Xəbər lenti

30 min il əvvəl Avropanın şərqi ilə qərbi arasında gen mübadiləsi olub
Dünya09:32 27.10.2026

30 min il əvvəl Avropanın şərqi ilə qərbi arasında gen mübadiləsi olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropada son buzlaşma dövründə yaşayan qədim insanların bir-birindən təcrid olunmadığı müəyyən edilib. Alimlər 30 min ildən çox əvvəl qitənin şərqində və qərbində məskunlaşan ovçu qruplar arasında gen mübadiləsinin baş verdiyini üzə çıxarıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə beynəlxalq tədqiqatçılar qrupunun "Science Advances" jurnalında dərc olunan araşdırmasında bildirilib.

Vyana Universitetinin rəhbərlik etdiyi araşdırma son buzlaşma dövründə, təxminən 34–25 min il əvvəl Avropada mövcud olmuş qravett mədəniyyətinin daşıyıcılarına həsr edilib. Qitənin müxtəlif ərazilərində oxşar alətlərin və heykəlciklərin tapılması qədim icmalar arasında əlaqələrin mövcudluğuna işarə edirdi. Lakin əvvəlki genetik araşdırmalar Avropanın şərqində və qərbində yaşayan insanları bir-birindən fərqli, təcrid olunmuş qruplar kimi göstərirdi.

Bu ziddiyyətin aydınlaşdırılmasına Fransanın cənub-qərbində yerləşən İstyurits mağarasında yaşamış qadının DNT-si kömək edib. Təxminən 30 min il əvvəl yaşamış həmin qadının genomunu bərpa edən tədqiqatçılar onun irsiyyətinin əsasən Qərbi Avropa mənşəli olduğunu, eyni zamanda Mərkəzi və Şərqi Avropa əhalisinə xas genetik izlər daşıdığını müəyyən ediblər.

Hesablamalara əsasən, bu genetik qarışma təxminən 32 500–31 500 il əvvəl baş verib. Araşdırmanın ilk müəlliflərindən Pere Gelabert bildirib ki, uzaq məsafələr arasında gen axınının müəyyənləşdirilməsi qravett mədəniyyətinə mənsub insanların əlaqələri barədə təsəvvürləri genişləndirir.

Qədim insanların izləri torpaq qatlarında da qorunub

Tədqiqatçılar İspaniyanın şimalındakı Çufin mağarasından əldə edilən genom məlumatlarını da araşdırıblar. Nəticələr Qərbi Avropada bəzi əhali qruplarının minilliklər ərzində eyni ərazilərdə yaşadığını göstərir.

Kantabriya bölgəsindəki El-Miron mağarasının təxminən 22 min illik çöküntü qatından da insan DNT-si əldə edilib. Həmin təbəqədə insan sümükləri qorunmasa da, torpaqda qalmış genetik material qədim insanların öyrənilməsinə imkan verib.

Məlumatlar Qərbi Avropa mənşəli genetik irsin son buzlaşmanın ən sərt mərhələsində də qorunduğunu göstərir. Təxminən 20 min il əvvəl baş verən son buzlaşma maksimumu zamanı Pireney yarımadasının insanların sığınacaq tapdığı ərazilərdən biri olması ehtimalı da bu nəticələrlə uyğun gəlir.

Qədim icmalar yaxın qohumlar arasında nikahdan yayınırdı

İtaliyanın cənubundakı Ostuni mağarasında tapılmış kişi cinsli dölün qalıqları da araşdırmaya daxil edilib. Onun valideynlərinin eyni əhali qrupuna mənsub olduqları, lakin yaxın qohum olmadıqları müəyyənləşdirilib. Alimlər bunu qədim icmaların zərərli mutasiyaların toplanması riskini artıran yaxın qohumlararası əlaqələrdən yayınması ilə əlaqələndirirlər.

Fransadakı Ormesson düşərgəsindən əldə edilən insan genomunda da Şərqi Avropa mənşəli genetik izlər aşkarlanıb. Arxeoloji tapıntılarla birlikdə bu nəticələr İstyurits mağarasının müxtəlif insan qruplarının qarşılaşdığı məkanlardan biri ola biləcəyini göstərir.

Tədqiqatçılar gələcəkdə qədim çöküntülərdən əldə edilən DNT-ni zülal analizləri ilə birləşdirməyi və müasir insanın Avropada ilk məskunlaşma prosesini daha ətraflı araşdırmağı planlaşdırırlar.

Aydın