
“Azərbaycan Müəllifləri” İctimai Birliyinin “Coffeebar 2” restoranına qarşı qaldırdığı iddia qismən təmin edilib.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə restoranın musiqi əsərlərindən istifadəsinə görə ödənilməmiş müəllif qonorarının tutulması barədə qərar qəbul edib.
İctimai Birlik iddia edib ki, restoran musiqi əsərlərindən müvafiq lisenziya almadan istifadə edib və müəlliflərə qonorar ödəməyib. Bu səbəbdən təşkilat 12 min 400 manat ödənilməmiş qonorarın və 35 min manat kompensasiyanın tutulmasını, həmçinin restoranda musiqi əsərlərinin kütləvi yayımına qadağa qoyulmasını tələb edib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, MMC restoranın yerləşdiyi 40 kvadratmetrlik qeyri-yaşayış sahəsini cəmi 9 ay müddətinə icarəyə götürüb. Buna görə də 62 ay üçün hesablanmış 12 min 400 manat qonorar tələbi əsaslı sayılmayıb.
Məhkəmə hesab edib ki, 9 aylıq fəaliyyət dövrü üçün aylıq 60 manat olmaqla, ümumilikdə 540 manat müəllif qonorarı ödənilməlidir.
Nəticədə iddia qismən təmin edilib. “Coffeebar 2” restoranını işlədən MMC-dən 540 manatın “Azərbaycan Müəllifləri” İctimai Birliyinin xeyrinə tutulmasına qərar verilib. Kompensasiya və musiqi əsərlərinin yayımına qadağa qoyulması ilə bağlı tələblər isə təmin edilməyib. Bundan əlavə, şirkətdən dövlət nəfinə 30 manat dövlət rüsumu tutulacaq.
Aydın