
Norveçin qərbində, Berqen şəhərinin ətrafında yerləşən mənzərəli Vestland bölgəsi “National Geographic” jurnalının versiyasına görə, 2027-ci ildə səyahət üçün ən yaxşı turizm məkanı elan edilib.
Qaynarinfo xəbər verir ki, nəşrin ekspertləri fiyordlar arasında macəralar yaşamaq və sağlamlıq üçün faydalı istirahət etmək məqsədilə Norveçin bu bölgəsinə səfər etməyi tövsiyə edirlər.
“Norveçin cənub-qərbində yerləşən Vestland bölgəsinin mənzərəsini fiyordlar yarır. Bura sıldırım qayaları, firuzəyi suları və sanki Skandinaviya miflərindən çıxmış kimi görünən gur şəlalələri ilə seçilən vəhşi təbiət diyarıdır. Buradakı təbiət möcüzələrinin miqyası heyrətamizdir: hara getsəniz, sizi möhtəşəm vəhşi təbiət gözləyir”, deyə reytinqin müəllifləri qeyd edirlər.
Ekspertlər xüsusilə Hardanger fiyorduna, Norveçin ən böyük buzlaqlarından birinin yerləşdiyi Folqefonna Milli Parkına, dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə, sapfir mavisi gölün üzərində uzanan məşhur “Trolltunqa” qayasına və uzunluğu 16 kilometrdən çox olan dar Nerey fiyorduna diqqət yetirməyi tövsiyə edirlər.
Vestlandın mərkəzində isə mənzərəli fiyordun sahilində, yeddi dağ zirvəsi ilə əhatə olunmuş Berqen şəhəri yerləşir. Berqen vaxtilə Hanseatik İttifaqın mühüm mərkəzlərindən biri olub. Burada tacirlər dəniz yollarına nəzarət edir və qurudulmuş treska balığının ticarətini həyata keçirirdilər.
Bu gün şəhərin orta əsrlərə aid Brüggen məhəlləsi nağıl dekorasiyasını xatırladır. Daş döşənmiş küçələr, qeyri-adi formalı dam alınlıqları və rəngarəng taxta fasadlı binalar buraya özünəməxsus ab-hava bəxş edir.

Norveçin Berqen şəhəri
“National Geographic”in 2027-ci il üçün hazırladığı reytinqə dünyanın müxtəlif ölkələrindən 25 turizm istiqaməti daxil edilib:
1. Vestland, Norveç
2. Penanq, Malayziya
3. Luksor, Misir
4. Medison, Viskonsin ştatı, ABŞ
5. Puerto-Riko
6. Damfris və Qellouey, Şotlandiya
7. Niiqata, Yaponiya
8. Çendu, Çin
9. Sakit okean sahili magistralı, Kaliforniya, ABŞ
10. Caypur, Hindistan
11. Qrenada
12. Salvador, Braziliya
13. Frouard burnu, Çili
14. Santander, İspaniya
15. Normandiya, Fransa
16. Cənubi Ozark, ABŞ
17. Halifax, Yeni Şotlandiya, Kanada
18. Zaqafqaziya cığırı, Ermənistan
19. Melburn, Avstraliya
20. Leypsiq, Almaniya
21. Baltimor, Merilend ştatı, ABŞ
22. Malavi
23. Maya Kaan, Meksika
24. Qdansk, Qdınya və Sopot, Polşa
25. Ku elap, Peru
Bununla yanaşı, “Oxucuların seçimi” mükafatına ABŞ-ın Kaliforniya ştatının sahillərində yerləşən Katalina adası layiq görülüb.
Aydın