
“Hayat Group” MMC-nin “Yol Tikintiservis” MMC-dən borcun tutulması ilə bağlı məhkəmə qərarının icra olunmamasına dair şikayəti qismən təmin edilib.
Qaynarinfo xəbər verir ki, məhkəmə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədovun hərəkətsizliyini qanunsuz hesab edib.
Məhkəmə qərarına əsasən, “Yol Tikintiservis” MMC-dən “Hayat Group” MMC-nin xeyrinə ümumilikdə 210 880,08 manat borc və dövlət rüsumu tutulmalıdır.
İş materiallarında bildirilir ki, borclu şirkətə məxsus bir sıra nəqliyyat vasitələrinə həbs qoyulsa da, əmlakların qiymətləndirilməsi və hərraca çıxarılması istiqamətində icra tədbirləri davam etdirilməyib. Tələbkar tərəf həbs qoyulmuş bəzi nəqliyyat vasitələrinin özgəninkiləşdirildiyini də iddia edib.
Məhkəmə müəyyən edib ki, əvvəlki icra məmuru Nərmin Almuradova tərəfindən 2025-ci ildə müəyyən tədbirlər görülsə də, iş Rövşən Əhmədovun icraatına keçdikdən sonra əlavə icra hərəkətləri həyata keçirilməyib. Nəticədə, şikayət qismən təmin olunub və icra sənədinin icrasının təmin edilməsi qərara alınıb.
Qeyd edək ki, “Yol Tikintiservis” MMC-nin qanuni təmsilçisi Turan Hüseynov Pənah oğludur. Şirkət 2009-cu ildə vergi uçotuna alınıb, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsi, ev 150, mənzil 10-dur. Təqdim olunan vergi məlumatlarına əsasən, şirkətin 220 186,20 manat vergi borcu var.
Aydın