Xəbər lenti

Zelenski: "Biz müharibəni dayandırmağa hazırıq"
Dünya12:50 24.10.2026

Zelenski: "Biz müharibəni dayandırmağa hazırıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa hazır olduqlarını, bunun üçün isə mövcud cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını qəbul edə biləcəklərini bildirib. Bununla yanaşı, Kiyev işğal altındakı əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımaq niyyətində deyil.

Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə “ABC News” telekanalına müsahibəsində danışıb.

“Biz bu müharibəni mümkün qədər tez dayandırmağa hazırıq”, deyə Ukrayna lideri vurğulayıb.

Ukraynanın ərazilərinin 25 faizindən imtina etməyə razı olub-olmadığı barədə suala cavab verən Zelenski Rusiyanın hazırda ölkə ərazisinin 19,3 faizinə nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynanın Donbasdan öz iradəsi ilə çıxması Moskvanın nəzarətində olan ərazilərin payının 25 faizə yüksəlməsi demək olardı.

Prezident işğal altındakı Donbas ərazilərinin Rusiyanın ərazisi kimi tanınması təklifini qəbul etməyəcəklərini də vurğulayıb.

Zelenski hazırkı şəraitdə Ukraynanın güclü orduya, güclü dövlət rəhbərliyinə və xalqın birliyinə ehtiyacı olduğunu bildirib. O, ölkəyə göstərilən təzyiqlərə cavab verəcəyini və Ukraynanın özünü qorumaq üçün qətiyyətli mövqe tutmalı olduğunu qeyd edib.

Ukrayna lideri ABŞ-dan Rusiyada ballistik raketlərin buraxıldığı ərazilərdə “Starlink” peyk rabitə sistemini aktivləşdirməyi də istəyib. O bildirib ki, Rusiya müharibəni dayandırmasa, Ukrayna mübarizəni davam etdirəcək.

Zelenski, həmçinin müttəfiqləri Rusiyanın raket istehsalına qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Onun sözlərinə görə, Rusiya ballistik raketlərinin komponentlərinin təxminən 70 faizi Asiya, ABŞ və Avropa ölkələrindən əldə edilir.

Aydın