Xəbər lenti

"Google"un süni intellekt layihəsi üçün 400 min ağac kəsildi - Canavarlar kəndlərə üz tutdu
Dünya16:27 24.10.2026

"Google"un süni intellekt layihəsi üçün 400 min ağac kəsildi - Canavarlar kəndlərə üz tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Finlandiyada Google-un süni intellekt infrastrukturu üçün planlaşdırdığı məlumat mərkəzləri ətraf mühitə təsirləri ilə bağlı ciddi narazılıqlara səbəb olub. Layihələr çərçivəsində iki ərazidə ümumilikdə təxminən 400 min ağacın kəsildiyi bildirilir. Yerli sakinlər meşələrin məhv edilməsindən sonra vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşdığını, su mənbələrinin isə çirklənmə riski ilə üzləşdiyini iddia edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” nəşrinə istinadən Türkiyənin “CHIP” nəşri məlumat yayıb.

Məlumata görə, Google-un Muhos və Kajaani yaxınlığında həyata keçirməyi planlaşdırdığı layihələr üçün geniş ərazilərdə ağac kəsintisi aparılıb. Muhosdakı layihə çərçivəsində təxminən 330 hektar ərazidə 250 min ağacın kəsildiyi, digər sahədə isə əlavə 150 min ağacın məhv edildiyi ehtimal olunur.

“Canavarlar kəndlərə gəlməyə başlayıb”

Meşələrin qırılması yerli sakinlərin və təbiət müdafiəçilərinin etirazına səbəb olub. Onların sözlərinə görə, ağacların kəsilməsi vəhşi heyvanların yaşayış mühitini daraldıb, nəticədə heyvanlar qida axtarışında kəndlərə yaxınlaşmağa başlayıblar.

Yerli sakin Anni Ranta “The Guardian”a açıqlamasında deyib ki, meşədə yaşayan vəhşi heyvanların ərazidən uzaqlaşması ilə canavarlar kəndə gəlməyə başlayıb.

Ranta məlumat mərkəzlərinin gələcək fəaliyyəti nəticəsində yaranacaq səs-küydən də narahatdır. O, ərazidəki sərt qayalıq səthin səsi daha güclü əks etdirdiyini və bunun yaşayış şəraitinə mənfi təsir göstərə biləcəyini bildirib.

Muhos sakini Antti Jakonen isə şirkətdən bölgənin ekoloji problemlərinin aradan qaldırılmasına töhfə verməsini istəyib. O, xüsusilə illər əvvəl su elektrik stansiyalarının fəaliyyəti nəticəsində azaldığı bildirilən yerli qızılbalıq populyasiyasının bərpasına dəstək göstərilməsini təklif edib.

Finlandiya Təbiəti Mühafizə Assosiasiyasının rəhbəri Hanna Halmeenpää da geniş ərazidə ağacların kəsilməsinə sərt reaksiya verib.

Rəsmi qurum işlərin dayandırılmasını tələb edib

Məsələ Finlandiyanın dövlət qurumlarının da diqqətini çəkib. Ölkənin Lisenziyalaşdırma və Nəzarət Qurumu Google-un layihələri həyata keçirən Tuike Finland Oy şirkətindən iki məlumat mərkəzinin ərazisində ətraf mühitə təsir göstərə biləcək hazırlıq işlərini dayandırmağı tələb edib.

Qurumun açıqlamasına görə, ərazilərdə ağacların kəsilməsi, torpağın üst qatının götürülməsi, tikinti yollarının və saxlama sahələrinin yaradılması, eləcə də suötürücü qurğularda dəyişikliklər kimi işlər aparılıb.

Qurumun Ətraf Mühit Departamentinin rəhbəri Tommi Muilunun sözlərinə görə, bu fəaliyyətlərin təbiətə təsiri müəyyənləşdirilməli və qiymətləndirilməlidir. Ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunun əsas məqsədlərindən biri də məhz budur.

Şirkətə işləri dayandırmaq üçün oktyabrın 23-dək vaxt verildiyi bildirilir.

Çayların suyunun rəngi dəyişib

Yerli sakinlər ağac kəsintisi aparılan ərazilərdən axan suların qəhvəyi rəng aldığını və Oulujoki çayını qidalandıran kiçik su mənbələrinin çirklənmədən təsirləndiyini iddia edirlər.

Google-un Finlandiyadakı rəhbər şəxslərindən Antti Järvinen isə şirkətin genişmiqyaslı ağac kəsintisi üçün lazımi hüquqi icazəyə malik olduğunu düşündüyünü açıqlayıb. Bununla belə, şirkətin mövqeyi təbiət müdafiəçilərinin narazılığını aradan qaldırmayıb.

Təbiətin mühafizəsi üzrə ekspert Vesa Hyyryläinen də bu qədər böyük meşə sahəsinin itirilməsinin zəruriliyini sual altına alıb.

Google isə baş verənlərə görə üzr istəyərək su ehtiyatlarının qorunması istiqamətində tədbirlər görəcəyini və Muhosda təxminən 321 hektar deyil, 321 dönümə yaxın ərazidə yenidən ağac əkəcəyini bildirib.

15 milyard dollarlıq investisiya

Finlandiyadakı layihələr Google-un süni intellekt infrastrukturu və məlumat mərkəzlərini genişləndirmək üçün elan etdiyi təxminən 15 milyard dollarlıq investisiyanın tərkib hissəsidir. Şirkət bu sərmayəni sentyabrın 9-da açıqlayıb.

Məlumat mərkəzlərinin əleyhdarları texnologiya şirkətlərinin süni intellekt imkanlarını sürətlə genişləndirmək naminə ekoloji prosedurları lazımi səviyyədə gözləmədiyini iddia edirlər. Əsas mübahisə isə iqtisadi və texnoloji inkişafla təbiətin qorunması arasında tarazlığın necə təmin ediləcəyi ətrafındadır.

Böyük məlumat mərkəzlərinin enerji və ətraf mühitə təsiri ABŞ-da da müzakirə mövzusudur. Nyu-York ştatının qubernatoru Keti Hokul iyul ayında elektrik şəbəkəsindən istifadə etmək istəyən iri məlumat mərkəzləri üçün yeni icazələrin verilməsini bir ilədək dayandırmağa imkan verən qərar imzalayıb.

Finlandiyada baş verənlər süni intellekt sahəsinə yatırımların artdığı bir vaxtda bu layihələrin təbii ehtiyatlara, meşələrə və yerli icmaların həyatına təsirinin necə qiymətləndirilməli olduğu barədə müzakirələri yenidən gündəmə gətirib.

Aydın