
Qədim Misirdə hökmdarların ölümündən sonra onların yaxın ətrafındakı insanların da öldürülərək məzarların ətrafında dəfn edildiyi ehtimal olunur. Kembric Universitetində saxlanılan 5 min illik kəllələrin müasir məhkəmə-tibbi üsullarla araşdırılması bu fərziyyəni gücləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri məlumat yayıb.
1920-ci illərdə britaniyalı misirşünas Flinders Pitri Misirin cənubundakı Abidos şəhərində yerləşən Umm əl-Qab kral nekropolunda qazıntılar aparıb. Təxminən e.ə. 3000-ci ilə aid olan bu ərazidə birləşmiş Misirin ilk hökmdarları dəfn edilib.
Pitri kral məzarlarının ətrafında yüzlərlə kiçik dəfn yeri aşkar edib. İnsanların hökmdarlarla eyni dövrdə kütləvi şəkildə dəfn olunması onların ritual məqsədilə öldürülmüş ola biləcəyi ehtimalını yaradıb. Lakin həmin dövrdə ölümcül xəsarətlərin birbaşa sübutları tapılmadığından bu nəzəriyyə uzun müddət mübahisəli qalıb.
Arxeoloqun yenidən dəfn etdiyi qalıqlardan saxlanılan bəzi kəllələr sonradan Kembric Universitetinin Dakvort kolleksiyasına daxil olub. Bioarxeoloq Rozelin Kempbell həmin kolleksiyadan 46 kəlləni araşdırıb.
Tədqiqat zamanı onların 18-də, yəni təxminən 39 faizində ciddi kəllə-beyin travmalarının izləri aşkarlanıb. Əksəriyyəti xətti sınıqlar olub. Tədqiqatçının fikrincə, bu xəsarətlər insanlara ölüm anında və ya ona çox yaxın vaxtda yetirilib, sürətli huş itkisinə, daxili qanaxmaya və ölümə səbəb ola bilərdi.
Bəzi kəllələrdə iti alətlə vurulmuş zərbələrin izləri də müəyyən edilib. Alimlər zərbələrin hansı alətlə yetirildiyini dəqiq müəyyənləşdirə bilməsələr də, onların yastı və nisbətən yüngül, ehtimal ki, taxta alətlə vurulduğunu düşünürlər.
Qurbanlar hökmdarlarla birlikdə dəfn edilirdi
Kəllələr I sülalənin üç hökmdarının — Cer və Cet adlı fironların, eləcə də ehtimalən Misiri idarə etmiş qadın hökmdar Meretneytin məzarları ətrafındakı dəfn yerlərindən götürülüb. İlk hökmdarlardan Ahanın məzarı ətrafında cəmi bir neçə əlavə dəfn olduğu halda, digər üç hökmdarın məzarları yaxınlığında yüzlərlə dəfn qeydə alınıb.
Tədqiqatçıların fikrincə, hökmdarların yaxın ətrafındakı insanların ritual məqsədilə öldürülməsi ənənəsi təxminən iki əsr davam edib. E.ə. 2730-cu illərə yaxın, II sülalənin başlanğıcında isə bu cür dəfnlər, demək olar ki, yoxa çıxıb.
Araşdırılan 28 kəllədə ölümcül travma izi aşkarlanmayıb. Alimlər həmin şəxslərin bəzilərinin təbii səbəblərdən öldüyünü, digərlərinin isə boğulma kimi kəllədə iz buraxmayan üsullarla öldürülmüş ola biləcəyini istisna etmirlər.
İnsanlar niyə qurban verilirdi?
Rozelin Kempbell ritual qətllərin iki mümkün səbəbini göstərir. Birinci ehtimala görə, qədim misirlilər hökmdarın xidmətçilərinin ölümdən sonra da ona axirət dünyasında xidmət edəcəyinə inanırdılar. İkinci ehtimala əsasən, belə qurbanlar hökmdarın hakimiyyətini və gücünü nümayiş etdirmək vasitəsi ola bilərdi.
Alim qeyd edib ki, bəzi insanlar axirətdə əbədi həyat və xüsusi hörmət qazanmaq ümidi ilə ölümə könüllü razılıq vermiş, digərləri isə seçilmiş və ya buna məcbur edilmiş ola bilərdi.
Araşdırmada iştirak etməyən Qroningen Universitetinin misirşünası Yakobus van Deyk də yeni nəticələrin erkən Misir sülalələri dövründə ritual qurbanvermə ənənəsinin mövcudluğu barədə fərziyyəni gücləndirdiyini bildirib.
Kempbell gələcəkdə yenidən dəfn edilmiş digər skelet qalıqlarını taparaq araşdırmağı planlaşdırır. Onun fikrincə, həmin qalıqların tədqiqi qədim Misirdə insanların hansı şəraitdə öldüyü və hökmdarların dəfn mərasimlərinin necə təşkil edildiyi barədə daha dolğun təsəvvür yarada bilər.
Aydın