ceyhan 1983-cü ildə Türkiyədə anadan olub və Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə əsasında qeydiyyatdadır.
“HZR Group” MMC elektromexanika, zəif axın sistemləri, yanğın siqnalizasiyası, CCTV təhlükəsizlik sistemləri, mexaniki işlər və layihələrin təşkili sahələrində fəaliyyət göstərir.
Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu var.
Məhkəmə sənədində internet vergi idarəsindən əldə edilən çıxarışa əsasən, şirkətin dövlət büdcəsinə borcunun 525 843,96 manat olduğu da göstərilib. Bununla belə, məhkəmənin yekun qərarında dövlət büdcəsinə 235 355,70 manat və İcbari Tibbi Sığorta Fonduna 5 910,52 manat borc əsas götürülüb.
Aydın