
Dünyəvi dövlət modeli Azərbaycanın tarixi inkişafında, cəmiyyətdə dini dözümlülüyün formalaşmasında və beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayır. Din və dövlət münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, vicdan azadlığının qorunması və bütün dini etiqadların qanun qarşısında bərabərliyi bu modelin əsas prinsiplərindəndir.
Bəs Azərbaycanın dünyəvilik ənənələri hansı üstünlükləri ilə seçilir və bu prinsiplərin qorunması nə üçün vacibdir?
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanın dünyəvi dövlət modeli ölkənin həm tarixi inkişafında, həm də müasir dövrdə beynəlxalq aləmə inteqrasiyasında mühüm əhəmiyyət daşıyır:
"Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu məkanlardan biri kimi tanınır. Ölkənin tarixi-mədəni inkişafında zərdüştilik, islam, xristianlıq və yəhudilik ənənələrinin özünəməxsus yeri olub. Bu dini müxtəliflik Azərbaycanın zəngin mədəni irsinin formalaşmasına təsir göstərib.
Müasir Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlət münasibətlərinin dünyəvilik prinsipi əsasında qurulması, dini etiqad azadlığı və qanun qarşısında bərabərlik kimi müddəalar təsbit olunub".
Dosent bildirib ki, Konstitusiyada din və vicdan azadlığı fundamental insan hüquqları sırasında yer alır, dünyəvilik, bərabərlik, fərdi seçim azadlığı prinsiplərinə əsaslanır:
"Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Konstitusiyamızda hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək və ya başqaları ilə birgə etiqad etmək və ya etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var. Bu mənada, dini mərasimlərin icrası ictimai qaydanı və ya ictimai əxlaqı pozmadıqda sərbəstdir”.

Elnur Mustafayevin sözlərinə görə, dünyəvilik prinsipi Azərbaycanın demokratik və hüquqi dövlət kimi formalaşmasına töhfə verir. Dövlət idarəçiliyində qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların bərabərliyi kimi dəyərlərin ön plana çəkilməsi cəmiyyətin müasir inkişafı üçün imkanlar yaradır:
"Azərbaycanın dünyəvi dövlət modeli ölkənin həm tarixi inkişafında, həm də müasir dövrdə beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayır. Dünyəvilik prinsipi Azərbaycanın demokratik və hüquqi dövlət kimi formalaşmasına da böyük töhfə verir. Bu mənada, dövlət idarəçiliyində qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların bərabərliyi kimi dəyərlər ön plana çəkilir. Bu isə cəmiyyətin müasir inkişafına, təhsil və elm sahələrinin tərəqqisinə geniş imkanlar yaradır. Dünyəvi təhsil sistemi isə gənc nəslin elmi biliklərə yiyələnməsinə və qlobal rəqabətə hazır kadrlar kimi yetişməsinə kömək edir".
Onun fikrincə, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında da dünyəvi dövlət modelinin əhəmiyyəti böyükdür:
"Azərbaycanın dünyaya inteqrasiyasında dünyəvi dövlət modelinin xüsusi əhəmiyyəti var. Dünyəvi və tolerant ölkə imici Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirir, xarici dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafına şərait yaradır. Azərbaycan müxtəlif beynəlxalq forumlara ev sahibliyi edir, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində fəal iştirak edir. Bu da ölkənin beynəlxalq nüfuzunun artmasına və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanınmasına xidmət edir".
Elnur Mustafayev Azərbaycanın dünyəvi dövlət modelinin ölkənin sabitliyi, milli birliyi və demokratik inkişafı baxımından əhəmiyyətini qeyd edib:
“Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanın dünyəvi dövlət modeli ölkənin sabitliyinin, milli birliyinin və demokratik inkişafının əsas dayaqlarından biridir. Eyni zamanda, bu model Azərbaycanın müasir dünyanın tələblərinə uyğun inkişaf etməsinə, müxtəlif ölkələrlə sıx əlaqələr qurmasına və beynəlxalq aləmdə layiqli mövqe tutmasına mühüm töhfə verir. Buna görə də dünyəvilik prinsipi Azərbaycan dövlətçiliyinin və gələcək inkişafının vacib təminatlarından biri hesab olunur”.
Günay İlqarqızı