Xəbər lenti

Daşınmaz əmlakın sığortası: İcbari limitlər və könüllü sığortanın üstünlükləri
Ekonomiks16:06 26.10.2026

Daşınmaz əmlakın sığortası: İcbari limitlər və könüllü sığortanın üstünlükləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası evləri yanğın, su basması və digər hadisələr nəticəsində yarana biləcək zərərlərdən qorumağa xidmət edir. Lakin icbari sığorta üzrə ödəniş limitinin məhdud olması bəzi hallarda dəymiş zərərin tam qarşılanmasına imkan vermir. Belə vəziyyətlərdə könüllü əmlak sığortası əlavə maliyyə təminatı yarada bilər.

Bəs icbari və könüllü əmlak sığortası arasında hansı fərqlər var və ev sahibləri sığorta müqaviləsi bağlayarkən nələrə diqqət yetirməlidirlər?

Qaynarinfo-ya ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev icbari və könüllü əmlak sığortası arasındakı fərqləri, sığorta təminatlarının əhatə dairəsini və müqavilə bağlayarkən diqqət yetirilməli məqamları izah edib.

Pərviz Quliyev bildirib ki, daşınmaz əmlak sığortası çərçivəsində müxtəlif risklər üzrə təminatlar nəzərdə tutula bilər:

“Burada hansı təminatların olduğunu bilmək vacibdir. Məsələn, əsas təminatlar yanğın, subasma, üçüncü şəxslərin qəsdən törətdiyi hərəkətlər və uçan obyektlərin düşməsi nəticəsində yaranan zərərlərlə bağlı ola bilər. Lakin konkret hadisənin sığorta ilə qarşılanması müvafiq təminatın müqavilədə nəzərdə tutulmasından asılıdır.

Məsələn, yanğın baş veribsə, bu, icbari sığorta çərçivəsində qarşılanan risklərdən biridir. Bunun üçün, təbii ki, qüvvədə olan sığorta müqaviləsi olmalıdır. Müqavilə bir il müddətinə bağlanır”.

Ekspertin sözlərinə görə, icbari əmlak sığortasında sığorta haqqı və təminat məbləği əmlakın yerləşdiyi əraziyə uyğun müəyyənləşdirilir:

“Bakı şəhərində mənzilin icbari sığortası üçün illik sığorta haqqı 50 manatdır. Digər regionlarda isə bu məbləğ dəyişir. İcbari sığorta üzrə ödəniş limiti də əmlakın yerləşdiyi ərazidən asılıdır. Bakı şəhərində 25 min manat, Sumqayıt, Gəncə şəhərlərində və Naxçıvanda 20 min manat, digər regionlarda isə 15 min manatadək təminat nəzərdə tutulur.

Yəni evinizin dəyərinin nə qədər olmasından asılı olmayaraq, icbari sığorta üzrə müəyyən edilmiş sığorta haqqı dəyişmir. Eyni zamanda, hadisə nəticəsində dəymiş zərərin məbləği sığorta limitini keçərsə, limitdən artıq hissə icbari sığorta hesabına ödənilmir”.

Pərviz Quliyev qeyd edib ki, zərərin məbləği icbari sığortanın limitini aşdıqda könüllü sığorta əlavə maliyyə təminatı yarada bilər:

“Tutaq ki, yanğın nəticəsində evə 30-40 min manatlıq zərər dəyib. İcbari sığorta üzrə ödəniş limiti 25 min manatdırsa, bu məbləğdən artıq zərər icbari sığorta hesabına qarşılanmayacaq. Belə halda könüllü sığortanın əhəmiyyəti ortaya çıxır.

Əgər ev sahibi əmlakını daha yüksək məbləğdə könüllü sığortalayıbsa, müqavilənin şərtlərindən asılı olaraq, icbari sığortanın limitini aşan zərər də qarşılana bilər. Yəni vətəndaşın həm icbari, həm də könüllü sığortası ola bilər. İcbari sığorta üzrə limit daxilində olan zərər bu sığorta hesabına, limitdən artıq hissə isə könüllü sığortanın şərtlərinə uyğun ödənilə bilər”.

Ekspertin fikrincə, icbari sığorta ilə könüllü sığorta arasındakı əsas fərq təminatın həcmi və müqavilə şərtləridir:

“İcbari sığorta qanunvericiliyin tələbidir və onun müəyyən edilmiş ödəniş limiti var. Könüllü sığorta isə vətəndaşa əmlakının dəyərinə uyğun daha geniş təminat əldə etmək imkanı verir. Əgər şəxs istəyirsə ki, əmlakına daha böyük zərər dəydikdə onun daha çox hissəsi sığorta şirkəti tərəfindən qarşılansın, könüllü sığortadan da istifadə edə bilər”.

Pərviz Quliyev sığorta müqaviləsi bağlayarkən təminatların və istisnaların diqqətlə öyrənilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, könüllü sığorta müqaviləsində bütün risklərin avtomatik olaraq əhatə olunduğunu düşünmək düzgün deyil:

“Müqavilə bağlayarkən ilk növbədə hansı risklər üzrə təminat verildiyinə diqqət yetirmək lazımdır. Məsələn, bəzi risklər bir sığorta məhsulunda nəzərdə tutula, digərində isə olmaya bilər. Terror, müharibə, iğtişaş və tətil kimi hallar standart könüllü sığorta müqavilələrində adətən təminata daxil edilmir. Bunlar xüsusi xarakterli risklərdir.

Yanğın, subasma, sel və digər təbiət hadisələri isə həm icbari, həm də könüllü sığortada təminat predmetinə çevrilə bilər. Ancaq konkret riskin hansı şərtlərlə qarşılandığını müqavilədən yoxlamaq lazımdır”.

Pərviz Quliyev vətəndaşlara əmlak sığortası seçərkən diqqətli olmağı tövsiyə edib:

“Əmlak sığortası seçərkən yalnız sığorta haqqının məbləğinə deyil, həm də təminat limitinə, əhatə olunan risklərə və müqavilədəki istisnalara diqqət yetirmək lazımdır. Əmlakın dəyəri ilə sığorta təminatının həcmi arasında fərq olduqda, hadisə zamanı yaranan zərərin hamısının ödənilməsi mümkün olmaya bilər”.

Günay İlqarqızı