
İngilis alimi İsaak Nyutonun cazibə qanunlarını və hərəkətin üç qanununu izah etdiyi nadir kitabın ilk nəşrlərindən biri hərracda 576 min dollara alıcı tapıb.
Qaynarinfo xəbər verir ki, “Təbiət fəlsəfəsinin riyazi əsasları” (“Philosophiæ Naturalis Principia Mathematica”) adlı əsər 1687-ci ildə Londonda çap olunub. “The Times of India”nın məlumatına görə, kitabın nadir nüsxəsi oktyabrın 13-də “Christie’s” hərrac evində satışa çıxarılıb.
Nyutonun bu əsəri elmin inkişafında mühüm dönüş nöqtəsi hesab olunur. Alim kitabda hərəkətin üç qanununu və ümumdünya cazibə qanununu sistemli şəkildə izah edib. Bu prinsiplər cisimlərin hərəkətini, onların Yerə düşməsini və planetlərin orbitlər üzrə fırlanmasını anlamağa imkan yaradıb.
Əsərin nəşrində astronom Edmond Halley də mühüm rol oynayıb. O, kitabın hazırlanmasına kömək edib, korrektələri yoxlayıb, elmi təsvirlərin hazırlanmasını izləyib və çap xərclərini öz vəsaiti hesabına ödəyib. Həmin vaxt London Kral Cəmiyyətinin nəşri maliyyələşdirmək üçün kifayət qədər vəsaiti olmayıb.
Hərraca çıxarılan nüsxə təxminən 340 illik tarixə malikdir. Kitabın üz qabığı dövrünə aid dana dərisindən hazırlanıb, səhifələrinin kənarları sarı rəngdədir. Nüsxədə kometanın orbitini əks etdirən açılıb-bağlanan qravüra və çoxsaylı elmi sxemlər də qorunub saxlanılıb.
Bununla belə, kitabın yaşının təsirləri də görünür. Titul səhifəsindəki kiçik cırıq arxa tərəfdən bərpa edilib, bəzi səhifələrdə ləkələr və qaralmalar var. Üz qabığı təmir olunub, küncləri bərpa edilib.
Hərrac kataloquna əsasən, kitab müxtəlif dövrlərdə bir neçə sahibin əlindən keçib. Onun üzərində 1773-cü ilə aid sahiblik qeydi var. Daha sonra nüsxə kitab satıcısı Bernard Quaritchin və britaniyalı aristokrat lord Kennetin ailəsinin kolleksiyasında olub. 2015-ci ildə də “Christie’s” hərracında satışa çıxarılan kitabı həmin vaxt indiki sahibi əldə edib.
Aydın