Xəbər lenti

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Dünya21:40 25.10.2026

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,8 dərəcəyə çata bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP Online” məlumat yayıb.

2015-ci ildə imzalanan Paris Sazişindən sonra ölkələrin istixana qazı emissiyalarını azaltmaq istiqamətindəki öhdəlikləri gözlənilən nəticəni verməyib. ABŞ-ın sazişdən ikinci dəfə çıxması da qlobal iqlim mübarizəsini çətinləşdirən amillərdən biri kimi göstərilir.

UNEP-in hesablamalarına əsasən, hazırkı siyasət dəyişməz qalarsa, qlobal temperatur əsrin sonuna qədər 2,8 dərəcə yüksələ bilər. Ölkələr mövcud iqlim öhdəliklərini tam yerinə yetirsələr belə, artımın 2,6 dərəcə olacağı gözlənilir. Bütün elan edilmiş “sıfır emissiya” hədəfləri həyata keçirildiyi halda isə bu göstərici təxminən 2,1 dərəcəyə qədər azala bilər.

2024 və 2025-ci illərdə ümumi emissiyalarda ciddi dəyişiklik qeydə alınmasa da, fosil yanacaqlardan qaynaqlanan tullantıların artmaqda davam etməsi əsas problemlərdən biri olaraq qalır.

Yeni məqsəd: 1,5 dərəcəyə geri qayıtmaq

UNEP 1,5 dərəcə həddinin aşılmasının yalnız temperatur göstəricisi olmadığını vurğulayır. Bu səviyyədən yuxarıda keçirilən hər il buz örtüklərinin əriməsi, donmuş torpaqlarda karbonun açığa çıxması, okean axınlarının dəyişməsi və mərcan ekosistemlərinin zədələnməsi kimi uzunmüddətli nəticələrin riskini artırır.

Qurumun yeni ssenarisinə əsasən, istiləşmənin maksimum 1,8 dərəcədə saxlanılması və əsrin sonuna qədər yenidən 1,5 dərəcədən aşağı salınması hədəflənir. Bunun üçün atmosferdən təxminən 320 milyard ton karbon qazının çıxarılması tələb oluna bilər. Bu həcm hazırkı qlobal emissiyaların təxminən beş illik miqdarına bərabərdir.

Fosil yanacaqlardan istifadə kəskin azaldılmalıdır

Atmosferdən karbonun çıxarılması təkbaşına kifayət etməyəcək. UNEP-in yol xəritəsinə görə, elektrik enerjisi istehsalında kömürdən istifadənin 2035-ci ilə qədər 75 faiz azaldılması, 2040-cı ildə isə tamamilə dayandırılması tələb olunur.

Bundan başqa, neft istifadəsinin 30 faiz, təbii qazdan istifadənin isə 35 faiz azaldılması nəzərdə tutulur. Qlobal istixana qazı emissiyalarının 2040-cı ilə qədər 70 faiz azaldılması da əsas hədəflər sırasındadır.

Lakin mövcud öhdəliklər 2035-ci ilə qədər emissiyaların cəmi 12 faiz azaldılmasına hesablanıb. Günəş və külək enerjisinin sürətlə yayılması müsbət tendensiya kimi qiymətləndirilsə də, dünyada enerji tələbatının artması fosil yanacaqlardan tam imtinanı çətinləşdirir.

BMT-nin yeni yanaşması temperatur artımını sadəcə 1,5 dərəcə ilə məhdudlaşdırmaqdan ibarət deyil. Məqsəd bu hədd aşılsa belə, istiləşmənin mümkün qədər aşağı səviyyədə saxlanılması və qlobal temperaturun əsrin sonuna qədər yenidən 1,5 dərəcədən aşağı salınmasıdır.

Aydın