
“Real Madrid”in hücumçusu Kilian Mbappenin Çinin keçmiş lideri Mao Tszedunla bağlı zarafat etdiyi video qalmaqala səbəb olub. Hadisədən sonra iki Çin şirkəti fransalı futbolçu ilə əməkdaşlığı dayandırıb, Çin Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, qalmaqal “The Bridge” adlı internet proqramının yayımlanan buraxılışında qeydə alınan görüntülərdən sonra başlayıb. Videoda Mbappenin üzünün Mao Tszedunun təsviri ilə birləşdirildiyi montaja güldüyü görünür. Görüntülər Çin sosial şəbəkələrində geniş yayılıb və istifadəçilərin sərt reaksiyasına səbəb olub.
Bundan sonra Çinin “Dongpeng” və “Mengniu” şirkətləri futbolçu ilə sponsorluq müqavilələrini dayandırıblar. Beləliklə, hadisə Mbappenin Asiya bazarındakı kommersiya fəaliyyətinə də təsir göstərib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Tszyakun məsələ ilə bağlı açıqlamasında bildirib ki, Çin xalqının hisslərini incidən söz və ya davranışlar cəmiyyətin ümumi reaksiyası ilə qarşılaşır. Bu barədə “MadeInFoot” nəşri məlumat yayıb.
Mbappenin qalmaqalla bağlı rəsmi üzr istəyib-istəməyəcəyi hələlik məlum deyil. Hadisənin futbolçunun digər sponsorluq müqavilələrinə təsir edib-etməyəcəyi də aydınlaşmayıb.
Aydın