
Bakıxanov qəsəbəsində üç şəhidin əziz xatirəsinə həsr olunan anım tədbiri keçirilib. “Səbinə” şadlıq sarayında təşkil olunan mərasimdə 120 şəhid ailəsinin üzvləri və qazilər iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad olunub, onların Vətən qarşısındakı xidmətləri və qəhrəmanlıqları bir daha xatırlanıb.
Anım tədbirinin təşkilatçısı “Şöhlətoğlu” istirahət mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov olub. Mərasim çərçivəsində şəhid ailələrinə hədiyyələr təqdim edilib, onlara diqqət və qayğı göstərilib.
Tədbirin keçirilməsində əsas məqsəd Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yaşatmaq, onların ailələrinə ehtiram göstərmək və şəhid ailələri ilə qazilərin yanında olmağın vacibliyini bir daha vurğulamaq olub.
Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinə hörmət və qayğı ilə yanaşmaq hər birimizin mənəvi borcudur. Övladını, həyat yoldaşını, atasını və ya qardaşını Vətən uğrunda itirən ailələrin yanında olmaq, onların dərdini bölüşmək və ehtiyac duyduqları mənəvi dəstəyi göstərmək cəmiyyətin ən ali dəyərlərindəndir.
Belə anım mərasimləri şəhidlərimizin unudulmadığını, onların fədakarlığının daim ehtiramla xatırlandığını nümayiş etdirir. Şəhid ailələrinin və qazilərin bir araya gəldiyi bu cür görüşlər həm də birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Vətən uğrunda canından keçənlərin xatirəsinə hörmət, onların ailələrinə diqqət və qayğı ilə davam etdirilməlidir.