Xəbər lenti

Yaxın künc, uzaqlaşan hədəflər
Amal Abuşov
İdman10:45 18.10.2026

Yaxın künc, uzaqlaşan hədəflər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Neftçi” ilə oyundan sonra verdiyi açıqlamaları diqqətlə oxudum. Çalışdırıcının bir cümləsi çox xoşuma gəldi. Qurban bəy belə deyib: “Bu gün komandaların heç biri məğlub olmağa layiq deyildi”. Təcrübəli mütəxəssislə razılaşmamaq olmur. Arzulayırsan ki, bizim çempionatda belə qarşılaşmaların sayı artsın, heç olmasa hər tur bu cür gərgin və həyəcanlı duellər izləyək.

Futbolun qaydası belədir. “Döyüşənlərdən” ya biri məğlub olmalıdır, ya da ki, hər iki tərəf xal itkisinə razılaşmalıdır. Respublika stadionunda keçirilən qarşılaşmada ikinciyə şahid olduq. Həm “Qarabağ”, həm də “Neftçi” meydandan iki xal itirərək ayrıldılar.

Bəli, Qurban bəyin sözlərində böyük həqiqət var. “Qarabağ”la “Neftçi” bu gərgin oyunda məğlubiyyətə layiq deyildilər. Amma “Sabah”ın birinci pilləni təkbaşına əlinə keçirməsinə imkan verməmək üçün tərəflərdən biri aktivinə üç xal yazdırmalıydı. Çünki bu görüşdən öncə “Qəbələ”ni böyük hesabla məğlub edən “Sabah” artıq 19-cu xalını qazanıb, ən yaxın izləyicilərini 3 xal qabaqlamışdı. Derbidə qeydə alınan heç-heçə “Sabah”ın şəriksiz lider olmasına kifayət etdi. Çempion olmağı hədəfləyənlər bundan sonra “Sabah”ı o taxtdan salmaq üçün çox çalışmalıdırlar.

“Sabah” üçün indi çox çətin perioddur. Valdas Dambrauskasın komandası bir həftə ərzində Çempionlar Liqasında iki oyun keçirməlidir. Belə yerdə komandanın gücünə qənaət etmək, futbolçuları qorumaq, bu çətin perioddan “sağ çıxmaq” vacibdir. Həm “Slaviya”, həm də “Qəbələ” ilə oyun göstərdi ki, indiki halda Dambrauskas bunu bacarır. “Borussiya” ilə oyunda qüvvələr nisbəti qeyri-bərabər olduğundan istənilən nəticəni reallığa uyğun sayıb, qəbullanmalı olacağıq. “Sabah” üçün vacib olan “Slaviya” ilə oyunda fürsəti qaçırmayıb, Çempionlar Liqasında ilk və tarixi qələbəni qazanmaq, “Qəbələ”dən də 3 xalla qayıtmaq idi. Artıq komanda bunu bacarıb.

Bu çətin qrafikin fonunda “Qarabağ”la “Neftçi” “Sabah”ı turnir cədvəlində irəli buraxdığına görə ancaq özünü qınamalıdır. Məlum məsələdir ki, bu vacib xal itkisinin də bəlli səbəbləri var. “Qarabağ” böyük dəyişikliklər yaşayır, yenilənmiş heyət hələ tam oturuşmayıb. “Neftçi” isə uzun müddət davam edən böhrandan çıxmağa çalışır. Yuri Vernidub “Neftçi”nin itirdiyi əzəmətini və özünəinam hissini qaytarmaqla məşğuldur. Premyer Liqa yeni sürət götürdüyündən finiş xətti, çempionluq hələlik uzaq hədəf kimi görünür. Amma bu uzaq hədəfə arzulanan kimi çatmaq üçün indidən maksimum xal toplamaq, büdrəməmək vacibdir.

Derbidə “Qarabağ”la “Neftçi” qapıçı səhvlərindən əziyyət çəkdi, vurulan (buraxılan) 6 qolun çoxusunda qapıçı səhvləri həlledici oldu. Bir növ hər iki komandanın qapıçısı yaxın küncü qoruya bilmədi. Sanki bu da simvolik idi. Qarşısına böyük hədəflər qoyanlar qapının yaxın küncünə diqqət göstərməlidir. Oradan belə qollar buraxanda qələbə də əlçatmaz olacaq. “Çərçivə”ni daha “etibarlı əllər”ə tapşırmaq lazımdır. Əks halda belə bəsit qollar buraxıb, vacib xallar itirmək qaçılmazdır. Ümid edək ki, bundan sonra həm “Qarabağ”ın, həm də “Neftçi”nin qapıçıları daha diqqətli olacaqlar.

Amal Abuşov