Xəbər lenti

Arxivdə 80 il qalan Şredingerin əlyazması alimləri köhnə mübahisəyə qaytardı
Dünya14:14 25.10.2026

Arxivdə 80 il qalan Şredingerin əlyazması alimləri köhnə mübahisəyə qaytardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiçik hissəciklər dünyasında baş verən hər şey həqiqətən təsadüfdür, yoxsa bunun arxasında gizli bir nizam mövcuddur? Fiziklər təxminən bir əsrdir ki, bu sual ətrafında mübahisə edirlər. İndi isə müzakirələrə keçmişdən yeni bir fikir qoşulub. Söhbət əvvəllər məlum olmayan, Ervin Şredingerə məxsus əlyazmadan gedir.

Qaynarinfo xəbər verir ki, "ScienceAlert” nəşri hələ müstəqil ekspert rəyindən keçməmiş tədqiqata istinadən bu barədə yazıb.

Məlumata görə, üç səhifədən ibarət sənəd Avstriyadakı kolleksiyalardan birində 80 ildən çox dərc olunmadan qalıb. Onu Cenevrə Universitetinin fizika tarixçisi Flavio Del Santo aşkar edib. Əlyazmanın ən maraqlı cəhəti Şredingerin özünün tam dəstəkləmədiyi bir ideyanın mümkünlüyünü müdafiə etməsidir.

Mübahisənin mərkəzində determinizm dayanırdı. Bu anlayışa görə, hər bir hadisə ondan əvvəl baş verən hadisələrdən qanunauyğun şəkildə irəli gəlir. Sadə dillə desək, havaya atılan qəpik yalnız uçuşuna təsir edən bütün amilləri bilmədiyimiz üçün təsadüfi şəkildə yerə düşürmüş kimi görünür.

Kvant mexanikası isə ölçmənin dəqiq nəticəsini müəyyənləşdirmək əvəzinə, adətən yalnız ehtimalları göstərir. Buna görə də alimlər belə bir sual üzərində düşünürdülər: bu, təbiətin fundamental xüsusiyyətidirmi, yoxsa hər şeyi əslində müəyyən edən, hələ kəşf edilməmiş “gizli dəyişənlər” mövcuddur?

1940-cı illərdə bu məsələ “Nature” jurnalının səhifələrində qızğın müzakirələrə səbəb olmuşdu. Mübahisələrə riyaziyyatçı və fizik Edmund Teylor Uitakerin 1943-cü ildə söylədiyi mühazirə təkan vermişdi. O, fotonlarla, yəni işıq hissəcikləri ilə aparılan təcrübələrə və polyarizasiya filtrlərinə əsaslanaraq gizli dəyişənlərin mövcud olmadığını irəli sürürdü.

Kvant mexanikası belə bir filtrdən fotonların hansı hissəsinin keçəcəyini hesablaya bilər, lakin konkret bir fotonun keçib-keçməyəcəyini əvvəlcədən söyləyə bilməz. Uitaker hesab edirdi ki, əgər foton özündə əvvəlcədən müəyyənləşdirilmiş bir “təlimat” daşısaydı, filtrin istiqamətini dəyişdikdə həmin təlimat qüvvəsini itirərdi. O, buradan belə nəticəyə gəlirdi ki, ölçmənin nəticəsi əvvəlcədən müəyyən edilə bilməz.

1944-cü ilin noyabrından sonra yazılmış əlyazmada Şredinger bu mülahizənin zəif nöqtəsinə diqqət çəkib. Uitaker gizli dəyişənin yalnız iki qiymət ala biləcəyini qəbul edirdi. Halbuki həmin dəyişən sıfırla bir arasındakı istənilən qiyməti ala bilərdi.

Bundan sonra Şredinger fotonun taleyinin həm bu dəyişəndən, həm də filtrin mövqeyindən asılı olduğu riyazi model qurub. Mövcud məlumatlara görə, bu model sözügedən təcrübədə kvant mexanikası ilə eyni ehtimalları verirdi, lakin ayrı-ayrı hadisələr artıq təsadüfi xarakter daşımırdı.

Fizik həmçinin foton filtrdən keçdikdən sonra gizli dəyişənin necə dəyişdiyini təsvir etmişdi. Beləliklə, model ardıcıl aparılan bir neçə ölçmənin nəticələrini də izah edə bilərdi.

Bununla belə, Şredinger kvant mexanikasının tam deterministik izahını təqdim etməyib. O, yalnız Uitakerin irəli sürdüyü təkzibin əsaslı olmadığını göstərib.

Alimin bu işi niyə dərc etmədiyi dəqiq məlum deyil. Del Santonun fikrincə, Şredinger 1944-cü ildə nəşr olunmuş və Henrix Peltserə məxsus oxşar modeldən xəbər tutmuş, etirazının mahiyyətinin artıq başqa müəllif tərəfindən dərc edildiyini düşünərək öz işini yayımlamaqdan vaz keçmiş ola bilər.

Bu hekayənin ən gözlənilməz tərəfi isə Şredingerin öz mövqeyidir. Nəşrin xatırlatdığı kimi, müasir kvant mexanikası formalaşmamışdan əvvəl də alim təbiət qanunlarının mahiyyət etibarilə statistik ola biləcəyini qəbul edirdi. O, klassik determinizmi hətta fəlsəfi qərəz adlandırırdı.

“İndeterminizmin lehinə ən güclü arqument kvant mexanikasından daha qədimdir”, – fizik tapılmış əlyazmasında yazıb.

Başqa sözlə, Şredinger özü də təsadüfiliyin təbiətin mahiyyətinə xas olduğu fikrinə meyilli idi. Lakin elmi dürüstlük ona yalnız şəxsi baxışlarına uyğun gəldiyi üçün yanlış sübutu qəbul etməyə imkan verməyib.

Aydın