
İki nəfərin yaxınlarını işə düzəltmək və ali məktəbə qəbul etdirmək adı ilə 29 min manat alan şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, ittihama əsasən, təqsirləndirilən şəxs zərərçəkənlərin etibarını qazanmaq üçün yüksək vəzifəli tanışlarının olduğunu deyib. O, zərərçəkənlərdən birinə oğlunu Dövlət Gömrük Komitəsində (DGK) ixtisasına uyğun işə qəbul etdirə biləcəyini vəd edib.
Bu vədlə həmin zərərçəkəndən 10 min manat nağd pul alıb. Bundan başqa, müxtəlif vaxtlarda bank kartı hesabına ödəmə terminalı vasitəsilə bir neçə köçürmə həyata keçirilib. Köçürmələrin ümumi məbləği 3 min manat təşkil edib. Beləliklə, birinci zərərçəkənə ümumilikdə 13 min manat maddi ziyan vurulub.
Digər epizodda isə şəxs zərərçəkənin qohumunun Azərbaycan İdman Akademiyasına qəbuluna kömək edə biləcəyini bildirib. İttihama görə, o, abituriyentin səhv seçdiyi məşqçilik (üzgüçülük) istiqamətinin kodunu məşqçilik (güləş) istiqamətinin kodu ilə dəyişdirməyə və onun həmin ixtisasa qəbuluna yardım edəcəyinə söz verib.
Bununla yanaşı, ali təhsilli, lakin işsiz olan başqa bir qohumunu da ixtisasına uyğun işə düzəltməyə və müvafiq əmrin alınmasına kömək göstərəcəyini vəd edib.
Bu vədlər əsasında 2025-ci ildə zərərçəkəndən iki dəfəyə 6 min və 11 min manat olmaqla, ümumilikdə 17 min manat alınıb. Şəxs barəsində cinayət təqibi başlanana qədər həmin məbləğin 1 000 manatını geri qaytarıb. Nəticədə ikinci zərərçəkənə dəymiş maddi ziyan 16 min manat təşkil edib.
İş üzrə dindirilən şəxs elan olunmuş ittihamı tam qəbul edərək özünü təqsirli bilib. O, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (təkrar dələduzluq) və 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə (həbsdə saxlanma müddətinin cəza müddətinə hesablanması) əsasən, şəxsin tutulduğu və həbsdə saxlanıldığı 6 gün təyin edilmiş cəza müddətindən çıxılıb. Beləliklə, onun üzərində 1 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid